“Xərclərin azaldılması məsələsi Azərbaycana aid deyil”
BP şirkəti xərclərini azaldır. Məqsədi növbəti ildə neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından aşağı olması halında da mənfəət əldə etməkdir.
Bu barədə BP-nin Baş icraçı direktoru
Bernard Luni
bildirib.
O qeyd edib ki, şirkət neftin qiymətindəki azalma səbəbindən 2020-ci il üzrə xərclərini 25 faiz azaldaraq 12 mlrd. ABŞ dolları edəcək. Bernard Luni əlavə olaraq 1-2 mlrd. dollar məbləğində azalma ola biləcəyini də elan edib.
BP-nin rəhbəri qeyd edib ki, koronavirus səbəbindən II rübdə gündəlik qlobal neft tələbatının 15 mln. barel azalacağı gözlənilir.
İqtisadçı Natiq Cəfərli deyir ki, BP-nin bu açıqlaması dünya üzrə yeni yataqların işlənməsi və əməliyyat xərclərinin azaldılması yönündədir. BP-nin Azərbaycandakı böyük yatırımları artıq geridə qalıb. Uzun müddətdir qazanc gətirir. Onlara aidiyyatı yoxdur:
“Bircə Cənub Qaz Dəhlizi çərçivəsində qaz yataqlarında yatırımlar var idi. O yatırımlar da bitib. Xərclərin azaldılması məsələsi Azərbaycana aid deyil. Həm də bir məsələ var. 1994-cü ildə BP ilə Azərbaycan arasında bağlanmış müqaviləyə əsasən, bizdəki əməliyyat xərcləri Azərbaycanın payından çıxılır. Ona görə də BP-nin Azərbaycanda xərclərin kəskin azaldılmasına gedəcəyini düşünmürəm. Ola bilsin, Azərbaycanda BP-nin baş operatoru olduğu layihələr çərçivəsində işçi ixtisarları oldu. Ancaq onu da deyim ki, burada işçi də çox deyil. 2015-2016-cı illərdə neftin qiymətinin kəskin düşdüyü zamanlarda müəyyən ixtisarlar və optimal idarəetmə aparılmışdı. Ona görə də Azərbaycanda böyük dəyişiklik olacağını düşünmürəm”.
Natiq Cəfərli deyir ki, bu gün BP-nin dünyanın 30-a yaxın ölkəsində yeni layihələri var. O layihələrin müəyyən qismində, eyni zamanda, yatırımlarda ixtisarlara gedə bilərlər:
“Bizə təsir edən tərəf SOCAR-dakı durumdur. Eşitdiyimə görə işçilərin maaşları azaldılıb, özhesabına məzuniyyətə göndərilənlər var və s. Belə halların olması ilə bağlı məlumatlar var. Ancaq kütləvi hal alması ilə bağlı ciddi məlumatlar yoxdur. Çünki SOCAR dövlət şirkətidir. Dövlət başçısı isə dəfələrlə deyib ki, belə bir durumda, yəni pandemiya dövründə ixtisarlar olmasın, vətəndaşlar işdən çıxarılmasın. Ona görə də insanları işdən çıxarmırlar. Ancaq görünür, fərqli yöntəmlər seçirlər”.
Natiq Cəfərli deyir ki, ən azından yaxın aylarda SOCAR-da böyükhəcmli ixtisarların olacağını düşünmür:
“İllərdir deyilir ki, SOCAR-ın ümumiyyətlə, çox şişmiş bir aparatı var. Burada optimallaşmaya ehtiyac var. Ancaq bunu böhranlı dövrdə yox, gələcəkdə, rahat bir zaman həyata keçirsələr, daha məntiqli olar. Bu zaman işsiz qalan vətəndaşlar digər sahələrdə iş tapa bilərdilər. İndi bütün dünyada iqtisadiyyat durma nöqtəsinə gəlib. İndiki halda ixtisarlara getmək ən böyük məntiqsizlikdir”, – Natiq Cəfərli deyib.