Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib: Siyahıda azərbaycanlılar da var

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Böyük Britaniya hökuməti Ukraynaya hərbi müdaxilənin dördüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Siyahıya təxminən 300 şirkət, fiziki və hüquqi şəxslər, həmçinin “kölgə donanması”na aid gəmilər daxil edilib.

Siyahıda azərbaycanlıların da adı yer alır. Qeyd olunur ki, sanksiyalar “2Rivers Group” şirkəti ilə əlaqəli 175 hüquqi şəxsə tətbiq edilib.

Bloomberg bildirir ki, “2Rivers Group” şəbəkəsi azərbaycanlı treyderlər Etibar Eyyub və Tahir Qarayev ilə bağlıdır və beynəlxalq sanksiyalara baxmayaraq, yüz milyonlarla barrel Rusiya neftinin daşınmasında mühüm rol oynayıb.

Böyük Britaniya Ukrayna müharibəsi ilə əlaqədar 2024 və 2025-ci ildə də “2Rivers Group”a sanksiyalar tətbiq edib.

Budəfəki məhdudiyyətlərə həmçinin “Poçta Bank”, “Toçka”, Transkapitalbank, “Absolyut-Bank”, “Sinara”, “Avers”, “Lanta-Bank”, “Ak Bars” və “Fora-Bank” bankları da düşüb.

Sanksiya siyahısına həmçinin “Transneft”, “Rosatom”un strukturları olan “Rosatom Energy Projects”, “REIN Engineering”, “Rusatom Overseas”, mayeləşdirilmiş təbii qaz istehsal edən “Krioqaz-Vısotsk” və “Qazprom SPQ Portovaya” müəssisələri də daxil edilib.

Sanksiyalara iki Gürcüstan televiziya kanalı – “Imedi TV” və “POSTV” də daxildir. Londonun fikrincə, onlar “Rusiya dezinformasiyasının” yayılmasında iştirak ediblər.

Ana səhifəSiyasətBöyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib: Siyahıda azərbaycanlılar da var