Bu il buğda istehsalında azalma müşahidə olunur

Taxıl zəmisi. Foto: “Azərtac”

Ekspert: “Dünyada buğda istehsalının artacağı ilə bağlı verilən proqnozlar taxıl birjalarında buğdanın qiymətlərinə ciddi təsir edib”

Dövlət Statistika Komitəsinın (DGK) ən son açıqladığı məlumatda bildirilir ki, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin 98,3 faizi biçilib. Yığılan məhsulun isə 1680,3 min tonu buğda olub.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli əvvəlki açıqlanan statistikalara söykənərək deyir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə azdır. Həmin il buğda istehsalı 1828,6 min ton olub.

“Yəni əvvəlki ilə nisbətən bu il buğda istehsalı 148,3 min ton, yəni 8,1 faiz azalıb”.

Beynəlxalq Taxıl Şurasının (IGC) bu ilin avqustunda verdiyi proqnozlara görə, 2024-2025-ci illər taxıl ili mövsümündə əvvəlki mövsümlə müqayisədə buğda istehsalında 5 milyon ton artım gözlənilir. Şuranın proqnozuna görə, bu mövsümdə ümumilikdə dünyada buğda istehsalı 799,1 milyon tona çatacaq.

Vahid Məhərrəmli bildirir ki, Azərbaycanın daha çox buğda idxal etdiyi Rusiyada bu il buğda istehsalının 81,8 milyon ton olacağı (keçən mövsümdə 91 milyon ton) proqnozlaşdırılır. Hesab edilir ki, Rusiya buğda ixracını ötənilki 56,1 milyon tondan bu il 43,2 milyon tona endirəcək.

“Regionda ikinci böyük taxıl istehsalçısı olan Ukraynada bu il buğda istehsalının 3 milyon ton azalacağı gözlənir. Beynəlxalq Taxıl Şurasının son proqnozlarına görə 2024-25 taxıl ili mövsümündə buğda istehsalı ABŞ-da 4,6 milyon ton, Kanadada 2,9 milyon ton, Avstraliyada 4,1 milyon ton, Argentinada 2,5 milyon ton, Çində 3,4 milyon ton, Hindistanda isə 2,3 milyon ton artacaq. Qazaxıstan bu mövsümdə buğda istehsalını 16 milyon tona qədər artıracağı gözlənilir. Necə olursa, Azərbaycandqa istehsal artmaq əvəzinə, azalır”.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Ekspert bildirir ki, dünyada buğda istehsalının artacağı ilə bağlı verilən proqnozlar taxıl birjalarında buğdanın qiymətlərinə ciddi təsir edib. Avqustda Nyu-York əmtəə birjasında 1ton buğdanın qiyməti 188,6 dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 dollar, yəni 19% faiz aşağıdır:

“Azərbaycanın daha çox buğda idxal etdiyi Rusiyada isə avqustda 1 ton buğdanın ixrac rüsumu bir həftə ərzində 3,2 dəfə artıb. Rusiyada 1 ton buğdanın ixrac rüsumu 257,3 rubl olduğu halda, avqustun 21-dən 27-dək 828,4 rubla qaldırılıb”.

Vahid Məhərrəmli deyir ki, Azərbaycan heç öz əhalisini ərzaqlıq buğda ilə təmin edə bilmir:

2022-ci ilin iyulunda Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, 2023-cü ildən başlayaraq ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərə Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri hər 1 ton buğda üçün 100 manat məbləğində məhsul subsidiyası, buğda əkini sahəsinin hər hektarına görə isə 210 manat əkin subsidiyası verilir. Buna baxmayaraq, 2024-cü ildə əvvəlki illə müqayisədə ölkədə buğda istehsalı 8,1 faiz azalıb. Məlum fərmandan əvvəl isə buğda istehsalı (2021-ci ildə 1885,4 min ton, 2022-ci ildə 1731,8 min ton) indikindən daha çox olmuşdu”.

Ekspert düşünür ki, hökumət həm buğdanın əkin sahəsinə, həm də təhvil verilən buğdanın çəkisinə görə istehsalçılara ikili subsidiya verməklə, dövlət büdcəsi hesabına qeyri-səmərəli biznesi stimullaşdırıb. Görünən odur ki, hökumət buğda istehsalını artırmaq üçün çabalar göstərsə də, nəinki buna nail ola bilmir, əksinə, istehsal ciddi şəkildə azalır:

“Apardığımız hesablamalar göstərdi ki, 2022-ci ildə Azərbaycan daxili istehsal hesabına ərzaqlıq buğda ilə özünü 30,5% təmin edə bilib. Həmin il qida məhsullarının istehsalı üçün 1869,1 min ton buğdadan istifadə edilib. Bunun da 1 293,9 min tonu, yəni 69,5 faizi idxal olub. Yəni Azərbaycan daxili istehsal hesabına ərzaqlıq buğda ilə özünü cəmi 30 faiz civarında təmin edə bilir”.

Ekspertlər daim açıqlamalarında Azərbaycanın buğda və un məmulatları baxımından idxaldan asılı olduğunu, bunun isə yaxşı hal olmadığını bildirirlər. Ölkədə buğda istehsalı ilə bağlı tez-tez fərmanlar, sərəncamlar verilsə də, hələlik, istehsal prosesinə müsbət təsir etməyib.

Ana səhifəİqtisadiyyatBu il buğda istehsalında azalma müşahidə olunur