“Bir ildir ki, maşınım saxta sənədlə başqası tərəfindən idarə olunur”

“Maşın axtarışda ola-ola Ramal tərəfindən saxta sənədlə başqasına satılıb”.

Source: Specify Source


Göyçay sakininin iddiasına görə, maşını dələduzluqla ələ keçirilib, saxta sənədlə idarə olunur, polis buna göz yumur

“Maşını dələduzluqla ələ keçirən şəxs onu saxta sənədlə başqasına satıb. Avtomobilim 1 ildir ki, saxta sənədlə başqası tərəfindən sərbəst idarə edilir. Polisə müraciət edirəm, deyir, maşını harda görsən, xəbər elə, gələk. Gördüm, xəbər elədim, gəldilər, maşının açarlarını sürücünün əlindən aldılar, sonra aralarında nə danışdılar, bilmədim, açarları qaytarıb, getdilər. Nə vaxt müraciət etsəm, yalandan bir məktub göndərirlər ki, guya maşını axtarırlar. Kiçik bir ölkədə 1 ildən çoxdur ki, ortalıqda dolaşan maşını guya tapa bilmirlər”.

Göyçay rayon sakini Şahmar Şamilov Meydan TV-yə danışır ki, 2015-ci ildə “Zamin bank”ın Bakı şəhəri, Xırdalan filialından dostu Nazim Şəmmədovun adına kredit yolu ilə ümumi dəyəri 10.700 manat olan “Mercedes Benz C-230” markalı, “99 EL 613” dövlət qeydiyyat nişanlı avtomobil götürüb. 2018-ci ilin sonunadək ümumi borcdan 8500 manat ödəyib, borcun qalan hissəsi olan 2200 manatı ödəyə bilmədiyi üçün bankın əməkdaşları təklif ediblər ki, maşını satıb borcu ödəsin. O da razılaşıb və maşına müştəri axtarmağa başlayıb.


“Bankın borcunu bağlamalı, mənə 1000 manat ödəməli idi”

“Dostum mənə mülki etibarnamə vermişdi, maşını etibarnaməylə idarə edirdim. 2018-ci ilin yanvarında maşını usta yanına aparmışdım. Orada maşının banka olan borcu mövzusu ortaya düşdü. Usta maşına Ramal adında bir müştəri tapdı. Ramalla belə razılaşdıq ki, bankın qalan borcunu bağlayacaq, mənə də 1000 manat ödəyəcək, ondan sonra maşın onundur. Dostum Nazim Şəmmədov Ramala mülki etibarnamə verdi, tapşırdı ki, get bankın borcunu bağla, maşın tam mülkiyyətimə keçəndə sənin adına rəsmiləşdirərik. Ramal “ödəyərəm”, deyib getdi. 3 gündən sonra ödəniş etmədiyini görüb, dostum mülki etibarnaməni ləğv etdirdi. Həmin vaxt xəbər tutduq ki, prezidentin qərarı çıxıb, müştərilərin banklara dollarla kredit borcu olan və devalvasiyadan sonra artan borcları silinir. Beləcə, dostumun adına olan kredit borcu bağlandı. Bir gün dayım ustanın yanına getdi ki, maşını götürsün, usta dedi, Ramal səndən əvvəl gəlib, əlindəko kağızı (qüvvədən düşmüş mülki etibarnaməni) göstərib, maşın artıq mənimdir, deyib, açarları aldı, maşını sürüb, getdi”, – şikayətçi danışır.

image_from_ios (8).jpg
“Müraciət etmədiyimiz qurum qalmamışdı”.


“Polislər axtarışda olan maşını sərbəst buraxdılar”

Şahmar Şamilov maşının dələduzluqla ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Polisdən ona avtomobilə həbs qoyulduğu bildirilib. Ancaq 3 ay sonra – 2019-cu ilin mart ayında o, maşının Kürdəmir sakini Anar Kərimova satıldığını öyrənib:

“Maşın axtarışda ola-ola Ramal tərəfindən saxta sənədlə başqasına satılıb. Müraciət etmədiyimiz qurum qalmamışdı. Polis deyirdi, maşını tapa bilmirik, özün harda görsən, xəbər elə, gələk. Bir dəfə Bakıda restoranlardan birinin qarşısında gördüm, DİN 102 xidmətinə zəng vurdum, ünvanı dedim, az sonra polislər maşının ətrafına tökülüşdü. Anar Kərimovla nə danışdılarsa, nəticədə maşının açarlarını ona qaytardılar, o da sürüb, çıxıb getdi”.


“Hər dəfə polisə çağırıb deyirlər, “hər şeyi təzədən danış”

Şahmar Şamilovun sözlərinə görə, hansı quruma müraciət edirsə, onu Göyçay Rayon Polis Şöbəsinə dəvət edib, “hər şeyi təzədən danış”, deyib, olanları təkrar-təkrar yazdırırlar. Ancaq ortada heç bir nəticə yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsindən Meydan TV-yə bildirilib ki, qanunsuz idarə olunan “Mercedes Benz C-230” markalı, “99 RL 613” dövlət qeydiyyat nişanlı avtomobilin qısa müddətdə saxlanması üçün DYPİ-nin şəxsi heyəti təlimatlandırılıb.

Ana səhifəİqtisadiyyat“Bir ildir ki, maşınım saxta sənədlə başqası tərəfindən idarə olunur”