Bir il ərzində sınmayan Ukrayna

Hazırda Ukrayna postsovet ölkələri arasında artıq tamamilə çürümüş sovet kleptokratiyasını yenə biləcək əsas, bəlkə də yeganə ölkədir

Source:

Yaxın günlərdə yaradıcılıq ezamiyyətində olduğum Xarkovdan geri döndüm. Müharibə bölgəsinin yaxınlığında yerləşən, həcminə görə Ukraynanın ikinci şəhərində beynəlxalq müasir musiqi festivalı keçirilirdi: “Kharkiv contemporary – 2015” və orada premyerası keçən ilin sonunda Bakıda olmuş “Təsbeh oyunu” simfoniyası səsləndirildi, səfərim də bu səbəbdən idi.

Bu ölkə ilə tanışlığım uzun illər öncə baş versə də, demək olar ki, bütün iri şəhərlərində (Kiyev, Lvov,Odessa, Zaporojye, Dnepropetrovsk, Nikolayev, Xerson və s.) dəfələrlə olmağıma rəğmən, hazırda cəhbə bölgəsinə yaxın olan Xarkov bu siyahıda istisna idi. O səbəbdən hökmən oraya getmək qərarını verdim.

Ukraynada keçən birilki gərgin hadisələr (əslində müstəqillik uğrunda müharibə) müasir dünya siyasətinin diqqət mərkəzində olan məsələdir və şübhəsiz ki, ən yeni dünya tarixinin ağır səhifələridir. Keçən il ərzində bu ölkə və orada baş verənlər istisnasız olaraq bütün böyük güclərin diqqət mərkəzində olub. Azərbaycanda, bizim vətənimizdə illər öncə baş vermiş və hazırda da davam edən faciələr, bizim problemlərimiz hazırda Ukraynada baş verən ssenari ilə edilib və bu problemlərin kökü şübhəsiz ki, eyni qaynaqdandır, bu haqda bir il öncə

yazmışdım

.

Son aylar Ukraynada nisbi sakitlik vardı və gərginliyi çətinliklə də olsa, siyasi müstəviyə keçirmək mümkün olmuşdu. İstənilən halda danışıqlar (əlbəttə, bizimki kimi az qala əsrin dörddə biri qədər uzanmasa) qan tökülməsindən daha yaxşıdır. 2014-cü ilin qışından böyük siyasi çəkişmələrin meydanına çevrilmiş bu ölkə indiyə kimi az qurbanlar verməyib. Amma səfərə çıxmazdan cəmi iki gün öncə Ukraynanın şərqində atəşkəs yenidən pozuldu və hər iki tərəfdən sayı yüzü keçən qədər təlafat baş verdi. Sonrakı günlərdə isə Luqansk və Donetsk separatçıları Ukrayna konstitusiyasına, Donbass bölgəsinin Ukrayna tərkibində xüsusi status almasını nəzərdə tutan əlavələr və dəyişikliklər edilməsi təklifini irəli sürüb, elə sabahı günü də “Məqsədimiz əslində Ukraynada muxtariyyət almaq deyil, sadəcə danışıqları aparmaq üçün bunları deyirik ” – bəyanatını da veriblər. Separatçılar tərəfindən belə fikirlərin bildirilməsi əsla təəccüblü deyil, bu işlərdə hər halda gördüyümüzü görmüşük, məsələlərin məntiqini izləmək də çox sadədir – Kremldəki ağaları, sanki kukla teatrındakı nazik telləri barmaqlarının jestləri ilə tərpədərək, bu personajları istənilən zaman və istənilən mövzuda dilə gətirir. Əsla fərq etməz, Donbass olsun, ya Qarabağ, Osetiya olsun və ya Dnestryanı. Üslub və metodlar eynidir.

Əlbəttə ki, bir il ərzində baş vermiş şiddət, gərgin qarşıdurma və qurbanlara rəğmən Ukrayna hakimiyyəti separatçıların kökünü kəsə bilmədi, əslində belə olacağını da öncədən görmək mümkün idi. Rusiyanın hakim dairələri bu müharibəni separatçıların uduzması üçün başlamamışdılar və aydın idi ki, eynilə Qarabağda olduğu kimi, ölkəni parçalayanların müdafiəsi üçün hər şey ediləcək. Bu dərsləri çox öncələr keçmiş toplum olaraq bizim üçün burada təəccüblü bir iş yox idi. Azərbaycanda, əgər xatırlayırsınızsa hər şey məhz belə ssenari ilə baş vermişdi. Bundan sonra ölkənin parçalanması və diz çökdürülməsi nəzərdə tutulurdu – bizdə edilən kimi.

