“Mühacirliyi qəbul etsəydim, əməliyyatım pulsuz olardı”
İsveçrədə xərçəng xəstəliyindən müalicə olunan videobloger Mehman Hüseynov iyunun 3-də Azərbaycan ictimaiyyətinə müraciət edib.
O, müraciətini “Facebook” səhifəsində yayıb.
Mehman Hüseynov son illər başına gələnləri – 7 il ölkədən çıxışına qadağa qoyulmasını, həbsini, həbsdə olan zaman anasının vəfat etməsini, həbsinin müddətinin uzadılma cəhdini, azadlığa çıxandan sonra döyülməsini xatırladıb:
“Bir gün həkim gəlib deyir ki, sən xərçəngsən. Həyatım tələb edir ki, mubarizə aparım. Əvvələr rüşvətxorlarla, millətin qanını içənlərlə, saxtakarlarla mubarizə aparırdım. İndi isə iş elə gətirib ki, özümlə mubarizə aparmalıyam. Əminəm ki, bu şişi də məhv edəcəm. Hələ bilmir gəlib kimə ilişib. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxarda bilmədi. Ayağımda damarlar çıxmışdı. Bizim klinikalara gedib muayinə olunurdum. Həkimlər deyirdi "narahat olma, adi varikozdu". Ancaq damarlar niyə çıxıb, səbəbi nə olub, onu demirdilər. Yeni il ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tbilisidə muayinə olundum”.
Mehman Hüseynov Gürcüstan paytaxtında müraciət etdiyi həkimlərin onun qarnında şiş olduğunu bildirdiklərini qeyd edib:
“Gürcü həkimlər bildirdilər ki, biz dəqiqləşdirə bilmirik, bu, nə şişdir. Amma məsləhət görərdik ki, Avropada muayinə edəsiz, çünki orada dəqiq sizə deyəcəklər”.
Bloger bundan sonra Bakıya qayıdıb, seçkilərdə iştirak edəndən sonra İsveçrəyə getdiyini bildirib:
“İsveçrədə 2 ay ərzində həkimlər muayinə edib və yekun qərarı təqdim ediblər. Onlar bildiriblər ki, onkoloji şişdi və burada vaxt itirmək olmaz, təcili mudaxilə lazımdır. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burada təklif etdilər ki, İsveçrə hökumətinə müraciət edib, mühacir kimi qalım. Bütün təminatları verəcəklərini, üstəlik mualicəmin və əməliyyatın pulsuz olacağını dedilər. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər. Mən qəti şəkildə rədd etdim. Mənim öz ölkəm var-Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mubarizəyə həsr etmişəm. O boyda çətinliklərdən keçib, əziyyət görüb, sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm”.
O bildirib ki, çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşı Emin Hüseynov petisiya etmək təklifini irəli sürüb.
“O, Azərbaycan xalqına muraciət edib ianə toplamağımızı söylədi. Amma mən razılaşmadım. Xalqımızın sosial vəziyyətini nəzərə alıb dedim ki, buna da razı deyiləm. Ən pis halda düşünürdüm ki, Azərbaycanda evimimizi satıb mualicə edərik. Amma ona görə ölkəyə qayıtmalıydım. Nəzərə alaq ki, giriş bağlıdır və həkimlər də bizə təcili olaraq radioterapiya etdirib, əməliyyata götürmək istəyirlər. Çünki getdikcə vəziyyətim pisləşir. Ona görə çıxılmaz vəziyyətdə, qardaşım Azərbaycan xalqına muraciət etdi. Yəgin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam”.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.
Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.
Həbsdə olarkən bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanıldı. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunurdu. Bloger ittihamın yalan və böhtan olduğunu bildirdi. Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirdi və onun aclıq aksiyasına geniş ictimai dəstək oldu. 2019-cu il yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verdi. Prokurorluğun cinayət işinə xitam verməsi Prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edirdi.
Mehman Hüseynov 23 dekabr bələdiyyə və 9 fevral növbədənkənar parlament seçkilərində “Hərəkət” Seçki Blokundan seçkilərə qatılmışdı.