”Bizi öncə Allah, sonra da hökumətimiz öz dəftərindən silib”

Sovet vaxtı kəndlilərin asudə vaxtlarını keçirdikləri klub dağılıb, o vaxt tikilib istifadəyə verilən məktəb ara-sıra yüngülvari təmir olunsa da, qəzalı vəziyyətdədir, əsaslı təmirə ehtiyacı var.

Source: meydan tv


Hacırüstəmli kəndinin sakinləri qaz, yol və başqa sosial problemlərlə yaşayır

“Ötən il dayım oğlunun səhhəti pisləşdi, həkim çağırdılar, təcili yardım maşını gəlib kəndə çıxa bilmədi. Həkim zəng vurdu ki, yollar pisdir, gələ bilmirik. Dayım oğlu qollarımızda keçindi, təcili yardım maşını iş işdən keçəndən sonra gəldi”.

Bunu Meydan TV-yə İmişlinin Hacırüstəmli kənd sakini Tapdıq Həsənov deyir.

Qazsız qalan üç kənddən biridir Hacırüstəmli İmişlinin qurtaracağı ilə Biləsuvarın başlanğıcını birləşdirən kənddir. Sakinlərini dinlədikcə məlum olur ki, bu kəndin problemlərinin həlli daşdan çıxır.

Tapdıq Həsənov deyir, kənddəki sosial durum o qədər pisləşib ki, bu problemlərin qarşısında aciz qalan gənc nəsil çıxış yolunu buranı tərk etməkdə görür:

“Yol pis gündədir, suyu təzəliklə çəkiblər, uzun fasilələrlə verilir. Qaz yerli-dibli yoxdur. Yaxınlıqdakı köçkün şəhərciyinə, qonşu kəndlərə qaz xətti çəkilib, Hacırüstəmliyə yox… İmişlidə qaz xətti çəkilməyən 2-3 kənd qalıbsa, onun biri Hacırüstəmlidir. Sovet vaxtı kəndlilərin asudə vaxtlarını keçirdikləri klub dağılıb, o vaxt tikilib istifadəyə verilən məktəb ara-sıra yüngülvari təmir olunsa da, qəzalı vəziyyətdədir, əsaslı təmirə ehtiyacı var. Uşaq bağçası yoxdur. Bir sözlə, hamı yaxşı yaşamaq, yaxşı güzəran sürmək istəyir, ancaq bunun hacırüstəmlilərə aidiyyəti yoxdur. Bizi öncə Allah, sonra da hökumətimiz öz dəftərindən silib. Bütün bunlar kənddəki gənc nəsli ruhdan salır, hərəsi ağzını bir tərəfə tutub gedir”.


“Burda yıxılır, qonşu kənddə sarğı qoyulur”

Bir neçə il əvvəl kənddə tibb məntəqəsi tikilib. Ancaq sakinlər bircə dəfə də olsun məntəqənin qapısını açıq görməyiblər:

“Kənddə ən aşağı səviyyədə tibbi yardım da göstərilmir. Hər şeyə görə ya qonşu kəndlərə, ya da rayon mərkəzinə qaçmalıyıq. Uşaq yıxılır, başını qan aparır, bir aptek yoxdur ki, qaçıb yodunu, bintini alıb ilkin yardım göstərəsən. Gərək qucağına alıb qanı axa-axa başqa kəndə aparasan, sarğı qoydurasan”.

reg_hacirustemli_2.jpg
kəndin yolu

Son bir neçə ildə İmişlinin xeyli kəndi qazlaşdırılıb. Vur-tut bir neçə kənd qalıb ki, bunlardan biri də Hacırüstəmlidir. Sakinlərin deməsinə görə, hələ Sovet vaxtından insanlar qaz balonlarından istifadə ediblər, indi də bu balonları işlədirlər:

“Son on ildə neçə dəfə qaz balonu partlayıb, neçə insanın həyatı faciəli bitib. Əsasən də uşaqların həyatı təhlükəyə atılır. Hökumətimiz mavi yanacağımızla öyünür, ancaq biz hələ də yeməyimizi, çayımızı qaz balonunun üstündə hazırlayırıq, qışda səhərə kimi qaz balonunu söndürmürük, üstünə dəmir parçası atırıq, o dəmirin istisinə evlər qızışır. Halbuki, qaz balonunun partlayışı hər an qaçılmazdır”.


Əkin işlərinin əziyyəti var, qazancı yoxdur

Bu kəndin 1500 nəfər civarında əhalisi var. İnsanlar əkin və heyvandarlıq işləri ilə məşğul olurlar. Kənddəki əkin sahələrində əsasən pambıq və taxıl əkilir. Ancaq sakinlərin deməsinə görə, onlara bu əkin işlərinin yalnız əziyyəti qalır. Bu sahədə insan əməyinin dəyəri olduqca aşağıdır. Toplanan pamığı təhvil verərkən qazandıqları qəpik-quruş olur. O da kəndlə şəhər arasında gündəlik yol xərclərinə zorla çatır. Yol problemi və ictimai nəqliyyatın olmaması kənd sakinlərini taksi kimi yol maşınlarından istifadə etmək məcburiyyətində qoyur.


Təqaüdçülərin bankomat dərdi

Bu kənddəki təqaüdçülərin dərdi bir başqa aləmdir. Demələrinə görə, bankomat aparatı olmadığından ahıl yaşlı insanlar təqaüd vaxtı çatanda rayon mərkəzinə getməli olurlar:

“Bankomatdan əsasən təqaüdçülər, əlillər istifadə edirlər. Pensiya vaxtı çatanda kartları əllərində ona-buna yalvara-yalvara gəzirlər ki, kimsə rayon mərkəzinə gedib onlar üçün pensiyalarını çıxarsın. Kənddə bankomat quraşdırılmalıdır. Hər iki ailədən birində ya əlil, ya təqaüdçü var. Bu təbəqəyə belə şəraitdə yaşamaq xüsusilə çətindir”.

İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin ən vacib problemlərindən biri olan içməli su problemi həll olunub. Hazırda kəndləri birləşdirən Biləsuvar-Bəhrəmtəpə yolu və o yolun Hacırüstəmliyə gedən qolu əsaslı təmir olunur. Qazlaşdırmaya gəlincə, kəndlərin sosial problemlərinin həlli üçün vaxtaşırı layihələr işlənir, bu problemlər tədricən və növbəli qaydada həllini tapır. İmişlinin kəndlərinin demək olar ki, çoxu qazlaşdırılıb və mavi yanacaqla təmin olunub. Növbəti illərdə Hacırüstəmlidə də bu işlərə başlanacaq.

hac__rustamli.jpg
Hacırüstəmli kəndi
Ana səhifəBölgə”Bizi öncə Allah, sonra da hökumətimiz öz dəftərindən silib”