Bosniya və Herseqovinadan daha bir nəfərin ekstradisiyası istiqamətində işlər aparılır
Bosniya və Herseqovinadan Azərbaycana 1 nəfər ekstradisiya edilib. Daha bir nəfərin ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.
Bu barədə Baş prokurorluq məlumat yayıb.
Prokurorluğun məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Ramil Ramiz oğlu və Təhməzov Elçin Bayram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bildirilib ki, həmin şəxslər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib.
Məlumata görə, iyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. Elçin Təhməzovun Azərbaycana gətirilməsi istiqamətində isə tədbirlər davam etdirilir.
Baş Prokurorluğun yaydığı digər məlumata görə, beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bildirilib ki, Azərbaycan vətəndaşları İbadov Amal Səxavət oğlu, Məhərrəmli Rizvan Kamil oğlu və İsmayılov Samir Yusif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.
“Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər”,- məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, həmin şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.