
Bu coğrafiya elə bir yerdir ki, onu başa düşmək üçün parçası olmalısan, amma parçası olandan sonra da özün ona uyğunlaşmağa başlayırsan.
İran haqqında çox danışmaq olar: tarixi, tərkibindəki xalqlar, mədəniyyəti, siyasəti. İran coğrafiyası hər zaman regionun taleyini müəyyən edən ölkə olub. Orada baş verən hər hadisə tək özünü deyil, bütün bir coğrafiyanı dəyişə bilir.
Bu gün İranda baş verən müharibə, İsrail və Amerikanın İranda həyata keçirmək istədiyi planlar nə ilə nəticələnəcək – onu deyə bilmərəm, amma səmimi olaraq düşüncələrimi bölüşsəm, yaxşı nəticələnməyəcəyini deyə bilərəm. İranı bu günə qədər kim işğal etmək istəyibsə, ya bunu bacarmayıb, məğlub olub, ya da öz kimliyini buraxıb, ona bürünməyə məcbur qalıb.
Amerika Birləşmiş Ştatları artıq şərqi tanımağa başlayıb. Belə ki, daha ölkələrə demokratiya aparmaq vədi ilə girmək fikrində deyil, bu konseptlə yanaşmır. Orta Şərqdəki keçmiş səhvlərdən sonra başa düşdü ki, bura onun “tərbiyə” edə biləcəyi coğrafiya deyil, bundan sonra istiqaməti dəyişərək özünə uyğunlaşa biləcək diktaturalar tapmağa başladı. Kim ona dəstək olursa, yanında oldu, kim qəbul etmədisə onu göndərməyə başladı. Suriya dövlətinin başına gətirdikləri şəxs, misal üçün, demokratdırmı? Əhməd əl-Şaraa, ya da Colani olaraq tanınan şəxs. Xeyr. Terrorçu kimi axtarışa verilən bir şəxs idi. İranın islamçı rejimi bəlkə də onlardan daha demokrat hesab edilə bilər.
İran bütöv lazımdır, yoxsa bölünərək?
İranın bölünməsi ilə bağlı müzakirələr illərdir davam edir. Müxtəlif dövrlərdə kənar müdaxilələr yaradılmağa çalışılsa da, nəticə əldə edilməyib. Tərkibindəki etiraz aksiyaları isə daha çox siyasi rejimə və rejimin fəaliyyətinə yönəldilirdi. İranda bölünməyə yönəldilən millətlər isə, əsasən, azərbaycanlılar və kürdlərdilər. İstər say baxımından, istərsə də siyasi mühitin daha asan yaradıla biləcəyini nəzərə alanda bu millətlər üzərindən daha çox siyasi gedişlər edilməyə cəhd göstərilib.
Yaxşı, bu bölünmə olarsa, necə olar? – sualını düşünməliyik. Axı İran bu günə qədər heç vaxt bölünməyib.
İranın bölünmə ehtimalı olacağı təqdirdə 3 hissəyə bölünəcək – farsların qalacağı cənub hissə, azərbaycanlıların say çoxluğu təşkil etdiyi hissə və kürdlərin olduğu hissə. İranın bölünməyi düşünüldüyü kimi asan olacaq bir məsələ deyil. İranı nə Suriya ilə, nə də İraq ilə bir tuta bilmərik. İranın dövlətçilik anlayışı, coğrafiyada yaşayan xalqların tarix boyu birlikdə yaşaya bilmələri və dövlət mövzusunda hər zaman müdafiə etmələri bu istəyi çətinləşdirəcək. Buna hələ bir də şiəçiliyi əlavə etdikdə daha da mühafizəkar və dirənən bir toplum görürük. Əslində İranı analiz edən şəxs və təşkilatların, dövlətlərin ən böyük problemi şiəçiliyi nəzərə almamalarıdır. Şiəliyi bilmədən, onun fəlsəfəsini başa düşmədən İranla bağlı heç nə edə bilməzsən. Bunun ən bariz nümunəsi olaraq 28 fevralda öldürülən Ayətullah Əli Xamaneini misal göstərmək olar. Onun İslama görə Ramazan ayında öldürülməsi, düşmənə qarşı zəif olduqları halda mübarizə aparmağı, dirənməyi, vəzifəsinin üstündə öldürülməsi məğlubiyyət kimi dəyərləndirilmədi, şəhid kimi sayıldı. Bu isə başçısı öldürülən bir qüvvə üçün zərbə deyil, dirənmək üçün təsəlli oldu. Şiə düşüncəsi zəfəri, qələbəni qeyd etməyi deyil, Kəlbəla hadisəsindən qalan mübarizəni özlərinə yol seçiblər. Xamenei təkcə İranın ali rəhbəri deyil, şiələr üçün mərceyi-təqliddir. Digər nüfuzlu bir mərceyi-təqlid isə Ali al-Sistanidir. Onların şiələr üzərində nüfuzu kobud ifadə ilə “lider”lik səviyyəsidir. İran-İraq müharibəsi dövründə Xomeyni (İranın ilk ali rəhbəri) və Əbdülqasim Xoyi arasında başlanan fikir ayrılığı, daha sonra onların davamçılığını edən Xamenei və Sistaniyə də təsir etdi. Xoyi və Sistani dini rəhbərlərin siyasətə qarışmamalı olduğunu, birləşdirici rolda olmalı olduğunu desə də, Xomeyni və Xamenei əks fikirdə idi.
