Təyyarə qəzasını araşdıran komissiyanın ekspertləri yaxın günlərdə Astanaya qayıdacaqlar
Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) “Azərbaycan Hava Yolları”nın qəzaya uğramış sərnişin təyyarəsinin uçuş reqistratorlarının (qara qutu) analizini tamamlayıb.
Uçuş məlumatları və kabin səsi yazıları Braziliyaya yanvarın 1-də çatdırılıb və analizlər növbəti gün başlayıb.
CENIPA məlumatların çıxarılması, bərpası və təsdiqlənməsi prosesinin yanvarın 4-də tamamlandığını açıqlayıb.
Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) məlumatına görə, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlər analiz prosesinə nəzarət etmək üçün Braziliyaya gedib.
Bu mütəxəssislər məlumatların çıxarılmasını izləyib.
Bərpa olunmuş məlumatlar Qazaxıstanın Aviasiya Qəzalarının Araşdırılması İdarəsinə təhvil verilib. Bu qurum araşdırmanı aparmaq və yekun hesabatı dərc etmək məsuliyyətini daşıyır. Audio yazılar və ya ilkin nəticələr barədə heç bir məlumat açıqlanmayıb.
FAB öz bəyanatında uçuş ssenarilərinin bərpası üçün qabaqcıl 3D animasiya texnologiyalarından istifadə edildiyini bildirib.
“Bu texnologiya müstəntiqlərə uçuş trayektoriyası, sürət, yüksəklik, sistemin performansı və ekipajın hərəkətləri kimi kritik parametrləri daha dəqiq anlamağa imkan verir”, – FAB-nin bəyanatda qeyd olunub.
Bildirilib ki, araşdırma nəticələri yalnız Qazaxıstan müstəntiqlərinin yurisdiksiyasına daxildir və onların rolu yalnız texniki vasitəçi kimi çıxış etməkdən ibarətdir.
Qazaxıstanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, təyyarə qəzasını araşdıran komissiyanın ekspertləri yaxın günlərdə Braziliyadan “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
AZAL-a məxsus Bakı-Qroznı aviareysi üzrə uçuş edən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.