24 apreldə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların vəkilləri son müdafiə çıxışlarını davam etdirdilər. Vəkil Fəxrəddin Mehdiyev məhkəmə prosesində ittihamların sübuta yetirilmədiyini bildirib. “Üzeyir Məmmədliyə qarşı ittiham qanunsuz və əsassızdır. Üzeyirdən alınan ifadələr fiziki zorakılıqla əldə olunub. Ona bəraət hökmü çıxarılmasını istəyirəm”.
Vəkil Cavad Cavadov deyib ki, məhkəmədən ədalətli qərar gözləmir. “ Bu gənclər nəyə görə aclıq aksiyası keçirirlər? Nəyə görə onlar sağlamlıqlarını təhlükəyə atırlar?Çünki onlar bu məhkəmədən ədalət gözləmirlər. Onlar sizdən mərhəmət yox, ədalətli qərar istəyirlər. Sizdən xahişim budur ki, sizin üçün nə qədər ağır olsa da ədalətli qərar verəsiniz”.
Daha sonra vəkil Elton Quliyev çıxış edərək gənc nəslin nümayəndələrinin fərqli fikir sahibləri olduqlarına görə həbs edilmələrinin doğru olmadığını vurğulayıb. “Bu iş Harlem Şeyklə Heminqueynin toqquşmasıdır. Bu cinayət işi əsərdir, özü də uğursuz yazılmış əsər. İttiham aktında bir cümlə 84 sözdən ibarətdir. İlkin Rüstəmzadə də düz olaraq ittihamı başa düşmədiyini dedi. 84 sözlük cümlə Ginnesin rekordlar kitabına düşməlidir”
Vəkil Fariz Namazlı gənclərin hamısına bəraət istədi. “Xuliqanlığın tanınması üçün kiməsə zor tətbiq edilməlidir. Heykələ olan münasibətdə zor tətbiq edildiyi müəyyən edilibsə, o zaman heykəl məhkəməyə gətirilməli idi. Heykəl şikayətçi olduğu adamların adını açıqlamalıydı .Amma məncə heykəlin heç bir narazılığı yoxdur”.
Valideynlər gənclərdən aclıq aksiyasını dayandırmağı istəsə də, onlar buna razı olmadılar. Zaur Qurbanlı bildirdi ki, “Biz hər cür mübarizə aparacağıq. Ac da olsaq, tox da olsaq mübarizə davam edəcək”.
Sevinc