Sünni-şiə münasibətlərinə baxdığımızda da Xoyi məzhəblər arasındakı fikir ayrılığını aradan götürməyə cəhd göstərdiyini görmüş olarıq.
Onlar həmçinin Azərbaycan və digər şiə bölgələrində də nüfuzludular. Azərbaycanda Əli al-Sistani daha nüfuzlu mərceyi-təqlid olaraq qəbul edilir, səbəbi də onun dövlət başçısı olmamağıdır.
Bunları deməyimin səbəbi isə odur ki, İranı düzgün başa düşmək lazımdır. Fərz edək ki, İranda dini rejim məğlub edildi və hakimiyyətdən göndərildi. Bununla məsələ həll olacaqmı? Ya da yenidən şahlıq rejimi bərpa edilsə, Rza Pəhləvi hakimiyyətə gəlsə, nüfuza qarşı nə kimi addım atacaq? İran xalqına özünü qəbul etdirmək üçün şiə kimliyindən istifadə etməyəcəkmi? İstifadə edərsə, rəhbər olaraq kimi seçəcək?
Bu baxımdan İranın bölünməyi mənə inandırıcı gəlmir. Yəqin ki, qərblə uyğunlaşacaq daxildən bir şəxsin seçilməyinə çalışacaqlar. İranın bölünməyi, nə qədər qəribə səslənsə də, nə Azərbaycan, nə də Türkiyənin marağına uyğun olduğunu düşünmürəm. Fərqli qütblər İranın azərbaycanlı nüfuzuna görə oranın İrandan ayrılmalı olduğunu, ya Azərbaycana birləşməli, ya da müstəqil dövlət olmağını müdafiə etsə də, buna Azərbaycan və Türkiyənin maraqlı olmadığını müşahidə etmişəm. Səbəbi isə sadədir. Türkiyə başa düşür ki, İran bölünsə, yaranacaq dövlətlərdən biri Kürd dövləti olacaq ki, İraqdan sonra İranda da kürd dövlətinin yaranmağı, sıranın ona gələcəyinə işarədir. Türkiyə öz aqibətini düşündüyündən İranı bütöv olaraq görməyə maraqlı olacaq. Kürdləri isə silahlandıraraq onları İrana qarşı gücləndirmək istəyəcəklər, çünki İsrail və Tramp başa düşür ki, daxildən zəiflədə bilməsə, kənar müdaxilə ciddi təsir etməyəcək. Amerikanı uzunmüddətli bir müharibəyə razı sala bilməyəcək, buna görə də işi qısa müddətdə yekunlaşdırmağa çalışacaq.
Azərbaycan isə ondan sayca çox, siyasi düşüncəsi olan Azərbaycanı istəməyəcək. Hətta özünə birləşdirsə də. Azərbaycan hakimiyyəti onlarla bacara bilməyəcəyini bilir və onlara özünü qəbul etdirmək üçün güzəştə getsə, bugünkü Azərbaycanda da getməli olduğunu bilir ki, bu da demokratikləşməsi deməkdir. Halbuki Azərbaycan adicə mərkəzdən qaçmamağa çalışır ki, hər kəs və hər şey Bakıda olsun ki, rahat idarə edə bilsin, regionlara sıçramasın. İranda baş verəcək hadisə qaçqın problemini də özü ilə gətirəcək ki, burada da yenə Azərbaycan və Türkiyə ciddi təsirlə üz-üzə qalacaq.
Azərbaycan və Türkiyə bu müharibədə tərəf ola bilərmi?
Çətin sualdır. Azərbaycan bu müharibədən maksimum kənar durmağa çalışacaq. Çünki İranla müharibə etmək onu böhrana soxa bilər. Ermənistan ilə müharibə üçün illərdir hazırlıq etmişdi, amma İran qat-qat güclü ölkədir. İsrail-Amerikanın dəstəyi ilə də olsa, ağır zərər görər, hətta İrandan daha çox dağıntı və insan tələfatına gətirib çıxara bilər.
