Biznes kreditlərinin yarıdan çoxu iri şirkətlərə verilib

Foto: Sutthiphong Chandaeng\shutterstock

Ötən il Azərbaycan bankları tərəfindən biznes sektoruna ümumilikdə 16,1 milyard manat kredit yönəldilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilə dair statistik bülleteninə əsasən, kredit təşkilatlarının biznes kredit portfeli 2024-cü illə müqayisədə 8,9 faiz artıb. Portfelin 1,2 milyard manatı dövlət fondları tərəfindən maliyyələşdirilib ki, bu da ümumi biznes kreditlərinin təxminən 7,5 faizini təşkil edir.

Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsünün təhlili göstərir ki, portfelin mütləq əksəriyyəti iri korporasiyaların əlində cəmləşib. Belə ki, banklar tərəfindən iri şirkət və holdinqlərə verilən kreditlərin həcmi 8,6 milyard manata yaxın olub. Bu, ümumi biznes kreditlərinin yarıdan çoxunu – 53,1 faizini təşkil edir.  Mövcud vəziyyət bankların iqtisadiyyatın müxtəlif sahələrinin maliyyələşməsinə müəyyən qədər bərabər yanaşmadığını göstərir.

Orta sahibkarlığa yönəldilən kreditlərin həcmi 2,3 milyard manat olub və 2024-cü illə müqayisədə 24,8 faiz artım qeydə alınıb.

İqtisadiyyatın “bel sütunu” hesab edilən mikro və kiçik sahibkarlıq subyektlərinə yönələn kreditlər biznes portfelinin 32,7 faizini təşkil edir. Belə ki, mikro sahibkarlığa verilən kreditlər 3,56 milyard manat, kiçik sahibkarlığa ayrılan kreditlər isə 1,7 milyard manat olub.

2024-cü illə müqayisədə ən yüksək artım mikro sahibkarlıq kreditləri üzrə qeydə alınıb. 2025-ci ildə bu seqmentdə 14,5 faiz artım bankların kiçik məbləğli, lakin yüksək faizli kreditlərə marağının artdığını, habelə ən cəlbedici pərakəndə biznes seqmentinə çevrildiyini göstərir. İqtisadçıların fikrincə, orta və kiçik biznesdən daha çox mikro kreditlərin artması biznesin genişlənməsinə deyil, əsasən gündəlik dövriyyənin saxlanmasına xidmət edir.

Rəqəmlər göstərir ki, 2025-ci il biznes kredit portfelinin şaxələndirilməsi ili deyil, daha çox mövcud strukturların böyüməsi ili olub. Xüsusilə nəqliyyat və tikinti sektorlarında kəskin artım, ticarət müəssisələrinə verilən kreditlərdə isə azalma diqqət çəkir.

Biznes kreditlərinin sahələr üzrə bölgüsünə nəzər yetirdikdə 2025-ci ildə əsas benefisiarlar sənaye, tikinti və nəqliyyat sektorları olduğu görünür.

Sənaye sektoruna yönəldilən kreditlər 2,5 faiz artaraq 2,8 milyard manata çatıb və ticarətdən sonra portfeldə ikinci ən böyük paya sahib olub.

Tikinti sektoruna ayrılan kreditlərin həcmində də sürətli artım müşahidə edilib. Bir il ərzində bu sektora yönələn kreditlər 25,4 faiz artaraq 1,7 milyard manatı ötüb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən biznes subyektlərinə ayrılan kreditlər 2024-cü ilin sonunda 1,4 milyard manat olduğu halda, 2025-ci ildə 1,9 milyard manata yüksəlib. Beləliklə, sektor il ərzində 30,5 faizlik rekord artım nümayiş etdirib. Cəmi bir il ərzində nəqliyyat sektorunun ümumi biznes kredit portfelindəki payı 9,8 faizdən 11,8 faizə yüksəlib. İqtisadçılar bu artımı Rusiya və İranla bağlı regional gərginliklər fonunda Azərbaycan üzərindən keçən tranzit yüklərin həcminin artması, eləcə də yerli nəqliyyat və logistika şirkətlərinin iri məbləğli kreditlərə ehtiyacının yüksəlməsi ilə izah edirlər. Bundan əlavə, azad edilmiş ərazilərdə yol infrastrukturunu həyata keçirən podratçı və subpodratçı şirkətlərin əlavə maliyyə resurslarına ehtiyacı yaranıb.

Biznes kreditlərinin tərkibində kənd təsərrüfatı subyektlərinə yönəldilən kreditlərin həcmi 2 milyard manatdan bir qədər çox olub. 2024-cü illə müqayisədə bu sektora banklar tərəfindən ayrılan vəsaitlər 16,8 faiz artıb.

Maraqlıdır ki, ticarət müəssisələrinə verilən kreditlərdə cüzi azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 4,25 milyard manat olan bu göstərici 2025-ci ildə 4,22 milyard manata enib.

Ana səhifəİqtisadiyyatBiznes kreditlərinin yarıdan çoxu iri şirkətlərə verilib