Bir ay ərzində dövlət qurumları 2 milyonluq yeni avtomobillər alıb

Foto-kollaj: Meydan TV

Bitən “NAZ-Lifan” mifi və üstünlük verilən xarici markalar

Son günlər dövlət satınalmalarının vahid internet portalında dövlət qurumlarının bahalı avtomobillərinin satın alınması üzrə yerləşdirilən tender müsabiqələrinin sayı çoxalıb.

Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və geniş müzakirələrə səbəb olan bu mövzunu araşdırmağa çalışmışıq.

Hansı dövlət qurumları nə qədər və hansı avtomobil markalarını satın alıb?

Keçən ay, 2024-cü il dekabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 4 ədəd “Sedan tipli xidməti avtomobillərin satın alınması” tenderinin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, tenderin qalibi “Lexus-Bakı” MMC olub.

Qalib şirkətlə 448 min 800 manat məbləğində müqavilə imzalanıb.

Həmçinin dekabrın 24-də isə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 3 ədəd “Hibrid mühərrikli avtomobillərin satın alınması” tenderinin nəticələrini elan edib.

Bu dəfə tenderin qalibi “Toyota Abşeron Mərkəzi” MMC olub.

Qalib şirkətlə 206 min 700 manat məbləğində müqavilə imzalanıb. Beləliklə, Qida Təhlükəsizliyi İnstitutu son ayda ümumi 7 ədəd avtomobil alıb, ümumilikdə 655 min 500 manatlıq vəsait xərcləyib.

Detalları gizli saxlanılan tenderlər…

Bahalı avtomobil alan növbəti qurum isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

İdarə “Toyota Abşeron Center” MMC şirkətindən 233 min 100 manat müqabilində Toyota (Camry) adlı nəqliyyat vasitələri satın alıb. Lakin Dövlət Satınalma Portalının məlumatına görə, tender portaldan kənar, yəni “Bir mənbə” satınalma metodu kimi qeyd olunub, elektron satınalma deyil. Belə olduğu təqdirdə tenderin necə, hansı şərtlərlə keçirildiyi, nə qədər avtomobil sifariş edildiyi və digər detallar gizli saxlanılır.

“Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bu şirkət isə 200 min manat məbləğindən artıq müqavilə imzalayıb, tender keçirib.

Daha bir qurum, DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi keçən ay, dekabrın 29-u “Sedan tipli nəqliyyat vasitəsinin satınalınması” tenderini keçirib və qalib şirkət yenə “Toyota Abşeron Mərkəzi” MMC olub.

Qalib şirkətlə 82 min 600 manat məbləğində müqavilə imzalanıb.

Müqaviləyə əsasən 2 ədəd sedan tipli minik avtomobili satın alınıb.

Bundan əlavə, DOST agentliyi keçən ay, dekabrın 25-i daha bir “Minivan tipli nəqliyyat vasitələrinin satınalınması” üzrə tender keçirib.

Bu dəfə qalib şirkət “Autouniversal” MMC olub.

Qalib şirkətə 4 ədəd minivan tipli minik avtomobili üçün 169 min 600 manat ödənilib.

Ədliyyə Nazirliyi ötən ay, dekabrın 25-i dövlət satınalma portalından kənar olaraq tender keçirib və “Toyota RAV4 HYBRID” markalı nəqliyyat vasitəsi satın alıb.

Qalib şirkət olan “Toyota Bakı Mərkəzi” MMC üçün tenderə 60 min manat vəsait ödənilib.

Növbəti dövlət qurumu isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Agentlik ötən ay, dekabrın 13-ü “”Toyota Camry 2.5H” markalı avtomobilin satınalınması” üzrə tenderə yekun vurub.

Qalib şirkət “Toyota Bakı Mərkəzi” MMC-yə bu avtomobil üçün 82 min 450 manat ödənilib.

Ötən ay, dekabrın 9-u Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün sedan tipli xidməti minik avtomobillərinin satın alınması üzrə tender keçirilib və 14 ədəd avtomobil satın alınıb.

Qalib elan edilən şirkət,  “Toyota Abşeron Mərkəzi” MMC-yə avtomobillər üçün 567 min manat vəsait ödənilib.

Azərbaycan Respublikasının Gənclər Fondu da yeni avtomobil alanlar siyahısındadır.

Ötən ay, dekabr ayının 4-ü Fond “Toyota Camry Hybrid Premium HEV markalı nəqliyyat vasitəsinin satın alınması” tenderini keçirib.

“Toyota Abşeron Mərkəzi” MMC adlı şirkətə bunun üçün 78 min 100 manat vəsait ödənilib.

Beləliklə, dövlət qurumları son bir ay ərzində 2 milyon manatlıq yeni avtomobillərə sahib olublar.

Bütün bu məlumatlar dövlət satınalmalarının vahid internet portalında açıq mənbələrdən əldə olunub.

İllər öncə dövlət başçısı İlham Əliyev dövlət qurumlarına və məmurlara yerli istehsal olan “NAZ-Lifan” avtomobili almağı tövsiyə etmişdi. Lakin sonradan həmin avtomobilləri biz ölkə başçısının timsalında daha çox Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hədiyyələr edildiyi mərasimlərdə gördük.

Rəsmi mənbələrə istinadən isə dövlət qurumlarının daha çox “Toyota” markalı yapon istehsalı olan avtomobillərə üstünlük verdikləri müşahidə olunur.

Ana səhifəXəbərlərBir ay ərzində dövlət qurumları 2 milyonluq yeni avtomobillər alıb