Blinken: “Rusiya müharibədəki hədəflərinə çatmır”

L.Ostin. V.Zelenski və A.Blinken. Foto: Reuters

ABŞ Dövlət katibi və müüdafiə naziri Ukraynada

Martın 25-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlanmasından iki ay ötür.

Müdaxilədən sonra ABŞ Dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynaya ilk rəsmi səfərini edib. Bu, ABŞ tərəfdən edilən ilk səfərdir.

Antoni Blinken Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım edəcəklərini vəd edib.

Bildirib ki, həmin vəsaitin yarısı Ukraynaya xərclənəcək, qalan yarısı isə NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.

Müdafiə naziri Lloyd Ostin deyib ki, Ukraynaya qabaqcıl silahlar da daxil olmaqla əlavə hərbi yardım göstərəcəklər. Eyni zamanda, ABŞ nümayəndələri Kiyevə qayıdacaq.

Həmçinin Vaşinqtonun Kiyevə 165 milyon dollarlıq sursat satacağı da bildirilib.

Antoni Blinken və Lloyd Ostin Qərbin dəstəyini nümayiş etdirmək üçün səfərdə olan zaman Polşadan qatarla Kiyevə gedib, aprelin 24-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərlə görüşüb.

ABŞ rəsmiləri bildiriblər ki, nəzərdə tutulan 713 milyon dollar dəyərindəki yeni yardım Zelenski hökumətini Rusiyanın gələcək təcavüzündən qorumaq üçün nəzərdə tutulub.

ABŞ nümayəndə heyəti ilə Ukrayna liderləri arasında görüş üç saat və ya ayrılan vaxtdan iki dəfə çox davam edib.

Səfərdən sonra açıqlama verən Antoni Blinken deyib ki, Rusiya müharibədəki hədəflərinə çatmır, Ukrayna isə əksinə, müvəffəq olur.

Blinken, şərqdə gedən döyüşlərin dini pravoslav Pasxa bayramını kölgədə qoyduğunu bildirib. O, bir müddət öncə “Twitter”-də “Prezident Putinin qəddar işğalçı müharibəsi qarşısında Ukraynadakı pravoslav xristianların dözümlülüyündən ilhamlanırıq”, – yazmışdı.

Zelenskinin köməkçisi İqor Jovkva aprelin 24-də “NBC News”-a bildirib ki, Blinken və Ostinin səfərindən əvvəl Ukrayna rəsmiləri ABŞ-dan təcili ehtiyac duyulan raket əleyhinə sistemlər, zenit sistemləri, zirehli maşınlar və tanklar kimi silahların siyahısını tərtib ediblər.

ABŞ və NATO müttəfiqləri daha ağır texnika və daha təkmil silah sistemləri tədarük etməyə hazır olduqlarını ifadə ediblər. Britaniya hərbi maşınlar göndərəcəyini vəd edib.

Rusiya fevralın 24-də işğala başlayandan bəri Ukraynanın heç bir böyük şəhərini ələ keçirə bilməyib. Kiyevi ala bilmədiyi üçün qüvvələrini cənub və şərqdə cəmləşdirərək Zelenskinin “Donbas döyüşü” adlandırdığı hücuma keçib.

Britaniya Müdafiə Nazirliyi Rusiyanın Donbasın bəzi bölgələrində yalnız kiçik irəliləyişlər əldə etdiyini açıqlayıb:

“Kifayət qədər maddi-texniki və döyüş dəstəyi olmadan, Rusiya hələ də əhəmiyyətli irəliləyiş əldə edə bilməyib”, – deyə, məlumatda bildirilir.

Bundan əvvəl Kiyevin 1000 illik Müqəddəs Sofiya Katedralında Pravoslav Pasxa bayramı münasibəti ilə emosional çıxış edən Zelenski xalqının “qaranlıq günləri” aşacağını deyib.

Paytaxta normal həyat qismən qayıdıb. Hətta bir neçə ölkə Kiyevdəki səfirliklərini yenidən açıb. Döyüşlərdən qaçan bəzi sakinlər Pasxa bayramı ərəfəsində evlərinə geri qayıdıb.

ABŞ diplomatları yaxın həftələrdə Ukraynaya qayıdacaqlar və Vaşinqton yeni bu ölkədəki yeni səfirini elan edəcək.

Ötən il hakimiyyətə gələndən sonra ABŞ Prezident Co Bayden Ukraynaya 4 milyard dollarlıq hərbi yardım verib. Ötən həftə isə 800 milyon dollarlıq yeni yardım paketi açıqlanıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaBlinken: “Rusiya müharibədəki hədəflərinə çatmır”