Rəsmi məlumatlar göstərir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun qardaşı Natiq Hümmətova məxsus “HN Construction” və “NN Group” şirkətləri dövlət tenderlərində ümumilikdə 198,4 milyon manatdan çox sifariş alıb.
Elm və Təhsil Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Zəngilan şəhərindəki tam orta məktəbin mebel və avadanlıqla təminatı “HN Construction” QSC-yə həvalə olunub.
Dövlət satınalmaları portalında avqustun 25-də açıqlanan nəticəyə görə, müqavilənin dəyəri 2 milyon 78 min 569 manat 88 qəpikdir.
“HN Construction” üçün Zəngilan məktəbi yeni layihə deyil. Məktəbin özünü də bu şirkət tikib.
Satınalma portalının məlumatlarına görə, 2023-cü ilin dekabrında Zəngilan şəhərində 960 şagirdlik tam orta məktəbin tikintisi üçün “HN Construction” şirkəti ilə 11 milyon 609 min 543 manat 52 qəpiklik müqavilə bağlanıb.
Beləliklə, yalnız bu məktəbin tikintisi, mebel və avadanlıqla təminatı üzrə “HN Construction”a verilən iki sifarişin ümumi dəyəri 13 milyon 688 min manatı keçir.
Şirkətin dövlət sifarişləri bununla məhdudlaşmır.
Məktəblərdən yaşayış komplekslərinə
“HN Construction” son illərdə müxtəlif dövlət qurumlarından iri tikinti sifarişləri alıb.
2024-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində 360 şagirdlik məktəbin tikintisini şirkətə 4 milyon 503 min 699 manata həvalə edib.
2022-ci ildə isə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “HN Construction” arasında Laçın rayonu, Zabux kəndindəki məktəbin layihələndirilməsi və bərpası 1 milyon 100 min 845 manatlıq, Laçın şəhərindəki 2 nömrəli məktəb üçün isə 4 milyon 128 min 350 manatlıq müqavilələr bağlanıb.
Ancaq şirkətin satınalma tarixçəsində əsas sifarişçilərdən biri Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC-dir.
Portal məlumatlarında “HN Construction”ın MİDA-dan Bakı, Sumqayıt, Gəncə və Şirvanda yaşayış binaları, məktəblər və uşaq bağçalarının tikintisi üzrə çoxmilyonluq müqavilələr aldığı görünür.
Məsələn, 2023-cü ildə Şirvanda altı çoxmənzilli yaşayış binasının tikintisi şirkətə 20 milyon 925 min manata həvalə olunub.
Həmin ilin sonunda Binəqədi qəsəbəsində 960 şagirdlik məktəbin tikintisi və avadanlıqla təchizatı üçün şirkətlə 7 milyon 814 min 968 manatlıq müqavilə bağlanıb.
2022-ci ildə Sumqayıtdakı yaşayış kompleksinin tikintisi üzrə müqavilənin dəyəri 13 milyon 637 min 770 manat olub.
Satınalma çıxarışlarında 2019-2025-ci illər üzrə “HN Construction”la bağlı görünən müqavilə qeydlərinin nominal cəmi 138,7 milyon manatdan çoxdur.
Şirkətin arxasında kim dayanıb?
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “HN Construction” 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 manatdır.
Şirkətin hüquqi ünvanı Bakının Binəqədi rayonunda, Binəqədi şossesi, ev 185, mənzil 14-də yerləşir. Hazırkı qanuni təmsilçisi Elşən Oqtay oğlu Məmmədovdur.
Lakin şirkətin əvvəlki tarixçəsində başqa bir ad var.
Reyestr məlumatlarında şirkətin əvvəlcə “HN Group” MMC adlandığı, Natiq Məhəmməd oğlu Hümmətovun isə onun təsisçisi və qanuni təmsilçisi olduğu göstərilir.
Natiq Hümmətov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun qardaşıdır.
Namiq Hümmətov hazırda da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Komitənin rəsmi məlumatına görə, o, Prezident İlham Əliyevin 4 iyun 2020-ci il sərəncamı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl isə tikinti və şəhərsalma sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Açıq reyestr məlumatları Namiq Hümmətovun hazırda “HN Construction”ın səhmdarı və ya hüquqi sahibi olduğunu göstərmir. Onun şirkətin qazandığı tenderlərə təsir göstərib-göstərmədiyi isə açıq suallar arasındadır.
