Cəmil Həsənli Əliyevin bayram təbrikini “inkişaf nağılı“ adlandırdı 

Cəmil Həsənli, Foto: Meydan TV

“Hakim ailənin mülkləri yerləşən Birləşmiş Krallıqda bir saatlıq əməkhaqqının minimum məbləğı 14 funtdur”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı çıxışını şərh edib

Əliyev 2025-ci il yanvarın 1-də çıxışı zamanı Azərbaycanda iqtisadi inkişafdan danışıb, həmçinin bəzi göstəricilərə toxunub, rəqəmlər səsləndirib

Milli Şura sədri deyir ki, Azərbaycan iqtisadi inkişafına görə, dünya ölkələri sıralamasında 90-dan sonrakı yerlərdədir. 

“Azərbaycandan adam başına düşən ÜDM Yeni Kaledoniyadan 5.2 dəfə aşağıdır“

O, Əliyevin çıxışını “inkişaf nağılı“ adlandırıb: 

“2024-cü ilin son dəqiqələrində İlham Əliyev 21-ci dəfə Azərbaycan xalqına yeni il təbriki ilə, əslində isə 21-ci dəfə inkişaf nağıl ilə çıxış etdi. Dedi ki, ölkəmiz 2024-cü ildə inamla inkişaf etmişdir. Bu inamlı inkişafın nəticəsi kimi ölkədə adambaşına düşən Ümumu Daxili Məhsul (ÜDM)  7 125 ABŞ dollarına çatıb. Yeri gəlmişkən, müqayisə üçün deyək ki, İlham Əliyevin Fransa “neokolonializmindən” azad etmək istədiyi  Yeni Kaledoniyada bu göstərci 37 min dollar ətrafındadır. Yəni müstəqil Azərbaycandan adambaşına düşən ÜDM, Fransanın dəniz arxası ərazisi hesab edilən Yeni Kaledoniyadan 5,2 dəfə aşağıdır. 5,2 faiz yox, 5,2 dəfə”

Həsənli qeyd edib ki, ölkədə alternativ informasiya mənbələri qapadıldığından xalqa istənilən rəqəmi təqdim etmək mümkündür: 

“İnkişafın əsas amili olan bu göstəriciyə görə, Azərbaycan dünya ölkələri sıralamasında 90-cı yerdən o tərəfi bölüşür və hətta bir sıra üçüncü dünya ölkələrindən də aşağıda dayanır. Şübhəsiz ki, alternativ informasiya mənbələri qapadılanda, istənilən rəqəmi millətə inkişaf kimi təqdim etmək mümkündür. Öz bayram təbrikində İlham Əliyev millətə gözaydınlığı verir, deyir ki,  hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər”. 

“72 milyard valyuta ehtiyatı olan ölkənin vətəndaşının əməkhaqqı və pensiyası nə qədərdir?“

Milli Şura sədrinin sözlərinə görə, hər bir rəqəmin arxasında real həyat hekayəsi dayanmalıdır: 

“72 milyard valyuta ehtiyatı, 5,2 milyard xarici borcu olan ölkənin vətəndaşının əməkhaqqı və pensiyası nə qədərdir? Az qala işləyən əhalinin yarıya qədəri minimum – 345 manat və ona yaxın (yəni 202 Amerika dolları) əmək haqqı, 1 milyon 100 min pensiyaçının 50 faizi 350 manat (yəni 204 dollar), 100 mindən artığı isə 280 manat (yəni 166 dollar) pensiya alır. Bəs belə rüsvayçı rəqəmlər hansı inkişaf etmiş ölkələrdə var? Azərbaycan vətəndaşının bir günlük əməkhaqqı həmin o inkişaf etmiş ölkələrin vətəndaşlarının 1 saatlıq minimum əməkhaqqından da 2 dəfə aşağıdır. Məsələn, həmin inkişaf etmiş ölkələrdən biri kimi hakim ailənin mülklərinin yerləşdiyi Birləşmiş Krallıqda bir saatlıq əməkhaqqının minimum məbləğı 14 funtddur. Bu millətə əməkhaqqı, pensiya əvəzinə sədəqə əta edib hələ bir bunu inkişaf etmiş ölkələrlə də müqayisə edirlər. Bu ilin fevralından 72 milyard valyuta ehtiyatı olan ölkədə minimum əməkhaqqı 400 manat, minimum pensiya da 320 manat olacaq və hələ bu artımdan sonra heç bir təbii ehtiyatları olmayan Gürcüstan və Ermənistanın analoji rəqəmlərindən aşağı olan bu rəqəmləri boyük nailiyyət kimi yeni il təbrikində səsləndirir, adını da qoyurlar insanların güzəranın, sosial müdafiəsinin” gücləndirilməsi“. 

”Vətəndaşlar iş üçün Rusiyaya hicrət edirlər”

“72 milyard valyuta ehtiyatı olan ölkə 18 ildir uşaq pulu vermir, vətəndaşa 202 dollar əməkhaqqı, bir o qədər də pensiya əta edir. Bir milyondan çox əmək qabiliyyətli vətəndaşı iş və çörək dalınca Rusiyaya hicrət edir. Nəticədə bu 18 il ərzində Prezidentin iki gənc övladı hələ ki, aşkarlanan 13 milyard dollar dəyərində sərvətə sahiblənir”, – Cəmil Həsənli qeyd edib. 

