Cəsur jurnalistikadan sağlam maarifçiliyə

Natiq Cavadlı. Foto: Meydan TV

Sənin azad qələminin həqiqəti axtarması və azad ruhunun pərvazlanmalı olduğu bir cəmiyyətdə olmadığın üçün məyusam

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı “Facebook” səhifəsində Meydan TV-nin hazırda həbsdə olan əməkdaşı Natiq Cavadlı barədə yazı paylaşıb.

“Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi”.

Məmməd Talıblı yazıb ki,  Natiq Cavadlı çağdaş dövrün gerçəkliklərini tarixi nöqteyi-nəzərindən retrospektiv baxışla tanış etməklə nəticələri hasil edə bilirdi və onun tərcümanını cəmiyyətə ötürürdü. 

Məhəmməd Talıblının şəxsi arxivindən

“Natiq Cavadlı ruhu diri adamdır. Fəlsəfə bulağının suyunu içənlərdən idi. Asif Ata ocağından çıxmış insan idi. “Mütləqə həqiqətən” konsepsiyasının Asif Atadan gəlmə özəlliklərini sözdə yox, əməldə yaşatmağı bacaran çox nadir insanlardan idi. Mən o ocaqdan gəlmiş insanları əsasən tanıyıram. Tam cəsarətlə deyirəm ki, Natiq Cavadlı o həqiqətə tapınan və onu yaşantılarına köçürməyi bacaran barmaqla sayılacaq nadir və cəsarətli insanlardandır”.

Məmməd Talıblı yazısında qeyd edir ki, Natiq Cavadlı istənilən elmi yeniliyə və kitaba xüsusi marağı ilə seçilən jurnalist idi. Hansı kitabın motivi onda maraq yaradırdısa, onunla daha da dərindən maraqlanmağa başlayırdı. Maraq dairəsi geniş və motivasiyası üstün idi.

“Dombisa Moyonun “İMF-in ölüm yardımları” kitabında bəhs edilən Cənubi Afrikanın 1 trilyon dollarlıq borc bataqlığı ilə bağlı bir iqtisadi mətn yazmışdım. Üzərindən bir neçə dəqiqə sonra gecə saatlarında zəng etdi. Utandırıcı bir nəzakətlə o kitab haqqında qısa danışmağımı xahiş etdi. Bir neçə dəqiqəlik giriş və sual-cavab mövzu ətrafında geniş müzakirəmiz yarandı. Jurnalistikadan mənimsədiyi ustalıqla suallarla əhatəli cavab alma texnikası çox möhtəşəm idi”.

“Və nəhayət sonda söhbətimizdən sonra isə boynuma bir öhdəlik qoydu ki, həmin kitabla bağlı bir məqalə yazım. Natiq, yazacam. Amma sən onu azadlıqda ikən xahiş etmişdin. Mən isə indi həmin yazını qapalı rejimdə oxuyacağın üçün çox məyusam. Afrika iqtisadiyyatındakı xarici borc üçün məyus deyiləm, sənin kimi cəsarətli və işıqlı bir insanın işıqdan məhrum olması üçün məyusam. Sənin azad qələminin həqiqəti axtarması və azad ruhunun pərvazlanmalı olduğu bir cəmiyyətdə olmadığın üçün məyusam. İstedadının basdırılması üçün məyusam…– Məmməd Talıblı belə yazıb.

Natiq Cavadlı Meydan TV-nin digər əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov ilə birlikdə ötən ilin dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmirlər.

Meydan TV əməkdaşları tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Son 13 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub.

Ana səhifəMeydan TV işiCəsur jurnalistikadan sağlam maarifçiliyə