Lakin ilginc olanı və çağdaş rus elitasını az qala isterikaya gətirəni – bu il ərzində müstəsna basqılara və cəbhədəki kifayət qədər ağır məğlubiyyətlərə düçar olmasına (İlovaysk, Saur-Moqila, Debaltsevo, müdafiəsi uzun aylar sürən strateji Donetsk aeroportunun itirilməsi və b.) və eyni zamanda Rusiyanın milyardlarla büdcəlik total təbliğat maşınının Ukrayna əleyhinə gecə-gündüz dayanmadan işləməsinə rəğmən, Ukraynanı tamamilə parçalamaq və diz çökdürmək mümkün olmadı. Bunun tam əksi baş verdi. Məhz bu dövr ərzində ölkə Rusiyanın cazibəsindən 180 dərəcə əks istiqamətə – Avropaya doğru hərəkət etdi. Ukraynadakı sonuncu qalmaqallı siyasi təyinat isə – Putinin şəxsi düşməni Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoruna çevrilməsi – sonuncu rus çarına çox kəskin mesajdır. Yeri gəlmişkən, odessalı dostlardan bu təyinat və ona münasibət haqda soruşanda, hamısında az qala coşqu gördüm.


“Maydan” (2014) filmi, rejissor Sergey Loznitsa

Son illərə qədər demək olar ki, heç kimin gözləmədiyi bu konfliktin səbəblərini öyrənmək üçün kiçik bir tarixi ekskurs gərək olacaq. Doğrudan da, görəsən 300 illik dostluq-birlikləri hələ 1954-cü ildə qeyd edilmiş (məhz o tarixdə N.Xruşşovun təşəbbüsü ilə Krım yarımadası Ukraynanın tərkibinə keçirilmişdi) və həqiqətən çox dərin bağlılığı (eynilə bizim qardaş Türkiyə ilə olan bağlılığımız kimi – dil, din, mental və s. faktorlarla) mövcud olan bu iki xalqı qarşı-qarşıya gətirən nədir?

Ukraynada erkən sovet illərində, 1932/33-cü illərdə baş vermiş

Golodomor (Голодомор в Україні, 1932-33 років)

, yəni törədilmiş kütləvi aclıq haqda ilk dəfə A.Soljenitsının “Arxipelaq GULAG” əsərində oxumuşdum. Oxuduqlarım faktlardan həqiqətən dəhşətə gəlmişdim – bolşevizmə nifrətim o zamandan başlandı. SSRİ ərazisində ilk dəfə 1989-cu ildə “Новый Мир” jurnalında dərc edilmiş bu əsərdə, o zaman çox gənc insan olan məni heyrətləndirən çox məsələlər vardı. Lakin bu hadisənin – Holodomorun məhvinin bolşeviklərlə bağlı olan heç bir məntiqi əsasını görmürdüm. Olduqca zəngin və bəhrəli bir təbiətə malik olan ölkənin insanları niyə kütləvi aclığa məruz qalmalı idilər ki?

Sonralar yaradıcılıq əlaqələrim yaranmış ukraynalı musiqiçi və sənət insanlarından bu haqda soruşanda demək olar ki, hamısı bir ağızdan bunun Rusiya tərəfindən qəsdən, ukraynalıların etnik mənada məhvi üçün edildiyini deyirdilər. Buna inanmaq çətin idi, lakin dirijor və bəstəkar Volodımır Runçakla 2007-ci ildəki şəxsi söhbətlərimiz (məndən ona Qarabağ münaqişəsinin səbəblərini anlatmağı xahiş etmişdi) zamanı daha da irəli gedərək, gələcəkdə mütləq bunun təkrarı və davamı, daha doğrusu, Rusiya-Ukrayna müharibəsinin qaçılmaz olacağını demişdi. O zaman bunu heç fantastik hipoteza kimi də qəbul edə bilmirdim, lakin sonradan, Ukraynada Holodomorun necə baş verdiyini və hansı nəticələrə gətirdiyini öyrənəndən sonra, problemin həqiqi mənzərəsi və miqyasını anlamağa başladım. Dəqiq hesabı bilinməyən (təxmini hesablamalara görə qurbanların sayı 6 000000-u keçir, bəli, bu qədər fantastik görünən rəqəm!) bu miqyaslı faciə istənilən xalqın şüurunda silinməz bir izlər buraxmalı idi. 2009-cu ildə Kiyevə səfərimdə isə bu dəhşətli faciənin xatirəsinə Lavrskaya küçəsində ucaldılmış memorialı ziyarət zamanı Holodomorun XX əsr ərzində bu ölkədə bir neçə dəfə (1921-1923, 1946-1947 və qeyd etdiyimiz 1932-1933-cü illər) baş verdiyini də öyrəndim. Bütün bu hadisələrə 1939-41-ci illərdə Polşa ərazisində yerləşən Qərbi Ukraynanın (Qalisiya, Karpatı vilayətləri və s.) işğalı zamanı NKVD-nin törətdiyi cinayətləri, eyni zamanda uzun illər ərzində assimilyasiya siyasətini və istisnasız olaraq bütün böyük şəhərlərdə xalqın dilinin demək olar ki, tamamilə itirilməsini də əlavə etsək, mənzərə tam aydın olar.

