Böyük Britaniya Azərbaycanın “Zəngəzur” tankerinə sanksiya tətbiq edib

Sanksiya siyahısına həmçinin beş Azərbaycan vətəndaşı da daxil edilib

Böyük Britaniya mayın 9-da Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

Ölkənin Maliyyə Nazirliyi tərəfindən yayımlanan sənədə görə, Azərbaycan hökumətinə məxsus “Zəngəzur” tankerinə də Rusiya neftini daşıdığı üçün sanksiya tətbiq edilib.

“Zəngəzur” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsusdur və 2010-cu ildən istifadədədir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin saytında yerləşdirilən açıqlamada da qeyd olunur ki, bu tankerin sahibi olan ASCO-nun səhmlərinin 100 faizi Azərbaycan hökumətinə məxsusdur.

Şirkət sanskiya ilə bağlı məsələni şərh etməyib.

Böyük Britaniyanın  sanksiya siyahısına həmçinin beş Azərbaycan vətəndaşı da daxil edilib.

Həmin şəxslər – Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov və Etibar Eyub “Coral Energy Group” (hazırda “2Rivers Group”) şirkətinə rəhbərlik edirlər.

“2Rivers Group” şirkəti Rusiya neftinin ixracında mühüm rol oynayaraq, Qərb sanksiyalarından yayınmaq üçün “kölgə donanması” əməliyyatları həyata keçirən əsas ticarətçilərdən biri kimi tanınır.

Böyük Britaniya Maliyyə Nazirliyinin bildirdiyinə görə, bu şirkət Rusiya enerji sektorunda mühüm əhəmiyyət kəsb edir.

Gəmilərlə yanaşı, Böyük Britaniya “BX Energy” və “Nord Axis” LTD adlı iki şirkəti də sanksiya siyahısına salıb.

Bildirilib ki, sanksiyaya düşən azərbaycanlı iş adamı Etibar Eyub hər iki şirkətlə əlaqəlidir.

“OCCRP”-nin əldə etdiyi korporativ sənədlərə əsasən, bu şirkətlər Honq Konqda qeydiyyatdan keçib və Dubayda yerləşən ayrıca hüquqi şəxslərə məxsusdur.

Bu, Azərbaycanın Rusiya nefti ilə əlaqələndirildiyi ilk hal deyil.

2024-cü ilin iyulunda hüquq müdafiə təşkilatı “Global Witness”, Azərbaycanın dövlətə məxsus “STAR” neft emalı zavodunun böyük miqdarda Rusiya nefti emal etdiyini göstərən məlumatlar paylaşmışdı.

Təşkilatın məlumatına görə, 2024-cü ilin ilk üç ayında bu zavoddan Avropa İttifaqına ixrac 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.

Böyük Britaniya “2Rivers Group”a ilk dəfə 2024-cü ilin dekabrında sanksiyalar tətbiq edib.

Ana səhifəSiyasətBöyük Britaniya Azərbaycanın “Zəngəzur” tankerinə sanksiya tətbiq edib