Liz Truss: “Ehtiyacı olanlara yardım etməyə davam edəcəyik”
Böyük Britaniya Ukraynada və onun sərhədlərində müdafiəsiz insanlara kömək etmək üçün 45 milyon funt sterlinq ayıracaq.
Britaniya hökuməti bildirib ki, pul ehtiyaclı insanlara BMT agentlikləri, xeyriyyə təşkilatları vasitəsilə çatdırılacaq. Həmin insanlar müharibədən hər hansı formada əziyyət çəkən, cinsi zorakılığa məruz qalan, evini itirmiş insanlar ola bilər.
Bununla da Böyük Britaniyanın Ukraynaya ayırdığı humanitar yardım paketinin məbləği 220 milyon funt-sterlinqədək yüksəlib.
Bu barədə danışan Britaniya xarici işlər naziri Liz Truss deyib ki, münaqişəboyu Ukrayna xalqının yanında olublar:
“Ən böyük humanitar donorlardan biri olaraq biz Rusiya Prezidenti Vladimir Putinin alçaq müharibəsinin ən ağır yükünü daşıyanlarına dəstək olmağa çalışırıq. Biz ehtiyacı olanlara yardım etməyə davam edəcəyik”.
Nazir bildirib ki, Britaniya yardımı daha çox Ukraynanın ən həssas təbəqələrinə, xüsusən də cinsi zorakılıq və istismar riski ilə üzləşən qadınlara və uşaqlara edəcək:
“45 milyon funtdan 15 milyonu qida, su, sığınacaq və digər əsas ehtiyaclara, həmçinin cinsi zorakılığın qarşısının alınması ilə məşğul olan BMT-nin Ukrayna Humanitar Fonduna ayrılacaq”.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits isə bildirib ki, Birləşmiş Krallığın bu töhfəsi BMT-nin Ukrayna Humanitar Fonduna insanlara sürətli, effektiv çatdırılacaq:
“Biz həyat qurtaran yardımın çatdırılmasını sürətləndirəcəyik. Hazırda bir kabusun içində olan insanlara bacardığımız qədər tez əl uzadacağıq”.
Yerdə qalan vəsaitin daha 15 milyon funtu uşaqlara, hamilə qadınlara yemək üçün xərclənəcək. Həmçinin müharibə zamanı psixoloji sarsıntı keçirən uşaqlara dəstək vermək üçün UNICEF uşaq agentliyinə köçürüləcək.
Moldova və digər qonşu ölkələrdəki yardım təşkilatları müharibədən qaçanları qorumaq üçün 10 milyon, Ukraynadakı Beynəlxalq Qırmızı Xaç Federasiyasına isə 5 milyon yardım ayrılacaq.
Truss həmçinin bildirib ki, Böyük Britaniyanın 220.000 yaralının müalicəsi üçün 380.000 paket dərman və yara baxımı paketi də daxil olmaqla, artıq çatdırılmış 5 milyondan çox məhsula əlavə olaraq daha çox tibbi ləvazimat göndəriləcək.
Britaniya artıq Ukraynanın Rusiya qüvvələri tərəfindən mühasirəyə alınmış hissələrinə 2 milyonluq ərzaq tədarükü həyata keçirib.
17 yük maşını artıq 50.000 kq-dan çox makaron, 10.000 kq düyü, 60.000 konserv qarğıdalı mal əti və 80.000 litrdən çox su çatdırıb.
Təxminən 30 milyon humanitar yardım Polşaya oradakı qaçqınlara kömək etmək və Ukraynaya ləvazimat çatdırmaq üçün gedir.
BMT-nin məlumatına görə, Ukrayna daxilində 16 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.
Təxminən 7 milyon insan məcburi köçkün vəziyyətindədir, 5,5 milyon qaçqın isə qonşu ölkələrə sığınıb.