İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ilin ən iri 100 vergi ödəyicisinin siyahısını açıqlayıb. Təqdim olunan siyahı üzrə aparılan təhlil göstərir ki, büdcəyə ümumi vergi daxilolmalarının 32 faizdən çoxu dövlət mülkiyyətində olan şirkətlərin payına düşür.
Siyahıda yer alan 100 şirkət ümumilikdə büdcəyə 7 milyard 895 milyon manat vəsait ödəyib. Lakin bu məbləğin böyük hissəsi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun tabeliyində olan müəssisələrin hesabına formalaşıb.
Büdcənin əsas donoru olan SOCAR-ın vergiləri
“Top 100” siyahısında yer alan şirkətlərdən yalnız 11-i SOCAR-la bağlı müəssisələrdir. Bu müəssisələrin ümumi vergi ödəmələri (ƏDV və aksiz istisna olmaqla) 2 milyard manatı ötür. Bu isə ümumi ödənilən vergilərin ən azı 26 faizinin dövlət mülkiyyətində olan neft şirkətlərinin payına düşdüyünü göstərir.
Təkcə “Azneft” İstehsalat Birliyi 1,5 milyard manatdan çox ödənişlə siyahının ilk pilləsində qərarlaşıb.

Dövlət şirkətləri nə qədər ödəyir?
Siyahıda SOCAR-dan başqa səhmləri və ya nəzarəti dövlətə məxsus olan daha 13 müəssisə də yer alır. Bu qurumların ümumi vergi ödənişləri 520 milyon manat təşkil edir. Beləliklə, siyahıdakı 100 şirkətdən təxminən 24-nün nəzarəti dövlətə aiddir.

Özəl sektora gəlincə, tütün istehsalı, neft hasilatı, rabitə və bankçılıq sahələri ön plana çıxır.
Ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərindən “BP Azərbaycan”nın müxtəlif layihələr (ACG, “Şahdəniz”, BTC) üzrə ödənişləri 867 milyon manatdan çox olub.
“Top 100” siyahısında yer alan xarici neft şirkətlərinin Azərbaycan dövlət büdcəsinə ümumi ödənişləri isə 2,5 milyard manatı ötüb.
Qeyri-neft sektorunda isə “Tabaterra” MMC 697 milyon manatlıq ödənişlə özəl sektorun lideri olub.