”Meyvə-tərəvəz çürüyür, bahalıqdan kimsə yaxın durmur”
Bu ayın əvvəlindən ölkənin Qərb və Şimal rayonlarında göyərtinin qiyməti bahalaşıb. Əvvəllər 10 qəpiyə aldığımız göyərtinin dəstəsi indi 90 qəpik -1 manata satılır. Ötən həftədən bəri Gəncə bazarında kişnişin dəstəsi 1 manata satılır. Qax bazarında şüyüdün dəstəsi 90 qəpik, Şəki bazarında isə 1 manata olub.
Bostan məhsulları da bahalaşıb
Göyərtinin bahalaşmasından təkcə alıcılar deyil, satıcılar da narazı qalıb. Şəki bazarında göyərti satan Əbülfət Əliyev deyir ki, 22 ildir alver etsə də, belə fantastik bahalaşmanın şahidi olmayıb. Şəkili satıcıların sözlərinə görə, təkcə göyərti deyil, meyvə və bostan məhsulları da bahalaşıb: “Avqust ayının birinci ongünlüyü bitib, amma qarpızın kiloqramı hələ 60 qəpikdən, yemişin kiloqramı isə 80 qəpikdən aşağı düşməyib”.
Hazırda Şəki bazarında yumurta 25 qəpik, toyuq 7 manat, mal əti 9 manat, kartof 80 qəpik, soğan 60 qəpik, pomidor 1 manat-1 manat 50 qəpik, xiyar 80 qəpik, şaftalı 2 manat 50 qəpik, gavalı 1 manatadır.
Şəki yerli və əcnəbi turistlərin ən çox üz tutduğu rayonlardandır. Şəkililər deyirlər ki, turist axını olsa da, bu işsizlik və əhalinin dolanışığına o qədər də təsir etmir.
Bununla belə bazardakı alıcıların əksəriyyəti yerli turistlərdir. Nisbətən yaşlı satıcı etiraf edir ki, kirayə ev tutub qalan yerli turistlər olmazsa, gün ərzində 5-10 manat qazanc götürə bilməzlər:
“Amma çoxu qatıq-pendir, yumurta, ya da ət alır. Meyvə-tərəvəz çürüyür, bahalıqdan kimsə yaxın durmur”.
Qax bazarında bolluq yoxdur
Qax bazarında da satıcılar alıcı qıtlığından şikayətçidirlər. Bazar günorta saatlarınadək işləyir. Satıcılar bazara daxil olan alıcını az qala qapıda qarşılayıblar.
Bazarda yalnız 3 yerdə göyərti satılır. Satıcılar deyirlər ki, hava isti keçib, su da problem olub. “İri təsərrüfatlara su verilir, yazıq kəndlinin məhsulu məhv olur”,-adını söyləmək istəməyən satıcı bildirir. Digəri isə deyir ki, qapısının məhsulunu bazara çıxaranlar azalıb. Bir az imkanı olan Bakıya, iri təsərrüfatlar isə Rusiya bazarına üz tutur.
“Ucuz olanda 5-6 kilo alırdılar. İndi 2 kilodan artıq kartof, soğan alan yoxdur. 1 kisə kartofu 4 günə satıb qurtarmışam”, -satıcı gileylənib.
Onların sözlərinə görə, qıtlığın bir səbəbi də selin Zaqatala, Balakən zonasında məhsula ciddi ziyan vurması ilə bağlıdır.
Şəki bazarından fərqli olaraq Qax bazarında qarpız-yemiş bol deyil. Satıcı and-aman edir ki, qarpızın kiloqramı ona 32 qəpiyə başa gəlib. O da 60-70 qəpikdən satır ki, xərci borcunu ödəsin: “Elə bilirlər ki, biz qazan doldururuq. Cəmi 80 manat qazancım olub. Hər dəfə Ağdaşa gedib-qayıtmağa nə qədər xərcləyirəm”.
Satıcılar deyirlər ki, yayda yenə də gündəlik çörək pulunu çıxarmaq mümkün olur, indidən payızın, qışın dərdi çiyinlərini büküb.
Ekspert deyir ki…
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, son vaxtlar regionlarda güclü yağışların yağması açıq şəkildə yetişdirilən göyərtinin əmtəəlik görünüşünü korlayıb, bəzi yerlərdə isə məhv edib:
“Bu baxımdan bəzi regionlarda göyərtinin qiyməti bahalaşıb və eyni mənzərə son 10 gündə Bakıda da müşahidə olunur”.
Amma Vahid Məhərrəmov bahalaşmanın uzun müddət davam etməyəcəyini düşünür:
“Çünki göyərtini qısa müddətdə yetişdirmək mümkün olur. Bununla belə, bazarda qiymətin artımı istehsalçıların sayının artması ilə nəticələnəcək”.