“Güman ki, Moskva Brüssel görüşü ilə barışmayacaq”
“Azərbaycan və Ermənistan liderləri gərginliklə bağlı son vəziyyəti müzakirə etdilər və 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqlədilər”.
Bu fikirlər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprelin 6-da Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla üçtərəfli görüşün yekunlarına dair bəyanatında yer alıb.
“Ölkə başçıları martın 30-da əldə olunmuş razılaşmaların müvafiq şəkildə izlənilməsi üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident Şarl Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, müharibə zamanı əsir götürülən digər şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, bütün humanitar məsələlərin tam və tez həll edilməsini bildirib”, – deyə bəyanatda qeyd olunur.
Xarici işlər nazirlərinə sülh müqaviləsi tapşırığı
Bildirilir ki, görüşdə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb: “İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli “Soçi bəyanatı”na uyğun olaraq, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi da razılaşdırılıb.
Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
- Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası.
- Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi”.
Avropa İttifaqı investisiya planlarından danışır
Eyni zamanda, liderlərin həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya/bağlantı infrastrukturunun bərpasını müzakirə etdikləri vurğulanıb: “Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır”.
Asim Mollazadə: “Status və Minsk Qrupu həmsədrləri artıq tarixdə qalıb”
Bəyanatda ATƏT-nin Minsk Qrupunun adının hallanmaması və status məsələsinin üstündən sükutla keçilməsi bir sıra suallar doğurub.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Meydan TV-yə deyib ki, münaqişə bitdiyinə görə ATƏT Minsk Qrupunun üzərinə düşən məsələləri Azərbaycan özü həll etməyə məcbur olub:
“30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də icra olunmurdu, 44 günlük savaşda onlar da icra edildi. Hazırda işlər ölkələr arasında sülh sazişi, demilitasiya, demarkasiya istiqamətində gedir. Bu prosesdə kimin bizə dəstək verməyindən asılı olmayaraq, Azərbaycanın istəyi sülh və sabitliyin yaranmasıdır”.
“Biz Ermənistandan sülh istiqamətində real ciddi addımlar gözləyirik və bu, onlar üçün də yeganə xilas yoludur. Çünki Ermənstan regional layihələrdən təcrid olunduğu üçün ağır sosial-istisadi təhdidlərlə üz-üzə qalıb. Bunların həlli Ermənistanın qonşulara qarşı ərazi iddialarına son qoyub normal qonşuluq prosesinə başlamasıdır. Azərbaycan da səbirlə Ermənistandan normal addımlar gözləyir”, – deyə Mollazadə bildirib.
Asim Mollazadənin qənaətincə, Qarabağın statusu və Minsk Qrupu artıq tarixdə qalıb: “Bu gün sərhədlərin müəyyənləşməsi, sülh sazişi və kommunikasiyaların açılması gündəmdədir. Bunların da məsuliyyəti Ermənistanın üzərindədir, Yerevan imzaladığı bütün sənədləri icra etməlidir”.
Rusiyanın mövqeyinə gəlincə, Mollazadə deyib ki, Avropa liderinin təşəbbüsüylə keçirilən ötən görüşdən əvvəl də Moskva məmnunluğunu ifadə etmişdi:
“Bu məsələdə hansısa qarşıdurma görmürəm. Təbii ki, Rusiyanın digər məsələlərdə başqa ölkələrlə problemləri var. Amma Rusiya da bu münaqişənin həlli yönündə müvafiq səylər göstərib, bir çox sənəd də imzalanıb. Amma Ermənistan onların da icrasını yubadır, ciddi addımlar atmır. Ona görə də Rusiyanın hansısa maneəçilik yaradacağını düşünmürəm. Şimal ölkənin Xarici İşlər Nazirliyi münaqişənin həlli istiqamətində atılan addımlara görə məmnunluğunu ifadə edib”.
“Azərbaycan istəsə də, istəməsə də, qarşıdurmanın tərkib hissəsinə çevrilir”
Siyasi şərhçi Rauf Mirqədirov isə Brüssel görüşünün qlobal qarşıdurma dövrünə təsadüf etməsinə diqqət çəkib.
O bildirib ki, mövcud gedişat Qərblə Rusiyanın əməkdaşlıq imkanlarını və diplomatik əlaqələrini daraldır:
“Son bir həftədə az qala 200-ə yaxın Rusiya diplomatı Avropa ölkələrindən qovulub. Belə olduqda tərəflər arasında hər hansı sahədə əməkdaşlıq qeyri-mümkündür. İkincisi, vasitəçinin şəxsindən gedir ki, Şarl Mişel Avropa Birliyinin anti-Rusiya mövqeyində dayanan əsas rəhbərlərindəndir. Üçüncüsü, Şarl Mişel və Qərb rəhbərləri ATƏT-nin Minsk Qrupunun münaqişənin həllini tənzimləyəcək kollektiv qurum olmadığını başa düşürlər. Qrupda Fransanın simasında Avropa Birliyi də təmsil olunmuşdu. ABŞ və Rusiya da təmsil olunur, amma artıq maraqların toqquşması böyükdür. Bu gün qlobal qarşıdurmanın ən vacib elementlərindən biri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsidir”.
“Enerji təhlükəsizliyinin təminatı və tranzit məqsədləri baxmından Qafqaz regionunun çox ciddi əhəmiyyəti var. Azərbaycan istəsə də, istəməsə də, qarşıdurmanın tərkib hissəsinə çevrilir. Nəzərə alın ki, mövcud qarşıdurma Ukraynada hərbi əməliyyatların məhdudlaşdırılmasıyla dayanmayacaq, proses uzun çəkəcək”, – Mirqədirov belə deyib.
Onun sözlərinə görə, Qərb regiondakı situasiyaya təsir etmək üçün əlindəki mexanizmlərdən istifadə edir. O bununla bağlı Şarl Mişelin bəyanatındakı şirnikləndirici məqamların olduğunu da vurğulayıb:
“Söhbət iqtisadi yardımdan gedir ki, bir neçə yerdə Avropa Birliyinin müəyyən xərcləri öz üzərinə götürməsi vurğulanır. Əlbəttə, bu, Ukrayna ilə müqayisədə daha az maddi vəsaitlər tələb edir. Ukrayna ətrafındakı münaqişənin nə cür həll olunmasından asılı olmayaraq, qlobal və regional təhlükəsizliyin yeni konfiqurasiyası yaranacaq. Məsələn, NATO rəhbərliyinin bəyanatlarında bu artıq özünü göstərir. Artıq kollektiv Qərb Rusiyadan ayrılmış müstəqil şəkildə çıxış edir. Mişelin bəyanatında demilitasiya, demarkasiya məsələlərinin vurğunlanması Qərbin Moskvayla rəqabətə girməyə hazır olduğunu təsdiqləyir”.
“Rusiyanın Brüssel bəyanatına münasibəti necə olacaq” sualına Mirqədirov belə cavab verib: “İndiki məqamda bu suala cavab vermək çox çətindir”.
Amma o, ehtimal edir ki, Moskva bununla barışmayacaq: “Bilirsiniz ki, Putin görüşdən əvvəl Paşinyana və Əliyevə zəng etmişdi. Fikir verdinizsə, Mişelin bəyanatında təhlükəsizlik, sülhməramlı missiya barədə məsələlərə toxunulmur. Rusiya, sözsüz ki, əlindəki bu vasitədən istifadə edəcək”.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.