Ağasalam Məmmədov: “Onu “Bravo” işinə görə tutmusunuzsa, narkotik nədi yükləmisiniz?”
“Bravo” hipermarketinin girişində inkassatora silahlı hücumla əlaqədar həbs olunanlardan biri – Azər Məmmədovun ailəsi onun təqsirsiz olduğunu, törətmədiyi cinayəti üzərinə götürməsi üçün işgəncəyə məruz qaldığını deyir. Qəbələ rayonunun Həzrə kənd sakini olan Ağasalam Məmmədov Meydan TV-yə danışır ki, oğluna “Bravo”ya silahlı hücumla yanaşı, narkotik satışı ittihamı da verilib:
“Öz ayağıyla polisə gedən adam üstündə narkotik aparar?”.
“Halbuki, mənim oğlum ümumiyyətlə, narkotikin rəngini, dadını bilmir, qalmışdı onun satışı olsun. Zəng eləyib polisə çağırıblar, o da iş yerindən çıxıb gedib. Telefon məlumatları da bunu sübut edə bilər. Öz ayağıyla polisə gedən adam üstündə narkotik aparar? Bu qədər yalan olar?” – ata deyir.
Ağasalam Məmmədovun sözlərinə görə, oğlu martın 4-dən həbsdədir. Amma onun yeri barədə 5 gün ümumiyyətlə, heç bir məlumat əldə edə bilməyiblər. Harada saxlandığını dəqiqləşdirmək üçün dəfələrlə Daxili
İşlər Nazirliyinin “102” xidmətinə edilən zənglərin, vurulan teleqramların da nəticəsi olmayıb:
“Martın 9-da Azərin iş yerində idik, bir nəfər mülki geyimli yaxınlaşdı. Dedi ki, Azər bizdədi. Mənə dedi ki, siz də Baş Prokurorluğa yaxınlaşın, ifadə verməlisiniz. Onda bildik ki, “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) saxlanılır. Vəkillə müqavilə bağlamışdıq. Vəkili Azərin heç həndəvərinə buraxmadılar. Yalnız martın 17-də Azər “Bandotdel”dən Kürdəxanıya (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur) göndəriləndən sonra vəkil gedib onunla görüşə bildi. Onda öyrəndik ki, nə var, nə yox…”.
Ağasalam Məmmədov deyir ki, oğlunun ailə üzvlərilə telefon danışığı və görüş hüququ da məhdudlaşdırılıb.
O, yalnız martın 17-də Bakı İstintaq Təcridxanasına köçürüldüyü gün ailəsilə əlaqə saxlayıb, köçürüldüyünü xəbər verib və paltar, başqa zəruri əşyalar gətirilməsini istəyib:
“Ondan başqa heç bir əlaqəmiz olmayıb. Yalnız vəkil vasitəsilə əlaqə saxlaya bilirik. Kürdəxanıya köçürülənə qədər çox incidiblər onu. Üzündəki tükləri kəlbətinlə çəkiblər ki, boynuna alsın. Bu adam eləmədiyi cinayəti niyə boynuna almalıdır? Nə qədər yerlərə məktublar, teleqramlar göndərmişik. İki gün əvvəl ad günüm idi, müstəntiqdən xahiş elədim ki, heç olmasa, buna görə imkan yaradın, bizimlə danışsın. Dedi ki, yaxşı. Harasa zəng elədi. Yəqin ki, Bakı İstintaq Təcridxanası idi. Tapşırdı ki, ancaq bu günlük, başqa vaxt olmasın. Mən də tələsik Qəbələyə qayıtdım ki, evə tez çatım, oğlumla danışa bilək. Gecəyə qədər anası və mən telefonun yanında gözləmişik, zəng gəlmədi”.
