Kürdəmir sakini: ''Biz səhər nə yeyəcəyimizi bilmirik, qaldı ki, ev təmir edək''
“Normal kanalizasiya sistemi olmadığından evimiz çürüyüb, tökülür. Zirzəmisinə nə qədər su yığılıb. Ev özü də bir az çökəkdə yerləşir. Nəticədə, yaşanası vəziyyətdən çıxıb. Günü-gündən lap da betər duruma düşür”.
Kürdəmir sakini Elmira Həsənova belə deyir. Gənc yaşda həyat yoldaşını itirən Elmira xanım övladları ilə birgə yaşadığı evdən çıxarılıb. Deyir, uşaqlarını götürərək, doğulub böyüdüyü Kürdəmirə gəlib. Elə o vaxtdan canını dişinə tutub işləyib:
“Daha çox mövsümi işlərdə çalışırdım. Bağ-bostan, alaq, həyət-baca təmizliyi və s. Birtəhər böyütdüm uşaqları. Elə o zülmlə də bir balaca torpaq alıb, kiçik bir ev qaraltdım. İşləyib güclə, 8 ilə tikdim. Balalarımı böyütmüşəm, indi də ev uçub, başımıza tökülür. Baxan, maraqlanan yoxdur. Mehriban Əliyevaya, İlham Əliyevə də yazmışam. Gəlib, baxsınlar, görsünlər, biz nə vəziyyətdə yaşayırıq. Hər şey yaxşıdır, insanlar əla yaşayır deməklə deyil ki… Qırılırıq, vallah”.
Elmira Həsənovanın bir övladı xəstədir. Deyir, onu həkimə, xəstəxanaya da apara bilmir. Pensiya yaşını artırmaqla isə onu alacağı məvacibdən də məhrum ediblər:
“Biz atlıyıq, o piyada. Hələ deyəsən neçə il 6 ay uzanacaq. Mən çatıram, o qaçır. Yaşlı adamam, daha işləyə də bilmirəm. Qızım boşanıb, qayıdıb. Evdəki uşaq da xəstə. İnanın, heç nədən yarımamışam. Ha sürünürəm, bir yerə çıxa bilmirəm”.
E.Həsənova deyir ki, artıq öz səhhəti də işləməyə imkan vermir. Sosial yardıma da müraciət edib.
“Sizə düşmür”, – cavabını alıb:
“Bu ölkədə bizim əlimiz hər şeydən üzülüb, bədbəxt olmuşuq. Yaşlı adamam, gedib harada işləyim, nə edim, bilmirəm. Ev də bir tərəfdən uçub-dağılır. Qalmışam belə. Biz səhər nə yeyəcəyimizi bilmirik, qaldı ki, ev təmir edək. Buna ümumiyyətlə, imkanımız yoxdur. Evin hər yeri çürüyüb. Döşəməyə ayaq basırsan, içəri batır. Deyirəm də, çürüyüb. Mən daha nə edim, bilmirəm, çarəsizəm. Keçən dəfə gecə yuxudan oyandım ki, çölə çıxım. Neçə yerdə ayağım döşəməyə girdi. Normal kanalizasiya sistemi olsa, evlərin altına su yığılmaz”.
Şikayətçi problemlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya məktublar yazıb. Deyir, baxan olmayıb. Heç məktublarına cavab da almayıblar:
“Xahiş edirəm, ya bizə normal bir şərait yaratsınlar, işləyək, pensiya alaq, dolanaq, ehtiyaclarımıza verək, ya da evimizi təmir etdirsinlər. İnanın, dolana bilmirik. Hamı sevinir ki, maaşlar artdı, vəziyyət düzələcək. Vallah, işsizə, bizə nə aidiyyatı? Biz sürünürük, yaşamırıq”.
Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, onların qəzalı evləri təmir etmək və yaxud yeni ev tikmək imkanları yoxdur. Ancaq yenə də yerli Fövqəladə Hallar Komissiyasına müraciət edilməlidir:
“Komissiya baxsın, bəlkə heç qəzalı deyil. Onların deməsi ilə olmur bəzən. İnsanlar şişirtməyi sevirlər. Qəzalı dedikləri evlər çox vaxt yüngülvari problemli olur. İşsizliyə gəlincə, Məşğulluq Mərkəzinə müraciət etsinlər. Mərkəz iş tapmaqda kömək edər”.