Bir qrup media nümayəndəsi Vilayət Eyvazova müraciət edib

Zahir Əmənov. Foto: YouTube Screenshot

Onlar Zahir Əmənovla bağlı istintaqın ədaləti aparılacağına ümid edirlər

Aprelin 14-də bir qrup ictimaiyyət nümayəndəsi “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətdə bildirilir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırlar.

Media nümayəndələri onun pul tələb etməsinə inanmırlar: “Burada ən azı yanlışlıq olduğunu düşünürük. Eyni zamanda, sizi əmin edirik ki, Zahir Əminovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq”.

Müəlliflər baş redaktor barədə istintaq müddətində qətimkan tədbiri seçilərkən müraciətlərinin, Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşının nəzərə alınacağına ümid edirlər.

Aprelin 13-də Masallı rayonunda “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov redaksiyanın ofisində saxlanılıb.

Rəsmi yayılan məlumatda bildirilir ki, səbəb Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin barəsində etdiyi şikayətdir.

Məlumatda qeyd edilir ki, Z.Əmənov İsrafil Əliyevi gözdən salacaq materialın dərci ilə şantaj edib və ondan 1500 manat pul alarkən cinayət başında yaxalanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Vilayət Eyvazova edilən müraciəti “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev;
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlinski;
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev;
Pressklub TV kanalının direktoru Qulu Məhərrəmli; xural.com saytının baş redaktoru Əvəz Zeynallı;
Media hüququ mütəxəssisi Əlsəgər Məmmədli;
Media hüququ mütəxəssisi Xalid Ağaliyev və jurnalistlər Kamran Mahmudov, Pərviz Həşimli, Fikrət Fərəməzoğlu imzalayıblar.

Ana səhifəUncategorized @azBir qrup media nümayəndəsi Vilayət Eyvazova müraciət edib