Bloklanan saytların rəhbəri apelyasiya şikayəti verir

”Hakimiyyət özünə sərf edən ”əl mediası” yaradıb”

Source:
Bloklanmış saytlar
Bloklanmış saytlar


”Hakimiyyət özünə sərf edən ”əl mediası” yaradıb”

“Saytımızın bloklanması ilə bağlı vəkil apelyasiya şikayəti hazırlayıb. Həmin şikayət bu gün məhkəməyə təqdim olunacaq”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Meydan TV-yə belə deyib. Bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarı ədalətsiz və sifarişlidir:

“Saytın bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaldırdığı iddia ərizəsi hüquqazidd və əsassız idi. Baxmayaraq ki, iddia əsaslandırılmamışdı, ancaq iddia ərizəsinin altında nazir Ramin Quluzadənin imzası vardı. Görünür, ya hüququ yaxşı bilmir, ya da bacardığı bura qədərdir. Ümumiyyətlə, Azərbaycanda ədalət mühakiməsi olmadığına görə veriləcək qərar da bəllidir. Apelyasiya Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayacaq. Bundan sonra isə biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Siyasi sifarişlə fəaliyyətimizi məhdudlaşdırdığına görə nazirliyi məhkəməyə verəcəyik

Şəmşad Ağa deyir ki, nazirliyin “Arqument.az”-la bağlı iddia ərizəsinə görə də məhkəməyə müraciət edəcəklər:

“Heç nazirliyin böhtan, şərlə bağlı məsələni araşdırmaq kimi bir səlahiyyəti də yoxdur. Biz onlara bu qərarları ilə bağlı sorğu ilə müraciət də etmişik. Yazıda böhtan və yalanı necə müəyyənləşdirdiklərini soruşmuşuq. Hələlik, sorğumuza cavab yoxdur. Siyasi sifarişlə fəaliyyətimizi məhdudlaşdırdığına görə nazirliyi məhkəməyə verəcəyik”.

Biz fəaliyyətimizi davam etdirəcəyik

Şəmşad Ağa bildirib ki, ilk bloklanan sayt “Arqument.az” deyil. Daha öncə də hakimiyyət bloklamağa üz tutmuşdu:

Şəmşad Ağa
Şəmşad Ağa

“Meydan TV, Azadlıq Radiosu, Turan TV, Azadlıq qəzetinin saytı da bloklanmışdı. Qəzetçilik də sıradan çıxarılıb. Hakimiyyət özünə sərf edən “əl mediası” yaradıb. Bu da Azərbaycan hakimiyyətinin mətbuata, azad sözə, ifadə azadlığına münasibətinin göstəricisidir. Bütün bunlara baxmayaraq, biz fəaliyyətimizi davam etdirəcəyik”.

İstəməzdim Azərbaycan dövləti bu üsula əl atamağa məcbur olsun

“Saytları bloklamaqdansa, hansısa formada bir dialoq pəncərəsi açmaq lazımdır. Bloklanan saytların rəhbərləri ilə izahedici işlər aparılmalıdır”.

Moderator.az-a açıqlamasında hökumətyönlü jurnalist

Azər Həsrət

belə deyib. O, saytların bloklanmasının xoş bir şey olmadığını söyləyib:

“Arzu etməzdim ki, Azərbaycan dövləti bu üsula əl atamağa məcbur olsun. Amma bir sıra saytlar var ki, onlara dəfələrlə xəbərdarlıq edilir. Onlar düzgün yola dəvət olunsalar da, çağırışları qulaq ardına vururlar. Ona görə də dövlət məcbur olub belə saytları bloklayır. Saytların bloklanması təcrübəsi Azərbaycana ziyansız ötüşməyəcəyindən başqa üsullar düşünmək gərək. Mətbuat Şurası başda olmaqla, müzakirələr təşkil etmək olar. Eyni zamanda, bloklanan saytların rəhbərləri ilə izahedici işlər aparılmalıdır”.

Həmin adamlarla bir dialoq masası arxasına oturmaq lazımdır

A.Həsrət deyir ki, bunu hamıya tətbiq etmək çətin olar. Çünki bir çox bloklanmış saytların sahibləri xaricdə yaşayır və onlarla bağlı tədbir görmək çətindir:

Azər Həsrət

“Burada tək çıxış yolu sadəcə olaraq bloklamaqdır. Amma bəzi saytlar da var ki, onlar Azərbaycanın daxilində fəaliyyət göstərir, sahibləri buradadır. Mənə elə gəlir ki, həmin adamlarla bir dialoq masası arxasına oturmaq, çıxış yolu tətbiq etmək və vəziyyətdən çıxmaq lazımdır”.

Səbail Rayon Məhkəməsi

avqustun 8-də

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xural.com”, “arqument.az” saytlarının fəaliyyətinin məhdudlaşdırılması haqda müraciətinə baxıb.

Məhkəmə “Xural”ın bloklanması və baş redaktor Əvəz Zeynallının 10 manat cərimələnməsi haqda qərar çıxarıb. Əvəz Zeynallı Meydan TV-yə apelyasiya şikayəti verəcəyini söyləyib.


Avqustun 7-də

isə az24saat.org saytı bloklanıb. Baş redaktor Vüqar Qurdqanlı apelyasiya şikayəti hazırladığını bildirib.

Ümumiyyətlə, son illərdə meydan.tv, azadliq.org, azadliq.info, azerbaycansaati.tv, criminal.az, bastainfo.com, abzas.net, arqument.az, az24saat.org, xural.com, anaxeber.az, monitortv.info saytları bloklanıb.

2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, Meydan TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Ana səhifəXəbərlərBloklanan saytların rəhbəri apelyasiya şikayəti verir