Müqaviləyə əsasən, Ukrayna 2025-2026-cı illərdə 3 milyard dollar alacaq
Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi artıq gəliri Ukraynanın silahlanması və avadanlıqların təmirinə yönəldəcək. Müqaviləyə əsasən, Ukrayna 2025-2026-cı illərdə 3 milyard dollar alacaq.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat verir.
Vəsaitlər aşağıdakılar üçün istifadə olunacaq:
- xaricdə istehsal olunan müdafiə təyinatlı məmulatların alınması;
- hərbi texnikanın təmiri;
- Ukrayna və beynəlxalq müdafiə şirkətlərinin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi;
- digər vacib materialların, o cümlədən Ukrayna istehsalı olan məhsulların alınması.
“Ukrayna müəssisələrinin 35 milyard dollarlıq potensialı var, ancaq vəsait çatışmazlığı onlardan tam şəkildə istifadə etməyə imkan vermir. Ona görə də dondurulmuş Rusiya aktivlərindən izafi gəlirlərin cəlb edilməsi Ukrayna müdafiə sənayesinin istehsal və təmir imkanlarına əhəmiyyətli təkan verəcək”, – deyə Ukraynanın strateji sənaye nazirinin müavini David Aloyan bildirib.
Vəsaitlər G7 ölkələrinin rəhbərlik etdiyi “Extraordinary Revenue Acceleration” (ERA) kredit proqramı çərçivəsində köçürüləcək. Ümumilikdə, tərəfdaşlar Ukraynaya təxminən 50 milyard dollar verəcəklərini vəd ediblər. Bu vəsait Avropa İttifaqında və digər yurisdiksiyalarda olan, Rusiyanın dondurulmuş suveren aktivlərindən alınan gəlirlər hesabına ödəniləcək.
Maliyyə Nazirliyinin məlumatına görə, Rusiyanın dondurulmuş suveren aktivlərinin təxminən 280 milyard dolları G7 yurisdiksiyalarında saxlanılır. G7 ölkələri Rusiya Ukraynaya qarşı törətdiyi cinayətlərin əvəzini ödəyənə qədər onları əl dəymədən saxlamağa söz verib.