TƏBİB baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə 2 nəfər (1-i qadın cinsi – 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla – 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.
Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.
Dağıntılar altında qalan 2 nəfər xilas edilib
Aprelin 24-də saat 19 radələrində Biləsuvar rayonunda partlayış baş verib. Hadisə Heydər Əliyev prospekti 5 ünvanında yaşanıb.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının ilkin araşdırmalardan sonra gəldiyi nəticəyə görə, partlayış qaz sızması üzündən baş verib.
Hadisə ilə əlaqədar Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.
“İndiyə qədər dağıntılar altında qalan iki nəfər xilas edilərək, xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir”, – məlumatda bildirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.