“İcra Hakimiyyəti piketi məqsədəuyğun saymayıb”
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) 9 fevral növbədənkənar parlament seçkilərinə qatılan bir qrup namizədin Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib.
Müraciəti imzalayan Təşəbbüs Qrupunun üzvü Bəxtiyar Hacıyev Meydan TV-yə icra hakimiyyətindən cavab məktubunu aldığını deyib.
İcra hakimiyyəti hesab edir ki, namizədlərin təşəbbüs qrupunun 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir:
“MSK tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənələşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinə zidd tələblər araşdırılıb, həmin seçki məntəqələrində seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə olunur. Qeyd olunanlarla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik”, – cavabda deyilir.
Bəxtiyar Hacıyev icra hakimiyyətinə onlardan tövsiyyə istəmədiklərini və nəyin məqsədə uyğun olub-olmadığını soruşmadıqlarını qeyd edib.
“Biz sadəcə xəbərdar etmişik ki, piket keçirmək niyyətindəyik. İcra hakimiyyəti də cavab verdi ki, bu, onların cavabıdır, sizi qane etməyə bilər”.
Bəxtiyar Hacıyev bildirib ki, onlar məsələni müzakirə edib qərar barədə ictimaiyyəti məlumatlandıracaqlar.