Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Hikmət Hacızadə: “Demokratik dövlət olmalısan ki, diplomatın qatıldığı konfranslarda arqumentlə və məntiqlə danışa bilsin”

Source:


Hikmət Hacızadə: “Demokratik dövlət olmalısan ki, diplomatın qatıldığı konfranslarda arqumentlə və məntiqlə danışa bilsin”

9 iyul  Azərbaycanda Diplomatiya Günü kimi qeyd olunur. Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər naziri 1918-ci ildə təyin olunsa da, təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. Bolşevik Rusiyasının Azərtbaycanı işğal edənə qədər Gürcüstanda, Batumda, Ermənistanda, İranda, İstanbulda, Ukrayna və Krımda diplomatik korpusumuz fəaliyyətdə olub.

Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Məmməd Cəfərov XİN-ə rəhbərlik edib.

1920-ci ilin aprel işğalından sonra Azərbaycan Sovet Sosialist Respublikası Xalq Xarici İşlər Komissarlığı yaradılsa da, bu, müvəqqəti olub. Yalnız 1945-ci ildə yenidən İrandakı hadislərlə əlaqədar komissarlıq yenidən bərpa olunub və XİK rəhbəri Mahmud Əliyev təyin edilib.

1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra ilk xarici işlər naziri Hüseynağa Sadıqov təyin edilib.

Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik korpus, Azərbaycanda isə 50-dən artıq ölkənin diplomatik korpusu fəaliyyət göstərir.

Meydan TV vasitəsilə həmkarlarını təbrik edən Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə bildirib ki, 1991-ci ildə müstəqillik qazandıqdan sonra diplomatiya tariximizdə çox şey dəyişib: “Biz müstəqil dövlət kimi diplomatik fəaliyyətə başlayanda heç nəyimiz yox idi. Nə səfirlərimiz, nə diplomatlarımız, nə də infrastrukturumuz vardı, yalnız Moskvada səfirliyimiz fəaliyyətdəydi. Türkiyə hökumətinin dəstəyi sayəsində inkişafa nail olduq, onlar bizə iqamətgahlarında yer verdilər, tədbirlərə apardılar.  Sonradan maliyyə imkanlarımız genişləndikcə, XİN-in binası oldu, müxtəlif ölkələrdə səfirlik və konsulluqlarımız açıldı, hətta bir çox beynəlxalq təşkilatda sədrlik də etdik. Bunlar ümumi dövlətçiliyimiz üçün müsbət haldır”.

Sabiq səfir diplomatiyamız qarşısında ən vacib problem kimi Qağlıq Qarabağ münaqişəsini gördüyünü dedi: “Əfsuslar ki, bu yöndə uğurlarımız çox azdır, yaxud heç yoxdur. Biz dünyanı Ermənistanın işğalçı olduğuna inandıra bilmədik. Bu problemin də həlli üçün daxili siyasət dəyişməlidir, çünki xarici siyasət daxili siyasətin davamıdır. Demokratik dövlət olmalısan ki, diplomatın qatıldığı konfranslarda arqumentlə və məntiqlə danışa bilsin. Yalnız demokratikləşmə, azad seçki, müstəqil mətbuat, məhkəmə olduğu zaman diplomatlarımız sözü keçərli olacaq”.

Hikmət Hacızadə iddia etmir ki, Azərbaycan diplomatiyası heç nə etmir, amma  “kürü diplomatiyası” diplomatlarımızın qarşısını kəsib: “Elə bilirlər ki, lobbi yaratmaqla, qonaqlıq verməklə nəsə dəyişəcək, ancaq kürü gedir, heç nə də dəyişmir. Son hadisəni gördünüz, “DQR”in rəhbəri Parisə və Londona dəvət olundu, mötəbər institutlarda çıxış da etdi”.

Ana səhifəXəbərlərBu gün Azərbaycanda Diplomatiya Günüdür