İranın Türkiyə və ya Azərbaycana qarşı mövqeyi əslində “proxy” olsa da, bombaladığı Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycanı və Türkiyəni hədəf almaq istəməyəcək. Azərbaycan və Türkiyəyə düşən dronların isə məqsədli olaraq tərəflər arasında münasibət korlansın deyə edildiyini düşünürəm ki, münaqişəyə cəlb edilsin. İranın isə dövlət olaraq bunu istədiyini düşünmürəm. Səbəb təkcə onlarla münasibəti korlamaq deyil, onları münaqişədə tərəf etməməkdir. Amerikanın Türkiyədə hərbi bazaları olsa da, oraları vurmaq istəməz. İlk növbədə NATO ölkəsidir, digər məsələ isə Türkiyə İran ilə quru sərhədi olan ölkədir. Amerika İrana girmək istəsə 2 ölkədən girməlidir. Türkiyə və ya Azərbaycan.
İranın Azərbaycan ilə münasibəti fərqli dövrlərdə pisləşib, yaxşılaşsa da, sabitliyin qorunmasına çalışılıb. Azərbaycandakı şiə inanclı şəxslərlə, qruplarla yaxınlığı isə həmin dindarların həbsi və ya başqa cür cəzalanmağı ilə nəticələnib. İranın Azərbaycanda birbaşa mövcud olduğu təşkilat isə Hizbullahın bir qolu sayılan Hüseyniyyun və ya Hüseynçilər təşkilatı olaraq adlandırılan Azərbaycan İslam Müqavimət Hərəkatıdır. Azərbaycanda icra başçısına qarşı sui-qəsd kimi fəaliyyəti ilə yanaşı, daha çox Suriyada İŞİD-ə qarşı mübarizədə fəaliyyəti ilə bilinib. Azərbaycanda nüfuzları xeyli olsa da, fəaliyyətlərini gizlin tutublar.
İranın bölünməyi Rusiyaya da təsir edəcək, regionda fərqli addımlar atmağa məcbur buraxacaq. İran kimi müttəfiqini itirməyi ona Ukraynada itirdiyi nüfuzundan sonra ciddi zərbə vuracaq. Lakin Amerikanın əsl məqsədi nə Rusiyanı zəiflətmək, nə də İrandakı dindarlar deyil. Məqsəd Çindir. Çin ilə əməkdaşlıq etmək, Çinə neft satmaq Amerika üçün kifayət qədər problemdir. İran rejimi istiqaməti Amerika və İsrailə qarşı olmaqda deyil, onlarla əməkdaşlıq etməkdə tutsaydı, neftini Amerikaya satsaydı heç bir problem yaşamayacaqdı və yenə İranı islami rejimdə idarə edəcək, istədiyini edam edə biləcəkdi.
Yeni İran…
Ayətullah Xameneidən sonra rəhbər olaraq kimin gələcəyi ilə bağlı fərqli fərziyələr olsa da, nəticədə Xameneinin oğlu Müctəba Xamenei seçildi. Bu seçim bir çox dairədə belə bir fikir yaratdı ki, monarxiya rejimi devrildikdən sonra ölkə yenidən monarxiyaya bənzər üsulla idarə olunur. Lakin hələlik bununla bağlı ciddi etiraz səslənmir. İrandakı sabitliyi və atəşkəsi bərpa edənə qədər şəxslər müvəqqəti və qeyri-müəyyən olaraq qalacaq. Trampın müsahibəsində dediyi kimi, namizədlər çoxdur, onlardan hansının seçiləcəyini axırda biləcəyik. Bu namizədlər arasında Rza Pəhləvi fərqlənsə də, mənə görə ən ideal namizəd hazırki prezident Pezeşkiandır. İslami rejimi süquta uğratdıqdan sonra onun hakimiyyətini tanıyıb, saxlamaq ən ideal variant olacaq. Həm regionda sevilən, həm də digər ölkələrlə münasibət qura biləcək şəxsdir. İbrahim Rəisinin ölümü, ondan sonra hakimiyyətə gəlməyi və Azərbaycan əsilli olmağı maraqlı sual və baxış bucaqları yaradır.
İranın hazırki rejimi illərdir insanlara qarşı sərt rəftarı ilə tanınır. Siyasi fəaliyyətin məhdudlaşdırılması, insanların həbs edilməsi, edam edilməsi kimi addımlarıyla insan haqları təşkilatlarının hesabatlarına adını hər il saldırmağı bacarıb. Qadınlara qarşı münasibəti, onların haqlarının tapdalanmağı dəfələrlə etirazla nəticələnsə də, sərt müdaxilə ilə susdurulmuşdur. Bu səbəbdən yeni İran dövründə rəhbərlik edəcək şəxsin qarşısında duracaq əsas məsələlərdən biri də insan haqları olacaq.