Keçən yazıda kifayət qədər yaxın olmuş bu iki xalqın tarixi anlamda başlıca fərqli cəhətini qeyd etmişdim – bunlar Rusiyanın əbədi-əzəli mütləqiyyət-təhkimçilik (bunun müxtəlif formaları ola bilər) idarə forması və

українська вольниця

(azad kozakların yaşadığı həyat forması) idi ki, ən yeni tarix də bunu sübut etdi. SSRİ-nin dağılmasından sonra yaranmış nisbi azadlıqları daim məhdudlaşdırıb, yenidən hər vasitə ilə təhkimçiliyə can atan rus cəmiyyəti və tam əksinə, son 10 ildə azadlığını əldə etmək üçün qışın ən ayaz vaxtı Maydana yığılan və məqsədinə nail olmamış oradan getməyən ukraynalıların toplumu. Fərq göz önündədir.

Maydan hadisələrinin tarixi miqyası və müasir dövr üçün necə dərin anlamları özündə ehtivasının dərki üçün son illərin görkəmli Ukrayna rejissoru Sergey Loznitzanın 2014-cü ildə lentə aldığı sənədli “Maydan” filminə baxmağı hamıya tövsiyə edərdim. Demək olar ki, bütünlüklə statik kamera ilə çəkilmiş bu film dörd hissədən ibarətdir: Proloq («Пролог»), “Təntənə” («Торжество»), “Hərbi əməliyyatlar” («Бойові дії») və Poscriptum («Постскриптум»). Elə premyerasında, keçən ilin yazında Kann festivalında ilk nümayişi zamanı böyük uğur qazanmışdı. Bundan başqa, Ukrayna hadisələri ilə maraqlananlar üçün “

Вавилон’13

” qrupunun çəkdiyi, başlıqlarında söz və mənalar oyunu olan iki qısametrajlı filmi də izləmək gərəkdir – «Зима, що нас змінила» (2013/14) və «Наша Надія» (2015).

Hazırda Donbassın 35%-i separatçıların nəzarətindədir və ərazisində iki cinayətkar qurumun – “Luqansk Xalq Respublikası” (ЛНР) və “Donetsk Xalq Respublikası” (ДНР) – yarandığı bu bölgə, Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edir. Ümumiyyətlə isə, Krımı saymasaq, separatçılar və rusiyalı hərbçilər tərədindən bu ölkənin 47 000 kv. km. ərazisi işğal edilmişdir. Müqayisə üçün deyək ki, miqyasca bu, məsələn, Estoniyanın, Hollandiyanın və ya İsveçrənin ərazisindən daha böyük bir ərazidir. Lakin separatçıların (daha doğrusu, Putinin) bu “uğuruna” rəğmən, hələ keçən ilin yazında Rusiya elitası arasında böyük coşğu ilə gəzən “Rus dünyası” («Русский Мир») və “Yeni Rusiya” («Новороссия») layihələri göz görəsi puça çıxır. Rus mediası daha onlar haqda, ümumiyyətlə, bəhs etmir.

Xarkovda gördüklərimdən çox heyrətləndim. Doğrusu, orada həqiqi bir sovet monstru görəcəyimdən əmindim, istər arxitektur, istər insani mənada. Lakin bunun tamamilə əksinin şahidi oldum – gözəl arxitekturalı, tamamilə təmiz və səliqəli şəhər, gülərüz, əsla aqressiv (müharibə gedən zaman belə olması əslində doğaldır) olmayan insanlar. Şəhər əsasən rusdillidir, demək olar ki, hamı rusca danışır, yazıların da yarıdan çoxu ruscadır və Rusiya təbliğat maşınının ilboyu dediklərinə rəğmən, mərkəzi hakimiyyət tərəfindən buna heç bir maneə yoxdur.

Hazırda Ukrayna postsovet ölkələri arasında artıq tamamilə çürümüş sovet kleptokratiyasını yenə biləcək əsas, bəlkə də yeganə ölkədir. Gürcüstanda baş vermiş reformalar bizi buna inanmağa vadar edir. Bu kiçik ölkədə baş verənlərin bizdə necə də əks-səda verdiyini xatırlayaq. Əgər Ukrayna, orada baş verən həqiqi dəyişikliklər, demokratik islahatlar davamlı olarsa, başlıcası, bu ölkə çürümüş keçmişin rəmzi olan separatçı virusunu bütün postsovet məkanında ilk olaraq yenə bilsə, – o zaman bizlərə, Azərbaycana da müsbət dəyikliklərə ümid yeri qalır.

Ana səhifəXəbərlərBir il ərzində sınmayan Ukrayna