Ana: “Türkiyə həkimləri müalicə üçün ümid verirlər, ancaq…”
4 yaşlı Ömər Məmmədli 2 ildir xərçəng xəstəliyindən əziyyət çəkir. Xərçəng öd yolları və qara ciyərinə yayıldığından əməliyyat olunub. Ailəsinin Öməri müalicə etdirməyə imkanı yoxdur.
Meydan TV-yə müraciət edən ana Sevinc Məmmədovanın sözlərinə görə, Ömər 16 kurs kimyaterapiya, 16 kurs şüa terapiyası alıb.
“Meydan TV-nin paylaşımları, o cümlədən sosial şəbəkələrdə edilən müraciətlərdən sonra yardım üçün pul toplandı. Ömərin müalicəsi davam etdirilirdi. İndi isə məlum olub ki, qaraciyərində yeni şiş əmələ gəlib. Türkiyə həkimləri müalicə üçün ümid verirlər, ancaq tam sağalması üçün 12 min manata ehtiyac var”,-S.Məmmədova deyib.
Ailə Ömərin ilk əməliyyatı, terapeyalar və dərmanlar üçün evdə olan bütün əşyaları satmaq məcburiyyətində qalıb. Ana bildirir ki, hazırda gündəlik dolanışıqlarını belə çətinliklə qarşılaya bilirlər: “Həyat yoldaşım 3-cü qrup əlildir, qazancı xərclərə yetmir. Uşağa ilk dəfə Sumqayıtda səhv diaqnoz qoyuldu və 2 ay hepatit diaqnozu ilə müalicə getdi. Sonra məlum oldu ki, diaqnoz yanlışdı, ödündə 3 santimetrlik törəmə var. Ötən ilin mayında əməliyyat edildi, öd axarı, qaraciyərin yarısı kəsildi. O zaman Ömərin xərçəng olduğunu öyrəndik”.
Ailənin daha bir azyaşlı övladı var. Ana deyir ki, ölkədəki bütün dövlət qurumlarına, fondlara müraciət etsə də, səsinə səs verən olmayıb:
“Xahiş edirəm, balamın yaşaması üçün köməklik göstərilsin. Bir ana üçün övladının ağrı-acısını görmək dəhşətli bir hissdir. Bu yaşında uşaq ağrıdan gecə səhərə kimi ağlayır.
Bakıda Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkoloji Klinikası açılıb. Klinikadan Meydan TV-yə cavab verməyiblər.
Azərbaycanda “Onkoloji yardım haqqında” qanun, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yaşı 15 yaşından aşağı olan təxminən 215 min uşaq, yaşı 15-dən 19-dək olan 85 min uşaq xərçəng xəsəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.
2020-ci ilin statistikasına görə, Azərbaycanda 13 yaşınadək olan 117, 14-17 yaşında olan 55 uşağa xərçəng diaqnozu qoyulub. 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb.