Bloger: “İstərdim, Azərbaycanda qadınların daha çox azadlığı olsun”

Əslən Latviyalı olan bloger Viktoriya Razminoviç Azərbaycanı azərbaycanlılardan daha yaxşı tanıyır. O ölkənin müxtəlif yerlərində fərqli, yeni məkanları kəşf edərək izləyicilərinin istirahəti üçün alternativlər təqdim edir. Viktoriya Razminoviç 10 ildir Bakıda yaşayır. Mentalitet baxımından Latviyadan fərqli olan Azərbaycana alışmağı vaxt aparsa da, artıq uyğunlaşdığını deyir.

“Burada hər şey fərqlidi: mentalitet, insanlar, hətta tərbiyə də. Çünki orada müstəqillik daha çoxdu, hardasa Rusiyadakı, Avropa ölkələrindəki kimi. Yeni gələndə çox güclü depressiyaya düşdüm, çox əsəbiləşirdim ki, əvvəllər yaşadığım kimi burada yaşamaq artıq mümkün deyil. Düşünürəm ki, Bakıda bu mənada daha yaxşıdı vəziyyət, yəqin ki. Məncə indi artıq kimsə başqa ölkədən Azərbaycana, Bakıya köçərsə, ona artıq o qədər çətin olmayacaq. Çünki mən köçəndə mənim 14 yaşım vardı, qaşlarım alınmışdı, saçım qırmızı rəng idi, məktəbə şortda gedirdim. Və artıq onda anladım ki, yox, burada mən uzun müddət belə yaşaya bilməyəcəm. Dəyişmək lazımdı. Mənə bəzən pis sözlər deyirdilər. Deyirdilər ki, bu cür ancaq pozğun qızlar geyinir. Qaş almaq, xüsusən də məktəbdə saçları qırmızı rəngə boyamaq olmaz. Amma saçlarımı boyamaqdan imtina etmədim, ancaq paltarımı dəyişdim, şort geyinmədim. Amma gördüm ki, məndən sonra bizim məktəbdə başqa qızlar da saçlarını boyamağa başladı, belə bir dəstək qrupu alındı”.

Bloger deyir ki, işi gərəyi çoxu çəkilişlərdə olur. Lakin çəkiliş etdiyi zaman bəzən qadağalarla rastlaşır. Bəzi məkan sahibləri çəkiliş etməyinə icazə vermirlər. Ancaq o işini görməkdən böyük zövq alır:

“Fikir verirdim ki, adamlar daha çox harasa getmək istəyəndə restoranlara üz tutur. Halbuki Azərbaycanda o vaxt xeyli muzey, kinoteatr və s. varıydı. Mən də düşündüm, Azərbaycanda maraqlı yerləri çəkim ki, insanlar bu yerlər haqqında bilsinlər. O vaxt biz tez-tez səyahət edirdik, müxtəlif rayonlara gedirdik, çoxlu maraqlı yerlər tapırdıq. Əvvəlcə “Tik-tok”da səhifə yaratmağa başladım və gördüm ki, adamlar maraqlanır”.

Viktoriya Azərbaycanda insanların qonaqpərvərliyini çox bəyənir. O deyir ki, hər yerdə insanlar xaricilərlə belə açıq və mehriban olmurlar. Ancaq müşahidələrinə görə, burada qadınların azadlığı qısıtlanır:

“İstərdim ki, qadınların daha çox azadlığı olsun Azərbaycanda. Qadınlar özlərini ifadə etməkdən, işləməkdən insanlara özünü göstərməkdən qorxmasınlar, “mən varam, işləyə bilirəm” deyə bilsinlər. Onlara maneələr yaradılmasın ki, bunu geyinmə, filan yerə getmə, bunu demə, sənə olmaz, sən qadınsan, evdə oturmalısan. Çox istərdim ki, Azərbaycanda qadınlar özlərini ifadə edə bilsinlər”.

Ana səhifəVideoBloger: “İstərdim, Azərbaycanda qadınların daha çox azadlığı olsun”