İmişlidə hər ay dövlətə 970 manat kredit ödəyən daha bir sahibkar torpağının zəbt olunduğunu deyir
“Bakıdaydım, kənddən zəng vurdular ki, tez özünü çatdır, sahənə traktorlar salıblar, şumlayırlar… İşlərimi yarımçıq atıb, özümü çatdırdım kəndə… Baxdım ki, 15 hektar yeri şumlayıb taxıl səpiblər. Əlimdə sənədim, sübutum, deyirəm, a kişi, bu torpaq mənim icarəmdədir, deyirlər ki, get, hara şikayət edirsən, et…”
İmişlinin Sərxanlı kənd sakini Vüsal Şirinov sahibkadır. Heyvandarlıqla məşğul olur. İqtisadi İnkişaf Nazirliyi Yanında Sahibkarlığa Kömək Milli Fondundan (indiki Sahibkarlığın İnkişafı Fondu) ona ayrılmış 20 min manat məbləğində kreditlə iri və xırdabuynuzlu heyvan alaraq heyvandarlıqla məşğul olmağa başlayıb. Kənddəki ümumi torpaq sahəsində 50 hektar yeri olub. Ötən il kəndə gələn yerli icra hakimiyyətinin rəhbərliyi kəndlilərə hökumətin pambıq əkimiylə bağlı qərarını bildirib. Vüsal Şirinov da yerli pambıq zavodu ilə müqavilə bağlayaraq qanuni istifadəsində olan 50 hektarlıq torpaq sahəsinin 15 hektarında pambıq əkib, zavoda 30 ton pambıq təhvil verib. Bu il növbəti dəfə pambıq zavoduyla bağladığı müqavilə ikinci tərəfindən pozulub. Əvəzində isə həmin 15 hektarlıq sahədə taxıl əkməyə gəliblər. Kənd sakininin sözlərinə görə, heyvandarlıq üçün qanuni istifadəsində olan 15 hektar sahəsi başqaları tərəfindən ondan xəbərsiz şumlanıb.
Dedilər, iradın varsa, icra hakimiyyətinə bildir
“Dedim, siz burda neynirsiz? Bu, nə özbaşınalıqdır? Bu torpaq mənim istifadəmdədir. Siz kimsiz axı? Biri gürcüstanlıdır, adı Tofiqdir, o biri Qəbələdəndir, adı Qafurdur. Dedilər, “Gilan Holdinq” burda heyvandarlıq işi qurur, biz də burda həmin heyvanlar üçün taxıl, arpa yem tədarükü görürük. Bundan sonra bu torpaqda taxıl, arpa əkiləcək. Nə sözün varsa, get, icra hakimiyyətinə de,” – Vüsal Şirinov deyir.
Bu proses həm Sərxanlı, həm də digər kəndlərdə kütləvi şəkildə davam edir. Özünü “Gilan Holdinq”in işçiləri kimi təqdim edən şəxslər heyvandarlıq üçün kəndlilərin qanuni istifadəsində olan torpaq sahələrini zəbt edərək taxıl, arpa əkirlər.
Məni illik qazancımdan məhrum ediblər
Vüsal Şirinovun sözlərinə görə, digər kənd sakinlərinin torpaqları əllərindən alınanda, həmkəndliləri ilə birlikdə o da İmişlinin İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qəbulunda olub. Başçı digər kəndlilər kimi, onu da arxayın edib ki, kəndə gələnlər pambıq əkənlərdir və buna görə ayrıca torpaq sahələri ayrılıb:
“Dedi, bu, dövlət tədbiridir, prezidentin tapşırığı var, icrası da vacibdir. Ancaq bunun sizin torpaqlara aidiyyəti yoxdur. Bu işlərə görə torpaqlar ayrılıb. Birinci il pambıq əkildi, ikinci il baxdıq ki, bizim də torpaqları həmin torpaqların gözünə qatıb şumlayırlar. Üstəlik də, pambıq yox, özləri üçün taxıl, arpa, qarğıdalı əkirlər”.
Pambıq əkininə gəlincə, ötən il Vüsal Şirinov 15 hektar sahədə apardığı pambıq əkinindən 30 ton pambıq götürərək yerli pambıq zavoduna təhvil verib və 13 min manata yaxın qazanc əldə edib. İndi torpağını əlindən almaqla onu həm də bu qazancdan məhrum etmiş olurlar:
“Ötən il götürdüyüm qazancla həm aylıq kreditlərimi ödəyirdim, həm heyvan artırırdım, həm çobanların maaşını verirdim, həm ailəmi dolandırırdım… Kreditin aylığı əvvəl 180 manat idi, ötən aydan 970 manat ödəyirəm. Hər ay 970 manat olmaqla hələ iki il ödəməliyəm. Mən də hər şeyi 15 hektarlıq yerdəki əkinə hesablamışdım. Düşünürdüm ki, hər il 14-15 min manat gəlirim olacaq, o gəlirdən həm çobanın maaşı, həm dolanışığım, həm də rahatca kreditim ödəniləcək. Görün bunlar bizim belimizi necə qırırlar…”
Sahibkar krediti ödəmək üçün heyvanı satmalı olur
Vüsal Şirinovun 50 hektarlıq torpaq sahəsinin 15 hektarında hazırda şumlama və toxumsəpmə işləri başa çatıb. 35 hektarda isə sahibkar 240 baş qoyun və 15 iribuynuzlu heyvan saxlayır:
“Qış vaxtıdır, heyvandarlığımız məhv olub gedir. Yerləri zəbt etdikcə, sahələrimiz daraldıqca, heyvandarlığı inkişaf etdirmək də mümkün olmur. Nəticədə qazancımız da yoxa çıxır. Bir azdan krediti ödəyə bilməyəndə məcbur olacam ki, heyvanları satım… Bu da hökumətin sahibkarlara dəstək siyasəti… Kreditlə yükləyir, sonra torpağını əlindən alır, təsərrüfatını dağıdır, deyir, get, olan-qalanını sat, gətir mənim pulumu, faizlərimi ver…”
Məhkəməyə müraciət edə bilərlər
İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, barəsində danışılan torpaq sahələrinin təyinatı dəyişdirilərək “Gilan Holdinq”ə pambıq əkini üçün verilib:
““Dövlət torpaqları haqqında” qanuna əsasən, əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz geri alınır. Vətəndaşlar məhkəməyə müraciət edə bilərlər”.
Hüquqşünas Vaqif Alıyev deyir, Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları təsdiq edilib:
“Mülkiyyətçidən, istifadəçidən (icarəçidən) torpağın alınması, yaxud onlara eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsinin verilməsi, həmçinin, kompensasiyanın ödənilməsi təmin olunmalıdır”.
Hüquqşünas deyir, icarəçi kimi istifadələrində olan torpaqları əllərindən çıxmış kəndlilər İqtisad Məhkəməsinə müraciət etməlidirlər.