BMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirəyə çıxarır

Şuşa-Xankəndi yolu. Foto: Meydan TV

Ermənistan XİN açıqlama yaydı, rəsmi Bakı iclasın nəticəsini gözləyir…

BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə (XİN) məsələ ilə bağlı hər hansı bir açıqlama yaymayıb.

XİN-in Mətbuat Xidmətindən Meydan TV-yə deyiblər ki, Azərbaycanın mövqeyi Təhlükəsizlik Şurasının iclasının nəticəsindən asılı olacaq.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

“Laçın dəhlizi problemi KTMT-nin məsuliyyət dairəsindən kənardadır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Laçın dəhlizi problemini öz məsuliyyəti hesab etmir”, – təşkilatın Baş katibi Stanislav Zas “Novosti” agentliyinə belə deyib.

Baş katib əlavə edib ki, Laçın dəhlizi problemi KTMT-nin məsuliyyət dairəsindən kənardadır və bu məsələ ilə bağlı təşkilata Ermənistandan heç bir müraciət daxil olmayıb:

Stanislav Zas. Mənbə: Sputnik-Armeniya

“Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik”.

“İlk dəfə Britaniya cəhdin qarşısını aldı, sonra Rusiya müzakirəni blokladı”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, BMT Təhlükəsizlik Şurasına hazırda Hindistan sədrlik edir və bu tələbdə Dehlinin rolu danılmazdır:

“Eyni zamanda, Fransa da dəstəyini göstərəcək”.

Zülfüqarov Meydan TV-yə deyib ki, əvvəllər də belə cəhdlər olub:

“İkinci Qarabağ savaşı zamanı birinci cəhdin qarşısını Böyük Britaniya alaraq məsələni təxirə salıb. İki dəfə isə Rusiya müzakirələri bloklayıb. Yəni birinci cəhd deyil. Hazırda Fransa təşəbbüs göstərir ki, Ukrayna savaşına baxmayaraq Rusiya Qərblə əməkdaşlıq etsin. Rusiya da sülhməramlı qüvvələrin BMT səviyyəsində beynəlxalq mandat almasına çalışır”.

Keçmiş nazir deyir ki, sadaladıqları məsələlər çoxdan Azərbaycanın nəzarətindədir və Bakı diplomatik vasitələrlə təmaslarını gücləndirib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

O, mövcud durumda Vaşinqtonun mövqeyinin maraqlı olduğunu düşünür:

“Çünki çox qəribə vəziyyət yaranacaq, yəni Qərbin anti-Rusiya mövqeyi Ukraynada bəllidir və Moskvanı hər yerdə bloklamağa çalışırlar. Müharibə başlayandan, yəni fevraldan sonra ilk dəfədir ki, Qərb Kremllə əməkdaşlığa gedə bilər. Rusiya da istəyir ki, əvvəlki Moskva-Ankara konfiqurasiyası fərqli istiqamətə yönəlsin. Əlbəttə, belə ehtimallar var”.

“Ermənistan prosesi fəallaşdırmaq üçün təxribat bəhanəsini işə sala bilər. Azərbaycan bu məqamı diqqətdə saxlamalıdır. Yəni təxribat yaradıb ardınca Azərbaycanı ittiham etmək təhlükəsi var. Fikir verin, Qərb və Rusiyanın təbliğat vasitələri eyni mövqedən çıxış edirlər. Guya Qarabağda humanitar fəlakət yaranıb, halbuki nəzarət və mühasirə fərqli məfhumlardır. Azərbaycan mühasirə yox, nəzarət edir. Ekoloqların piketi də elə yerdə keçirilir ki, Azərbaycanın bölgəyə təsiri güclü ola bilər. Əslində, Azərbaycan ekoloqların təsiri ilə istəyinə qismən nail olub”, – sabiq nazir qeyd edib.

“Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir”

Ermənistanlı politoloq Argişti Kiviryan da Laçın dəhlizindəki vəziyyəti “News.am” şərh edib. O deyib ki, Azərbaycan Laçın dəhlizini nəzarətdə saxlamaqla Yerevana və Qarabağdakı ermənilərə təzyiq kimi istifadə edir:

“Mən istisna edirəm ki, azərbaycanlıların tələbləri yerinə yetirilmədən “Artsaxı” (Qarabağı) Ermənistanla birləşdirən yol açılacaq”.

Onun sözlərinə görə, hazırda güc və təşəbbüs onların tərəfində olduğundan tələblərindən əl çəkməyəcəklər:

“Azərbaycanlılar minimuma nail olmağa çalışacaqlar, ya da ən azı erməni tərəfindən bu tələbləri yerinə yetirəcəyinə dair vəd alacaqlar. İndiki aksiya Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən diqqətlə planlaşdırılmış, rola əsaslanan xüsusi əməliyyatdır. Məqsədləri haqqında açıq danışırlar: birincisi, “Zəngəzur dəhlizi” adlandırdıqları şeyi erməni tərəfdən ələ keçirmək, ikincisi isə “Artsax” məsələsinin Azərbaycanın daxili məsələsi kimi təqdim ediləcəyi sülh sazişinə nail olmaq. Minimum isə Laçın dəhlizi və mədən üzərində nəzarət proqramını həyata keçirməkdir”.

Argişti Kiviryan. Foto: “panorama.am”

O qeyd edib ki, indi faktiki azərbaycanlılar Laçın dəhlizini bağlı saxlayaraq, bəzi hallarda isə açaraq bu dəhlizə nəzarət funksiyasını yerinə yetirirlər:

“Mədənlərə gəlincə, burada məqsəd “Artsax”ın daxili məsələlərinə girməkdir. Azərbaycan deyir ki, bu, mənim ərazimdir və mənim yoxlama aparmaq hüququm var. İndi onlar ya minimum proqramlarını həyata keçirməyə çalışmalıdırlar, ya erməni tərəfdən sanballı vədlər almalıdırlar, ya da Rusiya tərəfinin vasitəçiliyi ilə erməni tərəfinin onları hansı müddətdə yerinə yetirəcəyinə zəmanət almalıdırlar”.

“Bu tələblərin yerinə yetirilməsi ona gətirib çıxaracaq ki, azərbaycanlılar nəinki aşağıdakı tələblərdən geri çəkilməyəcək, həm də artıq möhkəmlənmiş mövqelərdən başqa tələblər irəli sürməyə başlayacaqlar. Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir. Ona görə də indi təslim olmaq başqa tələblərə yol açmaq demək olardı”, – deyə o qeyd edib.

Azərbaycanın niyə məhz indi bu addımı atması ilə bağlı suala Kiviryan belə cavab verib:

“Bu, Rusiya tərəfinin mövqelərinin zəifləməsi ilə bağlıdır. Azərbaycan ruslardan cavab almayacağına əmindir”.

Ermənistanın mövqeyinə gəlincə, Kiviryan vəziyyəti belə şərh edib:

“4 ildir ki, indiki hakimiyyət həmişə günahkarları tapmağa çalışıb: ya birincilər günahkardır, ya ruslar, ya da birincilər Laçını ruslara satıb. Amma reallıq budur ki, ölkəni elə vəziyyətə gətiriblər ki, Azərbaycan Ermənistanı heç subyekt kimi qəbul etmir. 100 min Ermənistan vətəndaşı bloklanıb və siz dövlət olaraq bu istiqamətdə heç bir iş görmürsünüz”.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər. 

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər. Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır. Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəSiyasətBMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirəyə çıxarır