Ukraynalı nazir Rusiya vətəndaşlarına müraciət etdi
“Rusları Ukrayna telekanallarına baxmağa çağırmaq lazımdır. Biz bu istiqamətdə Rusiya vətəndaşlarına 10 milyonlarla məktublar göndərmişik, zənglər etmişik”.
Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko xalqa müraciətində belə deyib.
“Biz istəyirik ki, Rusiyanın internet məkanı ”çips” və pivə ilə yox, müharibədən görüntülərlə dolsun. Biz rus xalqına müharibəni göstərməliyik. Onlar müharibənin hər iki tərəfdən nə qədər insanın həyatına son qoyduğunu, insanları, şəhərləri məhv etdiyini görməlidirlər”, – nazir müavini deyib.
Anton Qeraşenko hesab edir ki, ruslar Ukrayna televiziyalarına ”YouTube” vasitəsilə baxmalıdır. Onlar Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya gətirdiyi bütün dəhşətləri görməlidirlər:
”İndi bütün Ukrayna kanalları “bir səs” siyasəti aparır – hamısı bir səslə bu işlə məşğuldur. Biz gündəlik gedən informasiyaları toplayıb, rusiyalıların e-poçt ünvanlarına göndərməliyik. Həmin emaillərə ”YouTube”-dan keçid linkləri qoymalıyıq. Bütün bu əməliyyatları isə “Ukraynada müharibəyə yox!” adı altında həyata keçirməliyik”.
Anton Qeraşenko həmçinin Ukrayna filosoflarına, mütəfəkkir və publisistlərə də müraciət edib. Onlardan xahiş edib ki, intelektlərindən istifadə edərək bu gün Ukraynada baş verənlərin daha hansı formada dünyaya çatdırıla biləcəyinə töhfə versinlər:
“Sizdən xahiş edirəm, intellektinizdən istifadə edərək qeyd etdiyim tezisləri inkişaf etdirəsiniz. Bu gün Putin təkcə Ukraynaya qarşı ərazi iddiasında deyil. Onun mübarizəsi təkcə Ukrayna dövlətçiliyinin məhvinə də yönəlməyib. O, Ukrayna millətini məhv etmək üçün irqi siyasət aparır. O və ətrafı ukraynalıları ikinci dərəcəli slavyanlar hesab edir. Necə ki, Adolf Hitler yəhudilər haqqında bu fikirdə idi”.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb. Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırıb.
Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.
Avropa İttifaqı ölkələri Rusiyanın üzünə hava məkanını bağlayıb. Eyni zamanda, Rusiyadan olan yüzlərlə şəxsə sanksiyalar tətbiq edib.
Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib.
Eləcə də, dünyanın bir çox ölkəsində Ukraynaya dəstək mitinqləri keçirilib.