Qurumdan verilən məlumatda deyilir ki, Nümayəndəliyin fəaliyyəti 2025-ci ilin may ayında başa çatıb
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini dayandırıb.
Qurumdan verilən məlumatda deyilir ki, Nümayəndəliyin fəaliyyəti 2025-ci ilin may ayında başa çatıb.
Məlumatda vurğulanır ki, UNFPA bu ölkədəki 30 illik fəaliyyəti ərzində ana sağlamlığını yaxşılaşdırmaq, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün hökumətə və digər tərəfdaşlara kömək etməkdə əsas rol oynayıb.
“UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam edəcək”, – qurum qeyd edib.
Mayın 2-də BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatmışdı.
Bu il martın əvvəlində yerli mətbuatda BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar səsləndirilirdi. Hökumətyönlü “Caliber.az” saytı yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.
Məlumatda deyilirdi ki, həmin təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.
Bu məlumatdan bir neçə gün sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüşdə bildirib ki, Bakı BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və onun resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir.
Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.