O, kobud davranışdan, soyuqdan və şəraitsizlikdən şikayətlənir
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitinin ağır olduğunu deyir.
Bu barədə “Turan”a zəng edərək özü məlumat verib.
Onun sözlərinə görə, koloniyada 1500 məhkum saxlanılır.
“Burada antisanitariya hökm sürür, tualetlər çatışmır, biz daim sidik və nəcis qoxusu ilə nəfəs alırıq. Yer çatışmazlığı səbəbindən məhbuslar növbə ilə yatır. Bəziləri yerdə yatır”, – Ramazanov bildirib.
Ramazanov bildirib ki, yemək üçün cəmi 30 dəqiqə vaxt ayrılır və çoxlu sayda insanın yemək yeməyə vaxtı qalmır.
“Məhkumlara verilən yeməklər isə keyfiyyətsizdir”, – o qeyd edib.
Onun sözlərinə görə, məhbuslara evdən gətirilən yeməklərin verilməsinə məhdudiyyətlər qoyulur.
Bloger həbsxana kafe və mağazasında qiymətlərin baha olmasından da şikayətlənib.
Onun sözlərinə görə, kazarma da soyuqdur.
“Bizimlə məhbus kimi davranırlar, kobud danışırlar, hədə-qorxu gəlirlər, tibb məntəqəsində dərman vermirlər”, – Ramazanov qeyd edib.
Dediyinə görə, dindarlar üçün yaradılan həbsxana məscidində namaz qılarkən müəssisənin kafesində yüksək səslə musiqi səslənir.
Bundan başqa, Ramazanov onu da qeyd edib ki, blogerin şikayətlərini ictimailəşdirməmək üçün yaxınlarına təzyiqlər edilir.
O, məhbusların aclıq aksiyası keçirməyi planlaşdırdıqlarını və onların arasında özünün də olacağını vurğulayıb.
Rəşad Ramazanov nə vaxt həbs olunub?
Rəşad Ramazanov 20 may 2022-ci ildə saxlanılıb.
Bir gün sonra barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay həbs qətimkan tədbiri seçilib.
O, ittihamları rədd edib və fəaliyyəti ilə bağlı həbs olunduğunu deyib.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
2024-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilmişdi və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi.
2019-cu ildə isə ölkə başçısını sərəncamı ilə əfv edilib.
Yerli hüquq-müdafiə təşkilatları Rəşad Ramazanovu siyasi məhbus kimi tanıyaraq bildiriblər ki, həbsin əsl səbəbi hakimiyyətin din sahəsində siyasətinin sosial şəbəkələrdə tənqid edilməsidir.
Hazırda Azəraycanda 300-dən artıq siyasi məhbusun olduğu bildirilir.