Milli Şuranın sədri Cəmil Həsənli növbəti dəfə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb.
Bu barədə Cəmil Həsənli özünün “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, bu gün, dekabrın 16-da DTX-yə çağırılıb. Həsənli açıqlamasında bildirib ki, bir müddət əvvəl Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetdə onun barəsində böhtan xarakterli yazılar dərc edib. Və bu çağırışın həmin yazıda göstərilənlərə əsasən, axtarışa verilmiş Baş nazirin sabiq birinci müavini Abbas Abbasovla əlaqəli olduğunu düşünür.
“Bu gün saat 3-də yenidən DTX-yə çağırılmışam. Düşünürəm ki, bu, dekabrın 1-də Rauf Arifoğlunun rəhbərlik etdiyi qəzetdə mənim Abbas Abbasovla guya əlaqələrim barədə dərc olunan böhtan xarakterli yazı ilə bağlıdır. Bu uydurma ilk dəfə 2013-cü ilin noyabrında, dünyanın 18 tanınmış alimi ilə birlikdə Türk Tarix Kurumunun Şərəf Üzvü adına layiq görüləndə ortaya atılmışdı və mən buna o zaman cavab vermişdim. İndi isə Rauf Arifoğlu bu məsələni yenidən gündəmə gətirib”.
“Bildirirəm ki, nə Azərbaycanda işlədiyim dövrdə, nə Rusiyada yaşadığım vaxtda, nə də Türkiyədə Abbas Abbasovla hər hansı əlaqəm və ya görüşüm olub. Abbas Abbasovun hansısa ‘məktubu’ da bizim evdə yoxdur”, – deyə Cəmil Həsənli bildirib.
Cəmil Həsənli noyabrın 30-da DTX-yə çağırılmışdı. O, şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
“Ramiz Mehdiyev işi” çərçivəsində bu il dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb və Azərbaycana deportasiyası qərara alınıb.
Hökümətyönlü media baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu bildirirlər.