Britaniya parlament seçkilərinin demokratik standartlara cavab verməməsindən narahatdır

Böyük Britaniya Azərbaycan hökumətini sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır

Foto: arxiv


“Azərbaycana seçki islahatları ilə bağlı dəstək verməyə hazırıq”

Böyük Britaniya Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən narahatdır.

Bu barədə

Birləşmiş Krallığın Xarici siyasət ofisi

nin bəyanatında deyilir.

“ATƏT-in seçki mühitinin həddindən artıq məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması, səsvermə günündə səslərin sayılması zamanı qeydə alınan prosedur pozuntuları son nəticələrə şübhə yaratmağa əsas verir” – xarici siyasət ofisinin bəyanatında deyilir.

Böyük Britaniya Azərbaycan hökumətini sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.

Bəyanatda bildirilib ki, Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq var və onlar seçki islahatları və demokratik prosesin yaxşılaşdırılması ilə bağlı rəsmi Bakıya dəstək verməyə hazırdırlar.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətBritaniya parlament seçkilərinin demokratik standartlara cavab verməməsindən narahatdır