Bu il 17 ölkədə azı 54 jurnalistin öldürüldüyü bildirilir

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Döyüş bölgələrində öldürülən 31 jurnalistin 16-sı Qəzzada həlak olub

“Sərhədsiz Reportyorlar” Təşkilatının (The Reporters Without Borders – RSF) hesabatına görə, 2024-cü ildə 17 ölkədə ən azı 54 jurnalist öldürülüb.

Hesabatda deyilir ki, döyüş bölgələrində 31 jurnalist öldürülüb ki, bu da 2020-ci ildən bəri ən yüksək göstəricidir.

Jurnalistlərin əksəriyyəti – 16 nəfər Qəzza zolağında döyüşləri işıqlandırarkən həlak olub.

“Sərhədsiz Reportyorlar” Təşkilatı jurnalistlərin İsrail hərbçilərinin hərəkətləri nəticəsində öldüyünü bildirib. İsrail jurnalistlərin öldürülməsinin qəsdən olmadığını iddia edir. Jurnalist araşdırması isə bu iddiaya şübhə ilə yanaşır.

“Sərhədsiz Reportyorlar” Təşkilatı qeyd edib ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında döyüşlər başlayandan bəri ən azı 145 jurnalist ölüb. Onlardan 35-i peşə vəzifələrini yerinə yetirərkən həlak olub. Jurnalistlər həmçinin İraq, Sudan, Myanma və Ukraynada gedən döyüşləri işıqlandırarkən həlak olublar.

Dünyada həbsdə olan 550 jurnalist var. 2024-cü ildə saxlanılanların sayı 7,2% artıb.

Jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarusdur (40).

Xüsusilə Rusiyanın Ukraynaya və İsrailin Qəzzə zolağına hücumu zamanı həbslərdən jurnalistikanın sıxışdırılması üçün silah kimi istifadə olunub. Rusiyada 38 jurnalist həbsdədir.

55 jurnalist girov götürülüb və onların 70%-i Suriyadadır. Onların əksəriyyəti hələ 10 il əvvəl müharibə zamanı İŞİD tərəfindən oğurlanıb və onların aqibəti məlum deyil.

Dünyanın 34 ölkəsində 100-ə yaxın jurnalist hələ də itkin düşmüş hesab olunur. Bu jurnalistlərin dörddə birindən çoxu son 10 il ərzində Meksika (5), Suriya (3), Mali (3), Konqo (2), Fələstin (2) və İraqda (2) yoxa çıxıb.

Təşkilatın məlumatına görə, əksəriyyəti (70%) Suriyada olmaqla 55 jurnalist girov saxlanılır.

34 ölkədə 95 jurnalist itkin düşüb.

“Jurnalistlər ölmür, öldürülür. Onlar həbsxanalarda deyillər, rejimlər tərəfindən bağlanıblar. Yoxa çıxmırlar, oğurlanırlar. Çox vaxt hökumətlər və silahlı qruplar tərəfindən tam cəzasızlıqla həyata keçirilən bu cinayətlər beynəlxalq hüququ pozur və çox vaxt cəzasız qalır”, – “Sərhədsiz Reportyorlar” Təşkilatının rəhbəri Tibo Brutten bildirib.

Ana səhifəDünyaBu il 17 ölkədə azı 54 jurnalistin öldürüldüyü bildirilir