Qubad İbadoğlu: “Azərbaycanda əmək statistikasının göstəricilərinin dəqiqləşməsi pandemiyanın müsbət tərəflərindən biridir”
“Dövlətin dəstək paketləri və inzibati tədbirlər nəticəsində qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı artıb. Aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var”.
Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev
in sözləridir. O, bu sözləri aprelin 15-də Prezident İlham Əliyevin keçirdiyi ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda deyib.
Nazir əlavə edib ki, bu artım gündəlik dinamikada da özünü göstərir:
“Bu günə olan son rəqəm yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi. İlk olaraq 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib. İşəgötürmələr başlayıb. On gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız işə cəlb ediləcək”.
Nazir işsizlərə ödənən birdəfəlik 190 manat yardımdan da danışıb. Deyib ki, ötən altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib. Vətəndaşlara 14 milyondan artıq vəsait ödənilib.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu gün Azərbaycanda əmək statistikasının göstəriciləri dəqiqləşir. Bu, pandemiyanın müsbət tərəflərindən biridir:
“İşsizlərin sayı qeydiyyat əsasında müəyyənləşir, gizli məşğulluq leqallaşır. Nazir də deyib ki, aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var. Belə məlum olur ki, bütün dünyada işsizlik, Azərbaycanda məşğulluq artır. Bu, bir daha göstərir ki, ölkə düzgün idarə olunmur”.
İqtisadçı bildirir ki, şübhəsiz son günlər müşahidə olunan müqavilələrin "ağardılması" dövlət dəstəyindən yararlanmaq üçün işəgötürənlərin marağı ilə baş verir.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev demişdi ki, işsizlərlə bağlı problemlər öz həllini tapır. İşini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar:
“Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da, işini itirmiş, yaxud işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.
Qubad İbadoğlu deyir, bu çıxışın həm də tapşırıq olduğunu nəzərə alanda bütün işsizlərə 190 manatlıq birdəfəlik yardım ödəniləcəyinə nəinki inamı azalır, hətta qorxur ki, bəzi işsizlərə ödənilən vəsaiti geri də ala bilərlər.
Nazir Sahil Babayev dünənki müşavirədə həm də sosial ödənişlərin vaxtında icra edildiyindən danışıb. Deyib ki, 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib:
“Ölkə üzrə bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksasiya olunub. Bu islahat da Azərbaycanda bütün pensiyaçıları əhatə edib. Yaşa görə pensiya 330 manata, ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait bu vətəndaşlarımıza ödənilib”.
Qubad İbadoğlu deyir ki, hökumətə əmək haqları, sosial müavinətləri və pensiyaları vaxtında ödəmək üçün hər ay orta hesabla 1 milyard 212 milyon manat vəsait lazımdır. 2020-ci ilin büdcəsində əməyin ödənişi ilə bağlı xərclərə növbəti ildə 6721,3 mln. manat, sosial yardımlar üçün 1659,6 mln. manat məbləğində vəsait nəzərdə tutulub:
“Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin əhaliyə ödənişlər üzrə xərcləri 4684,7 milyon manatdır. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin xərcləri də 128,2 milyon manat təsdiq olunub. Beləliklə də, bu il üçün yalnız əmək haqqı, sosial müavinətlər, pensiya və işsizliyə görə sığorta ödənişlərini maliyyələşdirmək üçün 13 milyard 193 milyon 800 min manat vəsait lazımdır”.
İqtisadçı deyir ki, hazırda koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan 1,35 milyard manat məbləğində vəsait də nəzərə alınsa, onda 14 milyard 543 milyon 800 min manatla vəziyyətdən çıxmaq olar. Bu dövlətin ən zəruri və minimum öhdəlikləridir:
“Deməli, əmək haqları, sosial müavinətləri və pensiyaları vaxtında ödəmək üçün büdcəyə və pensiya fonduna birlikdə hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait toplanmalıdır. Neftin indiki qiymətləri bu vəsaitin hər ay 212 milyon manatı xam neft ixracatından əldə edilə bilər. Yerdə qalan vəsaiti sahibkarlar və istehlakçılar ödəməlidir. Hazırkı karantin rejimində çalışan yalnız kənd təsərrüfatı və bəzi istehsal sektorudur. Kənd təsərrüfatı sektoru da vergilərdən azaddır. Maliyyə vəziyyəti çox qəlizdir. Odur ki, 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans İlham Əliyev hökumətə tapşırıb ki, yeni gəlir mənbələri aşkar etsinlər. İndiki şəraitdə yeni gəlir mənbələri nə ola bilər?”