Blinken: “Putin imperiya ambisiyalarından əl çəkməyib və çəkməyəcək“

Foto: Turan

Fransanın xarici işlər naziri də qeyd edib ki, Putinin imperialist baxışlarından söhbət getdikdə dünya laqeydlik göstərməməlidir

Yanvarın 8-də ABŞ dövlət katibi Entoni Blinken Parisdə, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransı keçirib.

Görüş zamanı Ukrayna, Yaxın Şərq və digər mühüm problemlər üzərində birgə işi davam etdirəcəklərini bildiriblər.

Tədbirdə Gürcüstandakı siyasi böhran xüsusilə müzakirə olunub.

“Fransa və ABŞ Gürcüstanda demokratiyadn geriləmə görür. Bu da dərin narahatlıq doğurur. Bu, sadəcə demokratiyada geriləmə deyil, gürcü xalqının böyük əksəriyyətinin Avropaya yaxın gələcək qurmaq istəyindən uzaqlaşmasıdır. Buna görə ABŞ və tərəfdaşları Bidzina İvanişviliyə və “Gürcü Arzusu”nun digər üzvlərinə qarşı sanksiyalar tətbiq ediblər”.

“Ukraynaya gəlincə, “Ukraynanın güclü mövqeyə malik olmaq və öz müstəqilliyini müdafiə etmək üçün ehtiyacı olan hər şeyə malik olmasını təmin etmək” üçün yaxın aylarda Fransanın liderliyi həlledici əhəmiyyət kəsb edəcək. Putin imperiya ambisiyalarından əl çəkməyib və çəkməyəcək. Və atəşkəs olsa, o, bu vaxtdan dincəlmək, yenidən təchizat və son nəticədə yeni hücum üçün istifadə edəcək. Buna görə də Ukrayna və Rusiya arasında istənilən sülh sazişi gələcək təcavüzə qarşı “real çəkindirmə” ehtiva etməlidir.

Bu, demarkasiya prosesində və ya atəşkəs xəttində başqa ölkələrin patrul çəkməsindən ibarət ola bilər”, – Blinken bildirib.

Fransanın xarici işlər naziri Barro da qeyd edib ki, Vladimir Putinin imperialist baxışlarından söhbət getdikdə dünya laqeydlik göstərməməli və sadəlövh olmamalıdır.

“Bu cəhətdən Entoni Blinkenlə razıyam. 2022-ci ilin fevralında Putin Rusiyasının tammiqyaslı hücuma başladığını və münaqişələri Asiyaya ixrac etdiyini, Şimali Koreyanı da buna cəlb edə bildiyini gördük. Hətta Aİ üzvlərinə hücumlar da daxil olmaqla, münaqişə hibridləşib”, – Barro bildirib.

„Əsas prioritet Ukraynanı dəstəkləmək və onun danışıqlara güclü mövqedə daxil olmasına kömək etməkdir. Həmçinin müharibənin Avropa qitəsinə qayıtmayacağından əmin olmaqdır. Bu, o deməkdir ki, bütün avropalılar Rusiyanın Qərbə doğru irəliləyən təhlükəsinin qarşısını almaq üçün səyləri fəallaşdırmalıdır”.

Diplomatlar həmçinin Prezident Trampın Ağ Evə qayıtması ilə bağlı yaranmış bəzi problemlərə toxunublar, “Amerikanın Qrenlandiyanı ələ keçirməsinin” qeyri-real ideya olduğunu bildiriblər.

Ana səhifəDünyaBlinken: “Putin imperiya ambisiyalarından əl çəkməyib və çəkməyəcək“