Blinken Əliyevlə telefonla danışıb (yenilənib)

İ.Əliyev və A.Blinken. Foto: president.az

Dövlət Departamentinin rəsmisi Metyu Miller bildirib ki, ABŞ dövlət katibi və Prezident Əliyev regional və ikitərəfli əməkdaşlıq sahələrini, o cümlədən Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəlik və öhdəliklərə sadiq qalmasının vacibliyini müzakirə ediblər.

Metyu Miller. ABŞ DD-in saytından screenshot


Bakı COP29 və Yerevanla münasibətlərin müzakirə olunduğunu deyir

Sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə “president.az”  məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Entoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib:

Blinken Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib”.

Azərbaycanın Prezidenti İlham Əliyev isə məhz Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvonun yarandığını vurğulayıb:

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini deyib. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib”.

Telefon söhbəti zamanı Azərbaycanda COP29-un keçirilməsi məsələsinə də toxunulduğu qeyd olunub:

Entoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib”.

ABŞ səfirliyi hələ telefon danışığı haqda məlumat yaymayıb.

Sentyabrın 14-də ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub.

ABŞ Dövlət Departamentinin məlumatına görə, danışıq zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün vacibliyinə toxunulub.

Dövlət katibi Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Həmçinin onlar ABŞ-Ermənistan münasibətlərinin genişlənməsini, enerji, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər.

Ana səhifəSiyasətBlinken Əliyevlə telefonla danışıb (yenilənib)