Professor İlham Əliyevin hərbi büdcə ilə bağlı səsləndirdiyi rəqəmlərə də toxunub: 

“İlham Əliyev həm də bəyan etdi ki, bu il hərbi büdcə rekord həddə çatıb: 8,4 milyard manat səviyyəsinə qalxıb. Yəni 2025-ci il büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard, hərbi xərclər isə 8,4 milyard manat. Ən maraqlısı isə bu 8,4 milyard manat müdafiə və milli təhlükəsizlik xərclərinin yarısı – 4,7 milyardı büdcə paketində müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər adı altında gedir. Nədən ibarətdir bu digər fəaliyyətlər? Axı hələ biz ölkə torpaqların işğal altında olduğu dövrdə müdafiə sahəsində olan dəhşətli korrupsiya və mənimsəmə hallarının şahidi olmuşuq. Rusiyanın “Rosoborn” şirkəti, İsraildən silah alınması müamiləsində böyük korrupsiya faktları ortaya çıxmışdı. Müdafiə Nazirliyi sistemində bir qrup yüksək rütbəli zabitlərin korrupsiya əməllərinin məhkəməsi illərdir ki, davam edir. Büdcənin üzərində ictimai nəzarətin olmadığı, mətbuatın boğulduğu, vətəndaş cəmiyyətinin şumlandığı bir şəraitdə bu “digər xərclər” necə xərclənəcək? Bu da ciddi suallar doğurur”

“İlham Əliyevin yeni il təbrikində belə bir giley-güzar var: “Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir”. Bu məsələ ilə bağlı mənim hələ 2005-ci ilin iyun ayında mərhum akademik Cəlal Əliyevlə çox kəskin mübahisəm oldu. Onda Cəlal müəllim bəyan etmişdi ki, bu qeyri-hökumət təşkilatları hamısı Amerikanın agentləridir. Agent deyib onları boğdular. Və Cəlal müəllimin varisi də 14 milyon funt sterlinq pulu apardı Britaniyaya, onun da 4 milyon funtunu London məhkəməsi müsadirə etdi”, – Milli Şura sədri vurğulayıb. 

“Alternetiv səslər susdurulub…“

O, ölkədə korrupsiya ilə yanaşı, siyasi həbslər və repressiyaların da olduğunu deyib, eyni zamanda, Azərbaycandakı problemlərin səbəbini alternativ səslərin susudurulmasında görüb: 

“Əlbəttə, vətəndaş cəmiyyəti olmayan ölkədə korrupsiyanı şəbəkələşdirmək, dünya paytaxtlarını məhəllə-məhəllə almaq, büdcəni dədə malı kimi həzmürabedən keçirmək, “ağıllı kənd” tikmək, hətta vətənpərvərlik dalğasında qiymət şişirtməsindən milyonlar talamaq daha asandır. Səbəb də budur. 7 gözəl qızın (Sevinc, Aynur, Nərgiz, Elnarə, Aytac, Xəyalə, Aysel) tutulması da, “AbzasMedia”nın, “Toplum TV”-nin, Meydan TV-nin, “Kanal 13″-ün əməkdaşlarının kollektiv həbsi (1937-dən sonra Azərbaycanda ilk dəfə yenidən belə kollektiv həbslər oldu), Tofiq Yaqublu, Qubad İbadoğlu, Anar Məmmədli, Ələsgər Məmmədli, Hafiz Babalı, Ülvi Həsənli, Rüfət Səfərov, Akif Qurbanov, Azər Qasımlı,  Natiq Cavadlı, Ruslan İzzətli, Əziz Orucov, Nazim Bəydəmirli, Ramin Deko,  Elxan Əliyev, Niyaməddin Əhmədov, Əlzamin Salayev, Fərid Mehralızadə, Emin İbrahimov, Tale Bağırzadə, Abbas Hüseyn, Teymur Kərimov, Əhsən Nuruzadə, Əvəz Zeynallı, Bəxtiyar Hacıyev, Əfqan Sadıqov, Sahib Məmmədzadə, Rza Səfərsoy, Afiəddin Məmmədov, İlhamiz Quliyev, Bəhruz Səmədov, İqbal Əbilov və daha 331 günahsız məhbusun saxta ittihamla həbsi də bununla bağlıdır”

“Yalnız qeyri-hökumət sektoru olmayan cəmiyyətdə, vətəndaş cəmiyyəti boğulan ölkədə dürüst adamları dələduz adı ilə, qaçaqmalçılığa qarşı mübarizə aparanları qaçaqmalçı adı ilə tutub zindana atmaq olur. Bakı şəhərində 400 min sənədsiz tikili var, ancaq onların içində Əziz Orucovu sənədsiz tikiliyə görə tuturlar. Ölkənin ən şərəfli, doğru-dürüst adamları olan Tofiq Yaqublu, Qubad İbadoğlu, Azər Qasımlı kimi adamlar danışdıqları sözə, ictimai mövqelərinə görə həbsə məruz qalırlar”.

Azərbaycanda son 1 ildə müstəqil mediaya qarşı repressiyalar total şəkildə davam etdirilir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.

Siyasi həbslər cəmiyyətin bütün aktiv kəsimini əhatə edib; buraya siyasi partiya üzvləri, vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri, dindarlar, blogerlər və s. daxildir. 

“AbzasMedia” işi…

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. 

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. 

2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. 

İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb. 

“Toplum TV işi…”

2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV” kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramin Babayev də var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. 

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. 

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. 

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. 

“Meydan TV işi…”

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur. 

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək. 

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır. 

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır. 

Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. 

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub. 

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. 

Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb. 

Ana səhifəXəbərlərCəmil Həsənli Əliyevin bayram təbrikini “inkişaf nağılı“ adlandırdı