Bloger Qabil Məmmədovun adının hallandığı işdə Qönçə Məmmədovaya 6 il həbs verildi

Foto: Qabil Məmmədovun şəxsi arxivindən

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Qönçə Məmmədovaya hökm oxunub.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Məmmədovaya 6 il həbs cəzası verilib.

Məmmədova 13 nəfər şəxsə faizə pul verməkdə ittiham olunur.

İttiham aktında bildirilir ki, Qönçə Məmmədova özünü bloger Qabil Məmmədovun qohumu kimi təqdim edib və bir neçə şəxsi sosial mediada rüsvay edəcəyi ilə bağlı təhdid edib.

Qabil Məmmədov Meydan TV-yə deyib ki, onun Qönçə Məmmədova adlı qohumu yoxdur. Məmmədova onun sosial şəbəkədə canlı yayımına qoşularaq problemini işıqlandırılmasını istəyib.

“Qönçə Məmmədova efirimə qoşulmuşdu. Dedi ki, Müşfiqabadda yerləşən bir məktəbin direktorunun bacısı ilə birlikdə lombard açmaq üçün pul qoyublar. Sonradan isə həmin adam pulu sahiblənib və onu aldadıb. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə polisə və prokurorluğa müraciət etsə də, problem həll olunmayıb”, – deyə Qabil Məmmədov bildirib.

Bloger həmçinin qeyd edir ki, Qönçə Məmmədova bir neçə dəfə siyasi məhbuslara yardım etdikdən sonra bu problemlərlə qarşılaşıb.

“Bir şeyi də deyim ki, Qönçə Məmmədova efirimə bir neçə dəfə qoşulmuşdu, əlaqə saxlayırdıq. Siyasi məhbuslara da çox kömək edirdi – ən azı üç-dörd dəfə həm əməliyyatlarına, həm də ailələrinə ərzaq aparılmasına yardım etmişdi. Məncə, onun başına gələn problemin əsas səbəblərindən biri də bu idi. Həmin köhnə şəriki – o məktəb direktorunun bacısı – gedib xəbərçilik etmişdi ki, guya Qönçə mənimlə əlaqəlidir və siyasi məhbuslara kömək edir. Sonra da onun torbasını belə tikdilər”, – deyə bloger məlumat verib.

Qabil Məmmədov “Youtube” kanalında hakimiyyətə qarşı sərt çıxışları ilə tanınır.

2025-ci il iyulun 30-da Qabil Məmmədov barəsində 16 il müddətinə qiyabi olaraq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. 

Qabil Məmmədov Cinayət Məcəlləsinin ayrı-ayrı şəxslərə yalan vəd verməklə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və başqa maddələrilə ittiham olunur.

Ana səhifəSiyasətBloger Qabil Məmmədovun adının hallandığı işdə Qönçə Məmmədovaya 6 il həbs verildi