“Avropa Birliyinin Rusiyayla rəqabətə qatıldığını düşünmürəm”
“Prezident Şarl Mişel Ermənistanla Azərbaycan arasında, daha geniş mənada Cənubi Qafqazda bütün ölkələrin suverenliyinə tam hörmətlə yanaşmaqla infrastruktur kommunikasiyalarının bərpasının vacibliyini vurğulayıb”.
Bu açıqlama Avropa İttifaqının dekabrın 14-də Şarl Mişelin təşəbbüsüylə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra yaydığı bəyanatda əks olunub.
Bəyanatda qeyd olunub ki, qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti haqqında müvafiq razılaşmalarla dəmir yolu xətlərinin bərpasına başlanılması qərara alınıb:
“Avropa İttifaqı öz iqtisadi və investisiya planına uyğun olaraq nəqliyyat kommunikasiyalarının inkişafını dəstəkləməyə hazırdır”.
“Çiçəklənən Cənubi Qafqaz” qurmaq istəyi
“Şarl Mişel münaqişənin aradan qaldırılmasında, hərtərəfli sülh sazişilə möhkəmləndirilmiş davamlı sülhün bərqərar edilməsi məqsədilə əməkdaşlıq və etimad mühitinin yaradılmasında təşkilatın Ermənistan və Azərbaycanla sıx əməkdaşlığa sadiq olduğunu hər iki liderə bildirib. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz qurmaqdır”, – bəyanatda deyilir.
Mişelin sözlərinə görə, Əliyev və Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş və 26 noyabr 2021-ci il Soçidə əldə edilmiş razılaşmalarla möhkəmləndirilmiş öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını təsdiqləyib.
Eyni zamanda, Prezident Mişel Ermənistan-Azərbaycan sərhədindəki silahlı toqquşmalardan sonra gərginliyin yatırılması üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib.
Humantar məsələlərin həlli
Bəynatda vurğulanır ki, Prezident Mişelin köməyilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqə kanalının yaradılması uğurlu olduğu etiraf edilib.
Bildirilir ki, bu mexanizm gələcək insidentlərin qarşısının alınmasına və yerlərdə gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər. Prezident Mişel əsas humanitar məsələlərin həllinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
O, bu yaxınlarda Azərbaycanın saxlanılan on ermənini azad etməsini və Ermənistanın minalanmış ərazilərə dair yerdə qalan xəritələri verməsini alqışlayıb. Mişel yeni saxlanılanların azad edilməsi və itkin düşənlərin taleyinin həlli kimi humanitar məsələlərin hamısını tam və tez bir zamanda həll etməyə çağırıb.
“Avropa İttifaqı minalardan təmizləmə üzrə, o cümlədən münaqişə nəticəsində zərər görmüş əhaliyə ekspert məsləhətləşmələri və yardım göstərilməsi yoluyla, reabilitasiya və yenidənqurma işlərilə humanitar səyləri dəstəkləməkdə davam edəcək. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməkdə davam edəcək”, – sənəddə deyilir.
İqtisadi əməkdaşlığın perspektivi
Bəyanatda liderlərin Avropa İttifaqı və hər iki ölkə arasında mövcud və perspektiv ticarət-iqtisadi tərəfdaşlığı müzakirə etdiyi də vurğulanır. Qeyd olunur ki, onlar həmçinin etimadın möhkəmləndirilməsi, dinc yanaşı yaşamaq və regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Avropa İttifaqının iqtisadi məsləhətləşmələr platformasına başlamaq niyyətini müzakirə ediblər:
“Prezident Əliyevlə Baş nazir Paşinyan razılaşıb ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamanın planlaşdırılması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli mühitin yaradılması üçün daha ciddi addımlar atılmalıdır”.
Prezident Mişel Yerevan və Bakını xoş niyyətlə aktiv hərəkətlərə və deskalasiya işlərinə çağırıb. O vurğulayıb ki, lazımi məsafənin təmin edilməsi insidentlərin qarşısının alınmasında vacib elementdir. Avropa İttifaqı hər iki ölkəyə texniki yardım göstərilməsi yoluyla sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin dəstəklənməsi üçün məsləhət qrupu təqdim edəcək”.
Brüssel görüşünün fərqliliyi
Dekabrın 14-də Azərbaycan dövlət başçısı İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib.
İlham Əliyevin konfransda “Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır” bəyanatı yerli ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən Laçın və Zəngəzurun eyniləşdirilməsini yanlış sayanlar var.
Politoloq Əhməd Əlili hesab edir ki, Brüssel görüşü vacib dəyişikliklərin baş verdiyinin göstəricisidir, xüsusilə Avropa İttifaqının məsələyə yanaşmasında:
“Soçi görüşündə İran, Ermənistan, Türkiyə və Rusiya iştirak etdisə, Brüsseldə Avropa Prezidenti və NATO Baş katibiylə görüşlər oldu. Bu, yeni regional reallığın hamı tərəfindən qəbul olunması deməkdir. İran uzun müddət yeni reallığı qəbul etmək istəmirdi, artıq razılaşır. NATO üzvləri arasında qeyri-müəyyən mövqedə olanlar vardı, onlar da artıq bu istiqamətdə gedirlər. Ona görə də bu görüşlərə müəyyən kompleks kimi baxılmalıdır”.
“Mənim üçün uğur meyarı Brüsseldə əldə olunan nailiyyətlərin Soçi görüşündəki nailiyyətlərdən nə qədər fərqlənməsidir. Rusiya əlindən gələni etdi ki, Brüssel görüşündə hər hansı bir fərq olmasın. Yəni Soçidə nəyə nail olunubsa, eynilə Brüsseldə də təkrarlansın”.