“Bir-birindən xəbərsiz hərəkət edən iki dəstə olub”
Atası Azər Məmmədovun necə tutulmasından da danışır. O bildirir ki, sənədlərdə oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlandığı, axtarış zamanı üstündən narkotik tapıldığı yazılıb. Onun sözlərinə görə, oğluna polis əməkdaşları zəng edib, Nəsimi rayonu, 19-cu polis bölməsinə çağırıb. Bunun təsdiqləyən zənglərin sübutunu mobil operatorlardan da almaq olar:
“Martın 4-də günorta oğlum iş yerində olanda zəng gəlib ona, soruşublar ki, bu gün Ruhlanı görmüsən? O da deyib ki, hə. Nə varsa, düzünü danışıb. Hadisədən təxminən 1-2 saat sonra Ruhlan Azərə zəng eləyib. Deyib ki, vəziyyətim yaxşı deyil, məni “Torqovı” tərəfə apararsan? Dediyim kimi, Ruhlanla oğlum vaxtilə birlikdə işləyiblər, münasibətləri olub. O nə bilsin ki, Ruhlan kimisə öldürüb, nə iş görüb. Hansısa tanışım məndən nəyisə xahiş eləsə, durub mən də gedəcəm, kömək edəcəm. Mən nə bilim ki, o hardan gəlir, hara gedir? Azər də onu evlərindən götürüb, “Torqovı”da düşürüb, çıxıb gedib iş-gücünün arxasınca. Ona zəng eləyəndə də olanları danışıb. Deyiblər ki, iş yerində gözlə gəlirik. Bir-iki dəqiqə sonra başqa bir nömrədən zəng gəlib, onu 19-cu bölməyə çağırıblar. Bu da deyib ki, “biriniz deyirsiz, gözlə, gəlirik, o biriniz deyirsiniz, bölməyə gəl”. Bölməyə getmək üçün çıxıb. İş yeri bölməyə yaxındır. Bu, çıxan kimi, onu maşına basıb aparıblar. O biri tərəfdən də bir dəstə iş yerinə gəlib. Yəni bir-birindən xəbərsiz hərəkət edən iki dəstə olub. Bu günə qədər bilmirik ki, onu kimlər həbs eləyib”.
“Adi etibarnamə verməyə qoymurlar”
Ağasalam Məmmədov bildirir ki, oğlunun başqa hüquqları da pozulur. Məsələn, onun mülkiyyət məsələlərilə bağlı davam edən məhkəmə prosesləri var. Həmin proseslərlə əlaqədar o, ailə üzvlərindən birinə, vəkilinə etibarnamə verməlidir. Lakin buna imkan yaradılmır. Atasının sözlərinə görə, etibarnamə məsələsilə əlaqədar da müstəntiqə müraciət edib. Lakin “yox” cavabı alıb.
“Birincisi, mənim oğlum cinayətkar deyil. İkincisi, barəsində məhkəmə hökmü yoxdur. İnsan həbsdə olanda da onun azadlığı məhdudlaşdırılır, başqa hüquqlarını niyə əlindən alırsınız? Siz bunu “Bravo” işinə görə tutmusunuz, narkotik nədi yükləmisiniz? Camaat həbsdə nikah bağlayır, oğlum adi etibarnamə verə bilməz, niyə? İcarədə olan motosikletlər var, onların pulu ödənilməlidir. Azərin həbsdə olmasından istifadə edirlər, pullar ödənilmir. Bu da bizə ciddi problem yaradır. Heç bir hüquqi addım ata bilmirik. Əvvəldən də pulları ödəməyənləri Azər özü məhkəməyə vermişdi. O işlərin davam etdirilməsi üçün etibarnamə olmalıdır. Məhkəmədən məktublar gəlir, qalırıq belə”.
Martın 4-də Xətai rayonu, Əhmədli qəsəbəsindəki “Bravo”nun girişində inkassatora silahlı hücumla bağlı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti işgəncə iddialarını təkzib edib.
Hüquq-mühafizə orqanlarının “Bravo”da baş verənlər haqda açıqlaması
Bu hadisə ilə əlaqədar üç nəfər həbs olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatında üç nəfərin kimliyini də açıqlayıb. Bunlar Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdur.
Həbs olunanlardan Dəyanət Qüdrətova 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), həmçinin əlavə olaraq, bu cinayətlərə cəhd maddələrilə ittihamlar irəli sürülüb. Çünki silahlı hücum nəticəsində bir nəfər – Rüfət Həşimov qətlə yetirilib, daha biri – Samir Şeydayev isə yaralanıb.
Digər iki nəfərə – Azər Məmmədov və Səbuhi Qurbanova isə cinayətlərdə iştirakçılıqla bağlı ittihamlar irəli sürülüb.
Bu cinayətdə təqsirləndirilən daha bir nəfər – Ruhlan İsmayılov isə elə hadisə günü axşam saat 21 radələrində Fəvvarələr meydanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Baş Prokurorluq və DİN-in məlumatında iddia olunur ki, Ruhlan İsmayılov onun yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 dollar pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb”, – rəsmi məlumatda belə yazılıb.