Şirkətin Hümmətov ailəsi ilə əlaqələndirilməsinin əsasında onun ilkin korporativ tarixçəsində Natiq Hümmətovun adının olması rol oynayır.
Milyonlar qazanan digər şirkət – “NN Group”
Natiq Hümmətovun adı “NN Group” MMC-nin tarixçəsində də keçir.
Reyestr məlumatlarında o, bu şirkətin də ilkin təsisçisi və qanuni təmsilçisi kimi göstərilir. Sonrakı dövrdə qanuni təmsilçi dəyişib.
“NN Group” isə “HN Construction”dan daha əvvəl fəaliyyətə başlayıb.
2013-cü ildə rəsmi mətbuat şirkət barədə hazırladığı materialda “NN Group”un 2008-ci ildən fəaliyyət göstərdiyini yazıb. Şirkətin nümayəndəsi Rəsul Aslanov həmin vaxt bildirib ki, müəssisə kiçik tikinti işlərindən iri komplekslərin inşasınadək müxtəlif layihələr həyata keçirir.
Aslanov şirkətin “CLC Caspian”, “DİA Holding”, “Akkord”, “Azəriqaz” və “Azərsu” kimi qurumlarla əməkdaşlıq etdiyini də deyib. “Dəqiqlik və keyfiyyət” şirkətin əsas məqsədi kimi təqdim olunub. Bunlar AZƏRTAC-ın müstəqil qiymətləndirməsi deyil, şirkət nümayəndəsinin həmin vaxt verdiyi açıqlamadır.
Sonrakı illərdə “NN Group” dövlət tikinti layihələrində, xüsusilə MİDA-nın satınalmalarında görünməyə başlayıb.
Təqdim olunan satınalma məlumatlarına görə, şirkət Hövsanda yaşayış binasının tikintisinə 13 milyon 655 min manatlıq, Yasamal Yaşayış Kompleksində 1200 şagirdlik məktəbin tikintisi və avadanlıqla təminatına isə 7 milyon 247 min manatlıq müqavilələr əldə edib.
Bundan əlavə, “NN Group” “Amal Group”la konsorsium şəklində Sumqayıt və Gəncədə yaşayış binalarının tikintisi layihələrində iştirak edib.
“NN Group”un təkbaşına və “Amal Group”la birlikdə iştirak etdiyi göstərilən müqavilələrin ümumi dəyəri 59 milyon 753 min manatdan çoxdur.
İki şirkət, eyni ailə adı
Beləliklə, dövlət satınalmalarında iki şirkətin adı paralel görünür – “HN Construction” və “NN Group”.
Şirkətlərin adlarındakı abreviaturalar da Hümmətov qardaşları ilə bağlı ehtimalları gücləndirən detallardan biridir. “HN Construction” və ya əvvəlki adı ilə “HN Group” olan şirkətin “HN” abreviaturasının Natiq Hümmətovun ad və soyadının baş hərflərindən yaranıb. “NN Group” adındakı “NN” abreviaturası isə Namiq və Natiq Hümmətov qardaşlarının adlarının baş hərflərini ehtiva edir.
Hər iki şirkətin korporativ tarixçəsində Natiq Hümmətovun adı keçir. Onun qardaşı Namiq Hümmətov isə 2020-ci ildən ölkənin tikinti və şəhərsalma sahəsində əsas dövlət qurumlarından biri olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir.
Təqdim edilən satınalma məlumatlarında “HN Construction” üzrə müqavilə qeydlərinin nominal məbləği 138,7 milyon manata, “NN Group”un təkbaşına və konsorsium şəklində iştirak etdiyi məlum müqavilələrin dəyəri isə 59,7 milyon manata çatır.
Bu rəqəmlər birlikdə 198,4 milyon manatdan çox edir. Hümmətov ailəsi ilə korporativ tarixçəsi vasitəsilə əlaqələndirilən hər iki şirkət uzun illər ərzində iri dövlət tikinti layihələrində iştirak edib.