"2050-ci ilədək azı bir dəfə Arktik okeandakı buz qatı tamamilə yox olacaq"
"Dünyada istiləşmə nəzarətdən çıxır. 2050-ci ilədək azı bir dəfə Arktik okeandakı buz qatı tamamilə yox olacaq. Bu, hələ ən yaxşı haldır. Bütün bu proseslərdə günahkar insanlardır".
BMT-nin İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupunun (IPCC) hesabatında belə
deyilir
.
Hesabatda bildirilir ki, hazırda atmosferdə istixana qazlarının səviyyəsi çox yüksəkdir. Bu, iqlim pozuntusu yaradacaq həddədir: "Hazırda baş verən isti dalğaları və qasırğalar getdikcə kəskinləşəcək".
BMT-nin Baş katibi Antonio Quterres hesabatı “bəşəriyyət üçün fövqəladə vəziyyət” adlandırıb.
O deyib ki, kömürdən və digər yüksək çirklənmə yaradan yanacaqlardan istifadəni dayandırmaq lazımdır: “Qlobal istiləşmə Yer üzünün hər bir regionuna təsir göstərir. Onun nəticəsində baş verən dəyişikliklərin çoxunun qarşısını almaq mümkün olmur. Kömür və digər mədən yanacağı planeti məhv etmədən istifadəsi azalmalıdır".
ABŞ Prezidentinin İqlim üzrə təmsilçisi Con Kerri deyib ki, hesabat iqlim böhranının daha ciddi şəkil alacağını göstərir: "Gələn onillikdə iqlimlə bağlı təcili tədbirlər görmək lazımdır”.
Britaniyanın Baş naziri Boris Conson isə deyib ki, növbəti onillik planetin gələcəyinin təmin edilməsində “həlledici” olacaq.
“ActionAid International” kampaniya qrupundan Tereza Andersen isə bildirib ki, bu hesabat gözardı edilməməlidir: "Hətta həyəcan təbilidir. IPCC bizə deyir ki, orta qlobal istiləşməni 1.5C həddinə məhdudlaşdırmaq çətin olacaq, amma qeyri-mümkün də deyil. Yeni hesabat belə bir mesaj verir ki, emissiyaları, həqiqətən, sıfıra salmaqdan ötrü radikal və transformatik hərəkət gərəkdir”.
Hesabat 14 mindən artıq elmi araşdırma əsasında hazırlanıb.
Sənəddə deyilir ki, təcili tədbirlər görülməsə, növbəti 20 il ərzində dünyada orta temperatur 1.5 dərəcə Selsi istiləşmə həddini keçəcək. Əsrin sonunadək bu göstərici 2C-ni də keçə bilər: “Hər 50 ildən bir baş verən kəskin isti dalğası indi onildə bir dəfə müşahidə olunur. Tropik siklonlar güclənir. Bir çox torpaq ərazilərə il ərzində daha çox yağış və qar yağır. Kəskin quraqlıq indi 1.7 dəfə daha çox baş verir. Yanğın mövsümləri uzanır və intensivləşir”, – hesabatda vurğulanır.
Dəniz səviyyəsinin də qalxacağı bildirilir. Qlobal istiləşmə 1.5C-də qalsa belə, ortalama dəniz səviyyəsi 2-3 metr qalxacaq, hətta daha artıq ola bilər: "2300-cü ilədək 15 metrdən artıq qalxma da istisna deyil".