BMT-nin xüsusi məruzəçiləri Azərbaycan hökumətinə sorğu göndərib

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova. Foto: Meydan TV

BMT-nin xüsusi məruzəçiləri və işçi qrupu AbzasMedia-nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib.

Məruzəçilər jurnalistlər barədə çıxarılan məhkəmə hökmü, onların saxlanma şəraiti və uzağa köçürülmələri barədə rəsmi izahat tələb edərək rəsmi müraciət göndəriblər.

Sənəddə jurnalistlərin fəaliyyəti dövründə korrupsiya araşdırmalarını, insan hüquqları pozuntularını və digər bir sıra vacib məsələləri işıqlandırdıqları vurğulanıb.

Həmçinin qeyd olunur ki, bu şəxslərlə bağlı məsələ ilk dəfə deyil – daha əvvəl 2024-cü il mayın 16-da da gündəmə gətirilib. Azərbaycan hökuməti isə həmin ilin iyulun 15-də verdiyi cavabda saxlanma şəraiti ilə bağlı yenilənmiş məlumatlar təqdim etdiyini bildirib. Buna baxmayaraq, məruzəçilər həm çıxarılan hökm, həm də saxlanma şəraiti ilə bağlı narahatlıqların aradan qalxmadığını vurğulayırlar.

Məruzəçilər bildirib ki, jurnalistlər bir ildən çox müddətdə Bakı İstintaq Təcridxanasında qeyri-insani şəraitdə saxlanılıb. Kameralarda havalandırmanın zəif olduğu, su sızmaları müşahidə edildiyi, yayda isə onların sərinkeşlə təmin olunmadığı bildirilib. Təcridxanada isti suyun uzun fasiələrlə verilməsi və duş otaqlarının təmirsiz halda olması da sənəddə vurğulanıb.

Həmçinin 2025-ci ilin martında həbsxana əməkdaşlarının Nərgiz Absalamovaya xəsarət yetirdiyi qeyd olunur.

Məruzəçilər bildirib ki, bundan başqa 2025-ci ilin iyulunda qadın jurnalistlər AbzasMedia-nın direktoru Ülvi Həsənlinin Umbakı həbsxanasına köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb və daha sonra təkadamlıq, şəraitsiz kameralara köçürülüb. 

2023-cü ilin noyabrından etibarən AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar. İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ana səhifəSiyasətBMT-nin xüsusi məruzəçiləri Azərbaycan hökumətinə sorğu göndərib