Cənubi Osetiyalı jurnalist “prezidentlə söhbət”ə döyülərək aparıldığını deyir

Aleksandr Kelexsaev, foto: Şəxsi Facebook səhifəsi

Jurnalist Baş Prokurora mürtaciət edib 

Cənubi Osetiyalı jurnalist Aleksandr Kelexsaev Baş Prokurorluğa müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının onu Cənubi Osetiya prezidenti Alan Qaqloyevlə “söhbətə” aparmaq üçün döydüklərini iddia edib.

Kelexsaev iddia edib ki, çağırılması və döyülməsi “Facebook”da qapalı bir qrupda yazdığı şərhlə əlaqədardır. 

O, həmin şərhində elektrik və qaz qiymətlərinin artmasına qarşı narazılığını bildirib.

Kelexsaev açıq-aşkar satirik şəkildə yazıb və ölkənin idarəetməsinə ironiya ilə yanaşıb: 

“Qiymətlər [elektrik və qaz tarifləri] artıb? Çox yaxşı, nəhayət… Nə isə, bir az gec oldu. Mən bunu hiss etdim. Bu, vaxt məsələsi idi. Yaşamaq “daha yaxşı” olur, yaşamaq “daha əyləncəli” olur. Mən insanın belə sərbəst nəfəs aldığı başqa ölkə tanımıram”. 

“Vahid Osetiya” müxalifət partiyasının yaydığı videomüraciətdə Kelexsaev bildirib ki, çərşənbə günü gecə onun evinə mülki və hərbi geyimli şəxslər gələrək özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim ediblər. 

Kelexsaevin sözlərinə görə, suallarını cavablandırmaq üçün ondan maşına minməsini xahiş ediblər, lakin o bundan imtina edib.

“Hər şey evimin ön qapısının qarşısında baş verirdi və mən qapının dəstəyindən tutduğum zaman onlardan biri məni tutdu və qolumu bükməyə başladı. Xilas ola bildim və bu zaman hərbi formada olan başqa bir heyət üzvü işə qarışdı. Görünür, təkbaşına mənim öhdəmdən gələ bilmədilər. Mən yenə də müqavimət göstərməyə çalışdım. Sonra hərbi formada olan daha iki gənc zabit oğlan maşından atıldı. Təbii ki, dördü məni yerə yıxıb büküb  […] sonra məni qaldırıb əşya kimi maşına mindirdilər. Papağım və ayaqqabım çıxdı və o biabırçı vəziyyətdə məni Alan Eduardoviç Qaqloyevin kabinetinə apardılar. Prezident ofisinə ayaqqabısız! Bu, ümumiyyətlə, nə dərəcədə məqsədəuyğundur?”, – deyə Kelexsayev videoda bildirib.

O, Qaqloyevlə “normal” söhbət etdiklərini və “zərif şəkildə danışdıqlarını” deyib.

“O mənə rəyimi göstərib dedi ki, ona qarşı çox şey var; bu bir növ informasiya müharibəsidir və o bundan artıq yorulub”, – deyə Kelexsaev iddia edib.

Daha sonra Kelexsaev döyülmələri sənədləşdirərək Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edib. 

Baş Prokurorluq yaydığı açıqlamada bildirib ki, həkim sənədinə görə, Kelexsaev “sağ yanaq sümüyündə göyərmə” xəsarəti alıb.

Prezident administrasiyası RES dövlət xəbər agentliyinə Qaqloyevin, həqiqətən də, Kelexsaevlə görüşdüyünü təsdiqləyib: 

“Bu müddət ərzində Kelexsaev kənd təsərrüfatının inkişafı üçün torpaq sahəsi ilə bağlı müraciətinə müsbət cavab aldı”.

RES-ə açıqlama verən Kelexsaev prezidentə qarşı heç bir iddiasının olmadığını, lakin Birləşmiş Osetiya tərəfindən yayımlanan videomüraciətdə onun məcburi çağırılmasını adam oğurluğu hesab etdiyini bildirib.

Mənim üçün anlaşılan deyil ki, niyə […] məni hüquq müstəvisində zorakılıq tətbiq etmədən, insan hüquqlarını pozmadan sadəcə söhbətə çağırmaq mümkün olmadı? Məncə, baş verənlər “Vahid Osetiya” Partiyasının üzvlərinə qarşı hədə-qorxu aktıdır ki, gələcəkdə kiməsə şərh yazmağa imkan verilməsin. Məni residivist, cinayətkar kimi evimdən çıxarıblar. Bir daha deyirəm, bunu hədə-qorxu hadisəsi kimi qiymətləndirirəm və bu, Cinayət Məcəlləsinin 126-cı maddəsindəki “adam oğurluğu”dur”, – deyə o bildirib.

Kelexsaev OC Media-nın şərh almaq üçün göndərdiyi sorğuya cavab verməyib.

Eyni zamanda, Kelexsaev mübahisələrdən uzaq deyil və özü də digər jurnalistlərə qarşı zorakılığı açıq şəkildə dəstəkləyib. 

Həmçinin iddialara görə, başqalarına şəxsi şəkildə təhdidlər də edib.

2021-ci ildə Kelexsaev, Cənubi Osetiyanın müdafiə nazirinin müavini tərəfindən dişi sındırılan Şimali Osetiyalı həmkarı Ruslan Totrova edilən hücumu dəstəklədiyini ifadə edib.

O, “Facebook”da hücumla bağlı xəbərin şərhində yazıb: 

“Ona yumşaq rəftar edildi… Bir az təhsil. Qoy o, [Şimali Osetiya-Alaniya Respublikası] və ya Federal Mərkəzin rəhbərləri haqqında da oxşar fikirləri söyləməyə çalışsın. O, bütün həyatı boyu diş həkiminə maaş vermək üçün çalışacaq”.

Bundan əlavə, Kelexsaevin özünün də həmkarlarını təhdid etdiyi iddia edilir. 2018-ci ildə jurnalist İrina Kelexsaeva (hansısa əlaqələri yoxdur) iddia edib ki, Kelexsaev ona şahidlərin qarşısında “başından vuracağını” deyib.

Kelexsaevin müraciət etdiyi şəxsin – Baş Prokurorluğun rəhbəri Grigory Sobaevində adı zorakılıq hallarında keçib. 

2024-cü ilin sentyabrında Sobaev kompromat məlumatları sızdırmaqda şübhələndiyi keçmiş əməkdaşını döyüb. 

Məlumatlara görə, Sobaev keçmiş əməkdaşının evinə hücum çəkib: “Düşmənlərimi basdırdığımı bilirsən”, – deyə bağırıb. 

Hadisənin şahidləri olsa da, qurban şikayət ərizəsi verməyib. 

Qaqloyev hadisə ilə bağlı heç bir şərh verməyib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərCənubi Osetiyalı jurnalist “prezidentlə söhbət”ə döyülərək aparıldığını deyir