Təşkilatın İnsan Hüquqları Ofisi ADR sədri ilə bağlı hökumətə çağırış edib
BMT İnsan Hüquqları Ofisi Azərbaycan hökumətini iqtisadçı Qubad İbadoğlunun təcili azad olunmasına çağırıb.
Təşkilat bu barədə avqustun 16-da “Twitter” hesabında məlumat yayıb.
Bildirilib ki, həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər onları dərindən narahat edir:
“Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə, qayğı ilə təmin olunmasına çağırırıq”.
Avqustun 8-də İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT), “Human Rights Watch” və “Human Rights House Foundation” da iqtisadçı Qubad İbadoğlunun həbsindən, saxlanma və ağır həbs şəraitindən dərin narahatlıqlarını bildirmişdilər.
Bundan əlavə, ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri Tom Lantos və İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit Azərbaycan Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırıb.
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.
Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.
Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.
Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.
Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.