Politoloq hesab edir ki, Azərbaycan prezidentinin Laçınla bağlı fikirlərini Brüsseldə sələndirməsi çox maraqlıdır. Soçi və Brüssel görüşünün fərqi də burada axtarılmalıdır:
“Brüsseldə dövlət başçıları ikilikdə də görüşüblər və bu cür təmas irəli aparacaq məqamdır. Üçüncü, kommunikasiyaların açılması yönündə razılıqların əldə olunmasıdır”.
Əhməd Əlilinin fikrincə, İlham Əliyevin bəyanatı göstərir ki, Brüssel görüşündə Soçidən fərqli məqamlar var. Bu, o deməkdir ki, Azərbaycan və Ermənistan liderləri mediatorluğun mərkəzinin Rusiyadan çıxıb Avropa İttifaqında cəmləşməsində maraqlıdırlar:
“Hər iki ölkə başçısı bilərəkdən, ya bilməyərəkdən bu istiqamətdə çox vacib işlər gördülər. Daha iki vacib məqam var ki, çox pozitiv əhval-ruhiyyə yaratdı. Bunlar Brüsseldən iki gün əvvəl Türkiyə ilə Ermənistan arasında nümayəndəliyin təyinatı və Qarabağ ermənilərinin ordularının olmayacağı barədə açıqlama yaymalarıdır”.
Mübahisəli dəhlizlər
Politoloqun sözlərinə görə, İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərini eyni səviyyədə götürməsi Azərbaycan gömrük postunun qurulmasını daha önə atır. Bununla da Rusiyanın regional proseslərdə iştirakını müəyyən qədər zəiflətmək xətti götürülür.
“Azərbaycan tərəfi razıdır ki, Zəngəzur dəhlizi Zəngəzur nəqliyyat-komminikasiya xətti olsun. Amma Laçın dəhlizində Azərbaycan əsgəri dayansın. Nəzərə alaq ki, hər ikisində dəhliz statusu olarsa, Rusiya effektiv nəzarət mexanizmi yaradacaq. Amma bunlardan imtina Moskvanın ərazilərdə iştirakının zəiflədilməsi deməkdir. Məncə, İlham Əliyevin NATO və Avropa İttifaqında görüşlərdən sonra belə bəyanat səsləndirməsi təsadüfü deyil”, – Əhməd Əlili vurğulayıb.
“Moskva ilə Brüssel arasında rəqabət elementləri görmürəm”
Siyasi icmalçı Şahin Cəfərli isə Brüssel görüşünün nəticələrinin sürpriz olmadığı qənaətindədir. Onun fikrincə, Avropa Birliyi Emənistan-Azərbaycan danışıqlarında Rusiyadan çox da fərqli siyasət aparmır:
“Yəni mən Moskva ilə Brüssel arasında rəqabət elementləri görmürəm. Şarl Mişelin yekun bəyanatında da 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ilin üçtərəfli razılşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanır və tərəflərin həmin sənədlərə sadiqliyi qeyd edilir. Eyni zamanda, Soçi görüşündəki razılaşmaların real praktikada həyata keçirilməsinin vacibliyindən bəhs olunur”.
Şahin Cəfərlinin sözlərinə görə, faktiki olaraq, Avropa Birliyi Rusiyanın liderliyi altında aparılan sülh və əməkdaşlıq prosesini dəstəklədiyini ifadə edir:
“Avropa Birliyinin bu prosesdə köməyi sərhədlərin demilitasiyası və demarkasiyasında ekspert yardımı göstərməsidir. Brüssel burda əlavə yardımçı faktor kimi çıxış etmək niyyətindədir. Yəni Aropa Birliyinin Rusiyanı əvəz etmək, yaxud sıxışdırmaq niyyəti yoxdur. Ona görə Avropa Birliyinin Rusiyayla rəqabətə qatıldığını düşünmürəm, əksinə, əməkdaşlıq və koordinasiya şəklində bir proses apardığını müşahidə edirəm”.
Şahin Cəfərli deyib ki, İlham Əliyevin Laçın və Zəngəzur dəhlizləri barədə dedikləri barədə birmənalı fikir söyləmək doğru olmaz:
“Bir tərəfdən dövlət başçısı çalışır ki, Zəngəzur yolu da dəhliz statusunda olsun və Laçın dəhlizinə bənzər hüquqi rejim orda da təmin edilsin. Yəni əgər biz Laçın dəhlizi üzərində nəzarətə sahib deyiliksə, onda Ermənistan da Zəngəzur yolu üzərində hər hansı nəzarətə sahib olmasın. Amma bu açıqlamada bir az mübahisəli məqamlar da var”.
“Söhbət ondadır ki, Azərbaycan dövləti Qarabağda sülhməramlı əməliyyatın keçirildiyi ərazi üzərində, o cümlədən, Laçın dəhlizində istənilən halda özünü suverenlik hüquqlarını təmin etməlidir. Bu məsələni başqa məsələylə əlaqələndirmək nə dərəcədə doğrudur, bax, bu, sual yaradır. Bilirsiniz, Zəngəzur dəhlizi olacaq, yaxud olmayacaq, regionda hadisələr necə inkişaf edəcək, bunlar başqa məsələdir. Bunlardan asılı olmayaraq hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə və Laçın dəhlizində öz nəzarətimizi təmin etməliyik”, – siyasi şərhçi deyib.
Onun fikrincə, bu, Azərbaycan dövlətinin əsas vəzifəsidir. Bunu başqa bir məsələylə əlaqələndirmək və ona bağlamaq yanlışdır:
“Prezidentin bəyanatında bu məqam mübahisəli və məncə, doğru deyil”.
Xatırlatma
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.