BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da Azərbaycanda fəaliyyətini dayandırır

Foto: UNHCR

Fəaliyyətin dayandırılmasının səbəbləri açıqlanmayıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR) Azərbaycanda fəaliyyətini dayandırır.

Təşkilatın nümayəndəsi Metyu Soltmarşın sözlərinə görə, bununla bağlı Azərbaycan hökumətindən rəsmi bildiriş alınıb.

“BMT Azərbaycan Hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığını yüksək qiymətləndirir və bu müddət ərzində BMT Azərbaycanda əsas inkişaf prioritetlərinin irəlilədilməsini dəstəkləyib. Qaçqınlar üzrə Ali Komissarlıq bütün tərəfdaşlar və donorlarla məsləhətləşmələr aparmaqla öz fəaliyyətinin məsuliyyətli şəkildə başa çatdırılmasını təmin etməyə sadiqdir”, – Saltmarş deyib.

Qərarın səbəbləri açıqlanmayıb.

Azərbaycanda bəzi beynəlxalq təşkilatların fəaliyyətinin məhdudlaşdırılması fonunda bu qərar da siyasi səbəblərlə bağlı bir hadisə kimi dəyərləndirilir.

Bu ilin martında “Caliber.az” yazmışdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.

Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2025-ci il martın 3-də yaydığı məlumatda isə deyilirdi ki, nazir Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşdə bildirib ki, Bakı BMT ilə əməkdaşlıqları yeni dövrün reallıqlarına uyğun nəzərdən keçirir.

“Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb. Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib”, – Azərbaycan XİN-nin məlumatında bildirilib.

2025-ci ilin martında Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyi bağlanıb.

Bir neçə gün öncə, mayın 2-də isə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması xəbərləri yayılıb.

Bir gün əvvəl, mayın 5-də isə BMT-nin Əhali Fondu (UNFPA) da Azərbaycanda fəaliyyətini dayandırıb.

Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.

UNHCR Azərbaycanda 1992-ci ilin dekabrından fəaliyyət göstərirdi.

Təşkilatın missiyası qaçqınlara, məcburi köçkünlərə və sığınacaq axtaran şəxslərə yardım etmək, onların hüquqlarını müdafiə etmək və uzunmüddətli həll yolları tapmaq idi.

Ana səhifəSiyasətBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da Azərbaycanda fəaliyyətini dayandırır